Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:23

Təklənmiş demokrat öldü, ya öldürüldü?


Seyid Cəfər Pişəvəri
Ötən həftə «İz» proqramında efirə getmiş «Təklənmiş demokrat» verilişində Seyid Cəfər Pişəvərinin ölüm hadisəsinə vaxt azlığı səbəbindən ötəri toxunmuşduq. Həm öz istəyimizi, həm də dinləyici marağını nəzərə alıb, üstündən 62 il ötən o müdhiş 11 iyun tarixini daha ətraflı canlandırmağa qərar verdik. Bələdçimiz də dəyişmədi. Yenicə çapdan çıxmış «Seyid Cəfər Pişəvəri - Mübarizə burulğanlarında keçən ömür» kitabının müəllifi Əkrəm Rəhimli (Bije) dəvətimizi qəbul edib, təkrar «Azadlıq» radiosunun Bakı bürosuna gəldi. Beləliklə, «Təklənmiş demokrat öldü, ya öldürüldü?» sualının mümkün cavabını bilmək istəyənlər bu «İz»i qaçırmasınlar...

QƏZA, YA QƏSD?

Əkrəm Rəhimli deyir ki, bu sual 60 ildən çoxdur ki, sirri açılmayan müəmmalı ölümün ana sualıdır. Ona görə də, bu ölüm barədə bəzən bir-birinə ziddiyyət təşkil edən məlumat və yazıları açıqlamaqla oxucunun, ya da dinləyicinin öz cavabının olmasını daha üstün bilir.

Məsələ burasındadır ki, Azərbaycan Milli Hökumətinin süqutundan sonra Azərbaycan SSR-ə pənah gətirən fədailər 1947-ci ilin mart-aprel aylarında müxtəlif rayon və şəhərlərdə məskunlaşdırıldı. S.C. Pişəvərinin təklifi ilə onların arasından iki dəstə seçilib, biri Hacıkəndə, digəri Şəkiyə göndərildi. Bu dəstələr «Qızılbaşlar» adlanırdı və onlar Azərbaycanı işğal etmiş şah qoşununa qarşı müqavimət və partizan hərəkatı kimi hazırlaşdırılırdı. 1947-ci ilin iyununda Seyid Cəfərin Gəncəyə yollanmasından məqsəd də, həmin fədai dəstələrinə baş çəkmək, onlarda ruh yüksəkliyi yaratmaq idi.

İyunun 10-da DTK-nın nümayəndəsi Nuru Quliyev və general Qulam Yəhyanın müşayiətiylə Bakıdan Hacıkəndə yola çıxırlar. Yolüstü Goranboyda, Qazanbulaqda və Gəncədəki həmvətənlərə də baş çəkirlər. Hacıkənd düşərgəsindəki görüşdən sonra təzədən Gəncəyə dönürlər. Orada gecələyib sübh tezdən Yevlaxa üz tuturlar. Pişəvəriyə məxsus «Buyuk» markalı maşın naməlum səbəbdən işə düşmədiyindən «Ford»a minməli olurlar. Yevlağa 14-15 km qalmış «Ford» yolun sağındakı beton divara çırpılır. Sürücüyə heç nə olmur. Üçü xəsarət alır. Ancaq 2-3 saatdan sonra onları Yevlax xəstəxanasına çatdırırlar. Çünki ətrafda kömək edə biləcək ins-cins yox idi…

Pişəvəri çox qan itiribmiş, amma huşu üstündəymiş, hətta danışırmış da… Ətraf rayonlardan gələn cərrahların heç birini ona yaxın buraxmırlar. Bakının əmri belə imiş. Öz köməkləri isə-cərrahlar və hökumət nümayəndələrini gətirən təyyarə 5-6 saat sonra Yevlaxa gəlib çatır. «Əməliyyatdan» az sonra Seyid Cəfər dünyasını dəyişir…

-Pişəvəri öldü, ya öldürüldü?
-Qəzadan əvvəl onun sürücüsü niyə dəyişdirildi?
-Pişəvərinin ölümündə kimlər maraqlı idi?
-Pişəvərini Mir Cəfər Bağırov öldürtdürə bilərdimi?
-Qəzadan sonra hələ danışan Seyid Cəfər kimi suçlu bildi?
-Seyid Cəfəri niyə gizlicə Buzovnada dəfn etdilər?
-Onun məzarını nə səbəbdən 18 ildən sonra Fəxri Xiyabana köçürdülər?
-Seyid Cəfərin oğlu və nəvələri indi harada yaşayırlar?
-Əkrəm müəllim Seyid Cəfərin nəvəsi İbrahimdən hansı ricada bulundu?
Və nəhayət, Əkrəm Rəhimlinin fikrincə, Pişəvərini kim öldürə bilərdi?

Bütün bu sualların cavabını, yuxarıda sağda «İz»i tıklamaqla öyrənə bilərsiniz. Əkrəm Rəhimli ötən dəfə ki «İz»ə gələn SMS-ləri də cavablayacaq.
XS
SM
MD
LG