Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:26

Obama Leyli çölündəki qətliamı araşdırmağı tapşırıb


Taliban əsirləri, Əfqanıstan, 2002
Taliban əsirləri, Əfqanıstan, 2002
ABŞ prezidenti Obama bu yaxınlarda anlayıb ki, Əfqanıstanda törədilən ən qanlı müharibə cinayəti ola bilsin ki, indiyəcən obyektiv araşdırılmayıb.

«AMERİKA BU HAQDA BİLMƏLİDİR»

İddialara görə, 2001-ci ilin sonlarında Amerikanın Əfqanıstanda dəstəklədiyi yaraqlı qruplarından birinin rəhbəri Əbdül Rəşid Dustum ölkənin şimalında yüzlərlə, ola bilsin hətta minlərlə «əl-Qaidə» əsirini qətlə yetirib.

Obama CNN kanalına deyib ki, o, öz milli təhlükəsizlik komandasına göstəriş verib ki, məsələ ilə bağlı fakt toplamağa başlasınlar. Yalnız bundan sonra bu işlə bağlı araşdırmaları davam etdirib-etdirməmək barədə qərar qəbul edəcək:

«Bütün dövlətlər öz əməllərinə görə, məsuliyyət daşıyır, xüsusən də müharibə dövründə etdiklərinə görə. Məncə, əgər bizim hərəkətlərimiz müharibə qanunlarına zidd olaraq zorakılıqların baş verməsinə şərait yaradıbsa, Amerika bu haqda bilməlidir».

Obama bu sözləri «New York Times» qəzetindəki məqalədən sonra deyib. Məqalədə deyilir ki, Buş administrasiyası qətliamla bağlı araşdırmanın aparılmasına mane olub. Çünki Dustim Amerika kəşfiyyatına işləyib və Amerika qoşunları ilə birgə Talibana qarşı vuruşub.

KONTEYNERLƏRDƏ DƏHŞƏTLİ ÖLÜM

Dustum bir müddət Əfqanıstanın keçid hökumətində çalışsa da, keçən ildən Türkiyəyə mühacirət etmişdi – onu siyasi opponentini silahla hədələməkdə günahlandırmışdılar. Amma bu yaxınlarda Əfqanıstan rəhbərliyi onu vəzifəsinə bərpa edib.

Əfqanıstanın Müstəqil İnsan Haqları Komissiyasının üzvü Nadir Nadiri «Azadlıq» radiosunun əfqan xidmətinə deyib ki, müharibə cinayətinin baş verməsi şübhəsizdir:

Əbdül Rəşid Dustum
«Orda çox ağır cinayət baş verib. Çoxlu sayda hərbi əsir qətlə yetirilib. Bu cinayətdə əli olanları tapmaq və məsuliyyətə cəlb etmək lazımdır. Məlumata görə, həmin vaxt Amerika qoşunları cinayətin törədildiyi yerə yaxın ərazidə yerləşiblərmiş. Əfqan hökuməti ilə xalq arasında inamı bərpa etmək üçün bu cinayət təhqiq edilməlidir».

Belə məlumatlar var ki, Dustuma təhvil veriləndən sonra 2000-ə yaxın Taliban əsiri ağzıbağlı metal konteynerlərin içində ölüb.

Onlar Şerberqan şəhəri yaxınlığındakı həbsxanaya göndəriliblər və məlumata görə, 3 gün onlara yemək verilməyib. Şahidlər deyirlər ki, əsirlərin çoxu konteynerlərdə ölüb, bir hissəsi isə konteynerlərə açılan atəşdən həlak olublar. Onların Dəşti-Leyli çölündə kütləvi məzarlıqda dəfn edildiyi deyilir.

DUSTUM İTTİHAMLARI RƏDD EDİR

Dustumun özü deyir ki, Taliban əsirlərinin heç birini qəsdən öldürməyiblər, onlar həbsxanaya daşınarkən döyüşdə aldıqları yaralardan ölüblər.

«Amnesty International» təşkilatının Asiya proqramının direktoru Sam Ziya Zarifi vaxtilə - hadisədən az sonra ümumi məzarlıqda araşdırma aparıb.

O, «Azadlıq» radiosunun əfqan xidmətinə deyib ki, təkcə Amerika yox, BMT də hadisənin araşdırılmasına mane olub. Onu səbəb göstəriblər ki, Dustum ölkədə nüfuzlu siyasi fiqurdur.

O vaxt «Human Rights Watch» təşkilatının təmsilçisi olan Zarifi deyir ki, kütləvi məzarlığı heç kəs qorumayıb və sonradan kimlərsə məzarlığın izini itirməyə çalışıblar.

QƏTLİAMDA AMERİKALILARIN ƏLİ OLUBMU?

Zarifi deyir ki, beynəlxalq ictimaiyyətin məzarlığın dağıdılmasına imkan yaratması rüsvayçılıqdır.

Taliban əsirlərinin qətliamı ilə bağlı Qərbdə film də çəkilib. Zarifi deyir ki, təkcə bu film kifayətdir ki, Obama hadisənin tam araşdırılması haqda göstəriş versin:

«Əsas məsələlərdən biri də odur ki, Dustumla işləyən amerikalıların bu işdə əli olubmu? Bizim yetərincə məlumatımız yoxdur və bunu deyə bilmərik. Amma bir şey dəqiqdir ki, bu məsələ araşdırmaya layiqdir».

«Human Rights Watch», «Amnesty International» kimi beynəlxalq hüquq müdafiə təşkilatları ümid edirlər ki, Vaşinqton Şerberqan qətliamını araşdırmaqla öz tarixinin qaranlıq səhifələrinə işıq tutmaqdan yayınmaq siyasətinə son qoyacaq və başqa əfqan rəsmilərinin də iştirakçısı olduğu deyilən cinayətləri araşdırmağa başlayacaq.
XS
SM
MD
LG