Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:47

Kadırovun sonuncu tənqidçisi


50 yaşlı tənha ana - Natalya Estemirova 15 yaşlı qızı ilə Qroznıda – kiçik bir mənzildə yaşayırdı
50 yaşlı tənha ana - Natalya Estemirova 15 yaşlı qızı ilə Qroznıda – kiçik bir mənzildə yaşayırdı
50 yaşlı tənha ana - Natalya Estemirova 15 yaşlı qızı ilə Qroznıda – kiçik bir mənzildə yaşayırdı. 1999-cu ildə Moskva Çeçenistanda ikinci müharibəyə başlayandan bu yana itkin düşmə, işgəncə və öldürülmə ilə bağlı faktları araşdırırdı.

Natalya Estemirova «Memorial» insan haqlarını müdafiə təşkilatı üçün işləyirdi. Bu təşkilatın Qroznıdakı ofisi Çeçenistana gedən əksər insan haqları müdafiəçiləri və jurnalistləri üçün ilkin dayanacaqdır.

«KADIROV ESTEMİROVANIN FƏALİYYƏTİNDƏN ÇOX NARAHAT İDİ»

Estemirovanın oğurlanmasına münasibət bildirərkən «Memorial»-ın sədri Oleq Orlov deyib ki, bu işdə Çeçenistan prezidenti Ramzan Kadirovun əli olduğuna inanır.

«Ramzan Kadirov Natalya Estemirovanın fəaliyyətindən şəxsən çox narahat idi. Ramzan Kadirov təkbətək söhbətdə onu hədələmişdi. Natalya sonradan Kadirovun ona dediklərini demişdi. Kadirov demişdi ki, bu düzdür ki, mənim əlim qana batıb və mən bundan utanmıram. Mən öldürmüşəm və bundan sonra da pis adamları öldürməkdə davam edəcəyəm. Və onun bu bəyanatı Natalyaya qarşı təhqir və hədələrlə müşayiət olunmuşdu».

Estemirova iyulun 15-i səhər Qroznıdakı evindən çıxarkən oğurlanıb. Onun başından güllələnmiş meyitini sonradan İnquşetiyada tapıblar. Rusiya Baş Prokurorluğunun nümayəndəsi Vladimir Markin: «İki naməlum şəxs Natalya Estemirovaya hücum edib, onu zorla ağ rəngli VAZ-2107 nömrəli maşına mindiriblər və naməlum istiqamətə aparıblar. Daha sonra həmin günü saat 16-30-da Estemirovanın cəsədi İnquşetiyada – Nazran rayonunda tapılıb. Cəsəd döş qəfəsi və başından güllələnib».

Ağ Evdən bildiriblər ki, bu qətldən kədərlənib və narahat olublar. «Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatından isə deyiblər ki, bu hadisə Rusiyada vətəndaş cəmiyyətlərini susdurmağa yönəlmiş daha bir cəhddir.

Estemirovanın qətli Kadirovun rəqibləri və tənqidçiləri sırasında öldürülənlərdən sonuncusudur. Bu sırada onun həmkarı, jurnalist Anna Politkovskaya və Kadirovun Vyanada küçədə güllələnən keçmiş cangüdəni də var.

«HEÇ KİM SİZƏ KÖMƏK ETMƏYƏ HAZIRLAŞMIR»

«Novaya gazeta»nın redaktoru Dmitri Muratov deyir ki, o, sonuncu dəfə Estemirova ilə Kadirovun digər tənqidçisi – hüquqşünas Stanislav Markelovun yanvarda Moskvada öldürülməsindən sonra danışıb.

«Mən ona dedim ki, Nataşa siz oranı dərhal tərk etməlisiniz. Heç kim sizə kömək etməyə hazırlaşmır. Onlar üçün heç bir məhdudiyyət yoxdur. Siz sadəcə tezliklə oradan çıxmalısınız. O isə dedi ki, bütün bunları başa düşür».

Bu ilin əvvəlində Moskva Çeçenistanda antiterror əməliyyatlarını başa çatdırdığını elan edib. Amma o vaxtdan bu yana Çeçenistanda və qonşuluqdakı ərazilərdə atışmalar, bombalamaların sayı artır.

Rusiya prezidenti Dmitri Medvedev qətllə bağlı istintaqın aparılması göstərişi verib. Muratov isə deyir ki, Estemirovanın qətli Kadirovun Çeçenistanda necə də sərbəst əməliyyatlar həyata keçirməsi məsələsini bir daha gündəmə gətirir:

«İndi ölümlə bağlı iki versiya olacaq: birinci o olacaq ki, onu Karidov öldürtdürüb, ikinci isə Kadirovu vurmaq üçün onu öldürtdürüblər. Hər kəs bu iki versiya ətrafında danışacaq. Amma məsələ təkcə bunda deyil. Əsas məsələ həm də odur ki, ölkədə elə xüsusi yerlər var ki, orda heç bir konstitusiya işləmir, orda hər şey baş verə bilər».

Ölümündən öncə Estemirova demişdi ki, Kadirovun qüvvələrinin Çeçenistanda öz qaydalarını həyata keçirmək üçün daha çox oğurluq və öldürməyə əl atacaqlarına inanır. Əksər tərəfdarları üçün Estemirovanın qətli bunu təsdiqlədi.

«FƏRQLİ FİKİRLİLƏR ÖLÜMƏ MƏHKUMDUR»

Qətllə bağlı «The Daily Telegraph» qəzeti isə yazır ki, «istənilən ədəbli hökumətin göstəricisi tənqidə və daim onu tənqid edənlərə qarşı dözümlü olmasıdır. Özünü Çeçenistanda insan haqlarının müdafiəsinə həsr edən Natalya Estemirovanın qətli bir daha göstərdi ki, Vladimir Putinin Rusiyasında fərqli fikirlilər ölümə məhkumdur».

Qəzet yazır ki, prezident Dmitri Medvedev Estemirovanın qətlini qanun pozuntusu adlandırıb. Amma rusiyalılar bilir ki, ölkədə əsas güc sahibi baş nazirdir. Cənab Putin indi bu cinayəti pisləməlidir və qərəzsiz istintaqın aparılacağına zəmanət verməlidir. Əgər cənab Putin bu addımları atmasa, bütün dünya belə bir nəticə çıxaracaq ki, o, onları tənqid edənlərin öldürülməsinə qatlaşan hökumətə başçılıq edir.
XS
SM
MD
LG