Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:13

Elmar Hüseynovun qətlinin üstü niyə açılmır?


Sabir Hüseynov
Sabir Hüseynov
«İstintaq getmir. Getsəydi, qətldən 4 il keçir, üstünü açardılar. İşə baxılmır, atıblar bir yana. Mən belə başa düşürəm. İstəmirlər qətlin üstünü açsınlar, istəsəydilər, çoxdan açardılar. Vəssalam».

Bu, 2005-ci il martın 2-də öldürülən «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun atası Sabir Hüseynovun oğlunun istintaqı ilə bağlı fikirləridir. İyulun 17-də Elmar Hüseynovun ad günüdür. Əgər 4 il əvvəl öldürülməsəydi, indi 42 yaşını qeyd edəcəkdi.

İSTİNTAQ DAYANDIRILIB?

Əslində, Sabir Hüseynovun oğlunun qatillərinin tapılacagına getdikcə ümidini itirməsi təsadüf deyil. Vəkil Elton Quliyev deyir ki, istintaqın icraatı dayandırılıb. Onun sözlərinə görə, istintaqda bunu ona qətldə şübhəli bilinən Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin Azərbaycana ekstradisiyasının baş tutmaması ilə izah ediblər.

Milli Təhlükəsizlik Nazirliyindən isə istintaqın dayandırılmasını təsdiq etmirlər. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev deyir ki, istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam edir:

- Bu dövr ərzində 900-ə yaxın müxtəlif istintaq hərəkəti həyata keçirilib, o cümlədən 600-dən çox şahid dindirilib və 20 ekspertiza həyata keçirilib.

Arif Babayev deyir ki, Tahir Xubanovla Teymuraz Əliyevin təhvil verilməsi üçün Gürcüstan tərəfinə müraciət edilsə də, onlar buna razılıq verməyiblər. Ancaq bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.

Rəsmi izahatlara baxmayaraq, hələ də bir neçə sual qaranlıq qalır. Görəsən Azərbaycanın hüquq-mühafizə orqanları gürcüstanlı həmkarlarına qətldə adları çəkilən bu iki şəxslə bağlı tutarlı faktlar təqdim ediblərmi? Əgər təqdim ediblərsə, onların Gürcüstan ərazisində həbsləri niyə təmin edilmir? Halbuki, hələ bir neçə il əvvəl indi həbsdə olan «Realnı Azerbaydjan» qəzetinin baş redaktoru Eynulla Fətullayev və daha bir neçə jurnalist Gürcüstana gedərək bu adamlarla görüşmüşdü.

Üstəlik, Gürcüstanın hüquq-mühafizə orqanları da dəfələrlə bəyan ediblər ki, Elmar Hüseynovun qətli ilə bağlı azərbaycanlı həmkarları ilə əməkdaşlığa hazırdırlar. Vəkil Elton Quliyev deyir ki, bütün bu məsələlərin aydınlaşdırılmasının belə uzun çəkməsi həm onda, həm də mərhum jurnalistin ailə üzvlərində narazılıq doğurur:

- Bu qətlin belə dar şəkildə aparılması bizi təmin etmir. Biz istəyirik ki, qətlin icraçıları ilə yanaşı, onun təşkilatçıları da, sifarişçiləri də araşdırılsın və istintaqa cəlb edilsinlər.

ELMAR HÜSEYNOVUN QƏTLİNİN ÜSTÜ NİYƏ AÇILMIR?

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, əslində, Elmar Hüseynovun qətli siyasi sifarişdir. İstintaqın indiyə qədər bir nəticəyə gəlməməsinin səbəblərini də elə bu siyasətdə axtarmaq lazımdır:

- Elmar Hüseynovun qətlinin sifarişçisi kimdir, sualına cavab tapa bilsək istintaqın belə uzanmasının səbəbi bizə aydın ola bilər. Bu, siyasi qətldir. Onun sifarişçiləri Azərbaycan hakimiyyətində yüksək yerlər tuta bilən şəxslər ola bilər. Əlbəttə, bunu istintaq tapıb ortaya çıxarmalıdır. Odur ki, qətlin üstünün açılması heç kimə sərf etmir.

Azər Rəşidoğlu deyir ki, bu qətlin üstünün açılması üçün hakimiyyətdə siyasi iradə yoxdur. Üstəlik, ölkədə ictimai fikir tamamilə məhv edildiyindən hakimiyyətdən belə bir iradə tələb də edilmir.
XS
SM
MD
LG