Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:31

Pirat jurnalistlərə qarşı mübarizə başlayır


"İnternational Herald Tribune" qəzeti yazır ki, İnternetdə bir xeyli qəzet-jurnal var ki, onların işi açıq-aşkar piratlıq eləməkdir, yəni heç nə nədən qorxmadan-çəkinmədən "copy"-"paste" eləməklə - beynəlxalq şəbəkədəki nüfuzlu media orqanlarının maraqlı yazılarını oğurlayıb öz səhifələrinə yerləşdirirlər

Beləliklə onlar başqalarının əməyi ilə öz səhifələrini cəlbedici edir, oxucu toplayır və reklam şirkətlərinin daimi müştərilərinə çevrilərək yaxşı pul qazana bilirlər.

Piratların daha çox etibarlı xəbər mənbələrinə “qarmaq atırlar”. Keçən həftə Asoşieytid Press agentliyi onun materiallarından icazəsiz yararlananlara xəbərdarlıq edib və bildirib ki, buna qarşı ölçü götürəcək.

ZOPA ƏVƏZİNƏ KÖKƏ

Amma Kaliforniyada yerləşən bir yeni şirkətin piratçılıqla mübarizə üçün təklif elədiyi yol – daha çox “kökə“dir, nəinki “zopa”.

“Attributor” şirkəti təklif edir ki, başqasının maraqlı məqaləsini öz səhifəsinə yerləşdirənlər buna görə haqq ödəsinlər. Özü də şirkət elə bir metod təklif edir ki, piratların haqq ödəməkdən başqa yolu qalmaya bilər.

Məsələ burasındadır ki, piratçılıqla məşğul olan kiçik İnternet dərgiləri və qəzetləri İnternetdəki reklam şəbəkələrindən asılıdırlar – məsələn, Google-dakı AdSense kimi.

“Attributor” şirkəti təklif edir ki, əgər belə reklam şirkətləri arasında əməkdaşlıq qurmaq mümkün olsa, onda kim ki öz yazısını pirat səhifələrdə gördü, sübut üçün bunun “üzünü çıxara” və bunun əsasında reklam şirkəti reklam gəlirindən piratçılıqla məşğul olanlara düşən puldan kəsib oğurlanan yazının müəllifi olan media orqanına ödəyə bilər.

YENİ LAYİHƏNİN MÜŞTƏRİSİ VARMI?


Artıq “Nyu-York Tayms”, “Röyters” kimi nəhəng media orqanları təklif olunan yeni mexanizmə maraq göstəriblər və təklifi öyrənməkdədirlər.

Bir kiçik reklam şirkəti artıq “Attributor”un modelinə razılıq verib, amma böyük şirkətlər hələ ki, buna elə də həvəslə yanaşmırlar.

Yahoo və Google isə bildiriblər ki, “Attributor”un təklifləri ilə təfərrüatı ilə tanış olmayıblar.

“Attributor” deyir ki, İnternet mediası hər il piratlara görə 250 milyon dollar itirir. Oğurlanan yazılar isə pirat səhifələrdə “orijinal”dan 5 dəfə çox oxunur.
XS
SM
MD
LG