Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:34

«Gənclərin işiylə bağlı istintaq hərəkəti aparılmır»


Gənc fəallar Adnan Hacızadə və Emin Milli

Gənc fəal Adnan Hacızadənin atası Hikmət Hacızadə deyir ki, oğlu ilə bağlı istintaq aparılmır.

«Adnanı heç yerə aparmırlar, elə müstəntiq də gəlmir. Oturub özü üçün kitablar oxuyur».

Hikmət Hacızadə istintaqın aparılmamasını belə izah edir:

«Yəqin onlara hər şey aydındır».

«SON 15 GÜNDƏ NƏ ÜZLƏŞMƏ, NƏ DİNDİRMƏ OLUB»

Yada salaq ki, OL Gənclər Hərəkatının həmtəsisçisi Adnan Hacızadə və AN Gənclər şəbəkəsinin təsisçilərindən Emin Milli xuliqanlıqda ittiham olunurlar. Gənclər iyulun 8-də Livan restoranında şam edərkən qonşu masada oturan Vüsal Məmmədov və Babək Hüseynov onlara yaxınlaşıb və bundan sonra dava düşüb. Emin Milli və Adnan Hacızadə döyüldüklərini, zərərçəkən olduqlarını desələr də, hüquq-mühafizə orqanları əksini iddia edir. İyulun 10-da Səbail Rayon Məhkəməsi onların barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Adnan Hacızadənin vəkili İsaxan Aşurov isə deyir ki, vəkillərə istintaq hərəkətləri haqda məlumat verilmir. Onun sözlərinə görə, istintaqla bağlı onlar da məlumatlandırılmalıdırlar.

«Əlbəttə ki, tərəf etdiyi hərəkətlə bağlı digər tərəfə məlumat verməlidir. Bu bir yanaşma qaydasıdır».

Emin Millinin vəkili Elton Quliyevin sözlərinə görəsə, gənclərin haqqında həbs qətimkan tədbiri seçiləndən bəri onların iştirakı ilə heç bir istintaq hərəkəti aparılmır. Vəkilin sözlərinə görə, son on beş gündə müdafiə etdiyi şəxs nə dindirilib, nə də üzləşdirilib: «Onun iştirakı ilə istintaq hərəkəti məhkəmə qərarına qədər aparılıb. Yəni iki gündə, şübhəli şəxs qismində saxlanılandan məhkəmə qarşısına çıxarılana qədər».

Amma Elton Quliyev bunu da deyir ki, istintaq onların iştirakı olmadan da aparıla bilər. Ola bilsin sübutlar, dəlillər toplanır və buna görə müstəntiqdən şikayət verə bilməzlər. Özü də indilik istintaqla bağlı müddət pozulmur.

O zaman sual yaranır, istintaq hərəkəti iki gündə aparılmışdısa, iki aylıq həbs qətimkan tədbirinə nə ehtiyac vardı? Elton Quliyev deyir ki, onlar ilk gündən həbs qətimkan tədbiri haqda qərarın düzgün olmadığını bildiriblər. Bu tədbirin seçilməsini pisləyir və əsassız sayırlar.

«PROKURORA ŞİKAYƏT EDƏ BİLƏRLƏR»

İstintaqı aparan Səbayel rayon Polis İdarəsinin baş müstəntiqi Ziya Əliyevdən deyilənlərə münasibət öyrənə bilmədik. Amma sualımızı Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cavablandırdı:

«Cinayət prosesinin iştirakçıları kimi təqsirləndirilən şəxslər Adnan Hacızadə və Emin Abdullayevin müdafiəçilərinin müstəntiqin hərəkətlərindən və qəbul etdiyi qərarlardan hər hansı narazılıqları varsa, onların Cinayət Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora şikayət etmək hüququ var».

Hüquqşünas Erkin Qədirli isə bu fikirdədir ki, istintaq özü anlaşılmazlıq içindədir, bu işi hara qədər aparacaqlarını bilmirlər…

«DÜNYA BU İŞİ DİQQƏTDƏ SAXLAYIR»

Son günlər beynəlxalq qurumlardan gənc fəalların dərhal azadlığa buraxılması ilə bağlı çağırışlar gəlir. Sonuncu belə bəyanatı AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçi Kristof Ştrasser verib. O Adnan Hacızadə və Emin Millinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalarını tələb edir.

İyulun 29-da isə Avropa Parlamentinin insan hüquqları üzrə alt komitəsi Azərbaycanın Belçika, Lüksemburq və Avropa Birliyindəki səfirinə gənclərlə bağlı müraciət göndərib. Komitə rəhbəri Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi çərçivəsindəki öhdəliklərini xatırladaraq gənclərin həm saxlanarkən, həm də istintaq zamanı hüquq və azadlıqlarını pozulduğunu vurğulayıb.

Bu cür bəyanatların istintaqın gedişinə və ya gənclərin azadlığa buraxılmasına faydası ola bilərmi? Hikmət Hacızadəyə görə:

«Olmamış olmaz. Hər bəyanatdan sonra uşaqları azadlığa buraxmayacaqlar. Amma bütün bunlar dünya ictimaiyyətinin hadisəni diqqətdə saxladığını göstərir. Bu yaxşı haldır».
XS
SM
MD
LG