Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:48

Sudanda sensasiya: qadın şalvar geydi, həbsə düşdü


Sudanlı qadınlarının əksəriyyəti uzun milli paltarlar geyinir, baş və çiyinlərini yaylıqla bağlayırlar
Sudanlı qadınlarının əksəriyyəti uzun milli paltarlar geyinir, baş və çiyinlərini yaylıqla bağlayırlar
Geyim qaydaları ilə islam əxlaqının toqquşmasına bu gün dünyanın bir neçə dövlətində rast gəlmək olar. Ancaq bu cür mübarizə Sudan üçün yaddır. Çünki bu ölkədə ciddi şəriət qanunları işləyir və çox az adam qaydaları dəyişməyə cürət edir.

Sudanlı qadınlarının əksəriyyəti uzun milli paltarlar geyinir, baş və çiyinlərini yaylıqla bağlayırlar. Qadınlar fərqli şəkildə geyinirlərsə, onda bunu gizlin eləməyə çalışırlar.

Buna görə də Sudanda bir qadının oturuşmuş qanunlarla mübarizə aparması təəccüblü görünmür. Bu məsələ indi nəinki Sudan paytaxtında, həm də beynəlxalq mətbuatda sensasiyaya səbəb olub.
Söhbət keçmiş jurnalist, indi isə BMT-nin Xartumdakı missiyasının işçisi olan Lubna Hüseyn bu ayın əvvəlində şalvar geyindiyinə görə həbs olunmasından gedir. Jurnalist və əcnəbilərlə restorana gələn qadın bununla da ölkənin geyim qaydalarını pozub.

Ancaq Lubna Hüseyn həmin vaxt tək olmayıb, onunla birgə 12 sudanlı qadın da milli geyimdə olmadıqlarına görə həbs olunublar.

Həbs olunanların 10-u cəzasını qəbul edib, 40 dəfə şallaqlanıb, hər biri 120 dollar cərimə ödəyiblər. Ancaq Hüseyn də daxil olmaqla daha 2 qadın məsələni məhkəməyə çıxarmağa qərar veriblər.

İyulun 30-da Hüseynin işi ilə bağlı məhkəmədə dinləmələr keçirilib. Qadın öz etirazını nümayiş etdirməyin yolunu da tapıb - həbsinə səbəb olan yaşıl şalvarı yenə geyinərək məhkəməyə gəlib. Rəfiqələri də eyni libasda olublar.

Beləliklə də geyimləri ilə sonacan mübarizə aparacaqlarına işarə ediblər. Lubna Hüseyn mətbuata müsahibəsində deyib ki, nəinki döyülməkdən qurtulmağa, həmçinin Sudan qanunlarından geyimlə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına ümid edir.

Hazırda Sudanda geyimlə bağlı məsələlər «ədəbsiz hərəkət»ə qarşı qadağaların bir hissəsi kimi tənzimlənir.

Lubna Hüseyn «Associated Press»ə deyib ki, bu hadisə tək onunla bağlı deyil. Bu qadınların geyimə məhdudiyyət qoyan maddənin ləğv edilməsi məsələsidir. Bu maddə Konstitusiyaya, hətta islam qaydalarının özünə ziddir».

Sudanlı qadının mübarizəsinin beynəlxalq ictimaiyyət də diqqətlə izləyir. Bunun bir səbəbi də onun BMT işçisi olmasıdır.

Əslində Hüseynin BMT işçisi olduğuna görə toxunulmazlıq hüququ var. Bu bir çox ölkələrdə olduğu kimi Sudanla BMT arasında razılaşmaya görə belədir. Razılaşmaya görə beynəlxalq təşkilatın işçisinə qarşı iddia qaldırmazdan qabaq ondan icazə alınmalıdır. Ancaq Hüseyn istefa verməkdə təkid etmiş və məsələ məhkəməyə gedib çıxıb.

Bu arada BMT Baş katibi Ban Ki Mun qadının həbsinə görə dərin narahat olduğunu bildirib. Deyib ki, BMT işçilərinin hüquqlarının müdafiə olunduğuna əmin olmaq üçün işlər görəcəklər.

İndi maraqlı bir məqam da odur ki, Hüseyn və müttəhim kürsüsündə oturan daha 2 qadın beynəlxalq aləmin marağına səbəb olduğuna görə Sudan məhkəməsinin qərarına təsir edə bilərmi?

Sudan qadınları digər ərəb ölkələrindən fərqli olaraq ictimai həyatda – müəllim və inzibatçı kimi mövqe tutur. Ancaq qadınların əksəriyyəti polislərin restoranlara gecə reydlərinə qarşı çıxmağa cəsarət etmir.

Bu halda görəsən az sayda qadın sistemi dəyişə bilərmi? Hər halda bir məsələ aydındır ki, Lubna Hüseynin məhkəmə prosesinə xaricdən də ölkə daxilindən də izləyənlərin sayı artacaq.
Növbəti məhkəmə prosesi avqustun 14-də keçiriləcək.
XS
SM
MD
LG