Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:43

Amerika üçün Plan B


Hazırda ABŞ komandanlığı hərbi əməliyyatlar keçirmək səlahiyyətlərini İraq rəhbərliyinə təhvil verib. Amma bir iri insident yaransa, biz nə edəcəyik?
Hazırda ABŞ komandanlığı hərbi əməliyyatlar keçirmək səlahiyyətlərini İraq rəhbərliyinə təhvil verib. Amma bir iri insident yaransa, biz nə edəcəyik?
Avqustun 11-də «Vaşinqton Post» qəzeti ABŞ-ın xarici siyasi böhranlarla bağlı siyasətini təhlil edən yazı dərc edib. «Pis xəbərlər üçün yaxşı ay» başlıqlı məqalənin müəllifi Ann Appelbaum iddia edir ki, ABŞ xarici siyasəti yumşaq yanaşma metodlarından yetərincə istifadə etsə də, böhran sərt addımlar tələb etdikdə lazımi iradə və düşünülmüş plan ortaya qoyulmur.

Müəllif yazır ki, avqust ayı ümumən sakit aydır, lakin bu sakitlik iri konfliktlərin baş tutması üçün ən əlverişli vaxtdır. «Əgər ABŞ administrasiyası üçün sürpriz etmək istəyirsinizsə, bunu prezident istirahətdə olarkən edin», - deyə müəllif avqust ayında gizlənən təhlükələrə eyham vurur.

Konkret böhran bölgələrinə toxunan müəllif ABŞ xarici siyasətinin qarşısında duran aşağıdakı sınaqları müəyyən edir:

İran

Müəllif yazır ki, hazırda İranda şou-məhkəmələr gedir və İrandakı rejim Əhmədinejada qarşı çıxmış müxalifətçilərin üzərində «etiraf şouları» düzəldir. İş o yerə çatıb ki, İranın keçmiş vitse-prezidenti məhkəmədən «tələb edir ki, ona ən yüksək cəza verilsin». Müəllif yazır ki, ortalığa «Britaniya və Fransa cəsusları» ittihamları da atılıb. Belə görünür ki, molla rejimi Qərbin reaksiyasını ölçmək istəyir. «Bəs bizim reaksiyamız necə olacaq? Plan A odur ki, iranlılarla normal tonla danışıqlar aparaq. Bəs Plan B nədir?»

Rusiya və Gürcüstan

Rusiya tanklarının Gürcüstanın sərhədlərini keçməsindən bir il keçir. Bu hadisənin ildönümünü «qeyd etmək üçün» osetin separatçıları Gürcüstan və Rusiya sərhəd məntəqələrinə qumbaralar atıblar, sirli hakerlər isə (onların Rusiyadan olduğu güman edilir) müvəqqəti olaraq Facebook və Twitter saytlarını iflic ediblər (belə görünür ki, bu hərəkətlə onlar bir gürcü bloqqerinin qarşısını almaq istəyirmişlər). «Ötən konflikt başlanmazdan əvvəl olduğu kimi həm Gürcüstan, həm də Rusiya bir-birilərini yeni konflikt hazırlamaqda ittiham edirlər. Birdən Rusiya bir də təcavüz etdi, onda necə? Plan A Kremllə münasibətlərdə «reset» düyməsini basmaqdır. Bəs Plan B nədir?»

Əfqanıstan

Müəllif yazır ki, bu ölkədə əsas siyasət ona yönəlib ki, ABŞ-ın hərbi iştirakını artırmaqla terrorçularla müharibədə əhəmiyyətli uğurlar əldə olunsun, lakin talibançılar öz intiqamlarını başqa cür alaraq müharibəni qovulduqları yerlərdən əvvəllər sakit olan şimal və qərb bölgələrinin şəhərlərinə keçirirlər. Qarşıdan Əfqanıstanda avqustun 20-i seçkiləri gəlir və talibançıların hərəkətləri, belə görünür ki, həmin seçkiləri zərbə altında qoymağa yönəlib. Plan A odur ki, ABŞ qoşunlarının iştirakı talibançıları birdəfəlik səhnədən silib atsın, Əfqanıstanda az-çox qəbul olunan yerli hökumət təşəkkül tapsın və Amerika qoşunları öz ölkələrinə qayıtsın. Bəs Plan B nədir?

İraq

Hazırda ABŞ komandanlığı hərbi əməliyyatlar keçirmək səlahiyyətlərini İraq rəhbərliyinə təhvil verib. «Amma bir iri insident yaransa, məsələn, Amerikanın orada qalan hərbi bazalarından biri bombalansa, yaxud Amerika əsgərlərindən girov götürülən olsa, biz nə edəcəyik? Biz komandanlığı geri alacağıqmı? Yoxsa, bütün hallarda evə qayıdacağıq? Kimsə, ümumiyyətlə, bu barədə düşünübmü? Ümid edirəm ki, hə», - deyə Ann Appelbaum öz məqaləsini yekunlaşdırır.
XS
SM
MD
LG