Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:45

Azərbaycanlı tərcüməçi İranda həbsdədir


Vaxtilə İranın Qum şəhərində təhsil alan Elnur Həsənov həmin ölkədə həbs olunub. Elnurun atası Hidayət Həsənov deyir ki, oğlu bu ilin aprel ayında Naxçıvana babasının yas mərasiminə gedib. Pulu az olduğundan Bakıya avtobusla qayıtmaq istəyib. İran sərhədində isə yoxlanışda Elnuru saxlayıblar:

«Bir bəhanəylə pasportu onun əlindən alıblar ki, qaytaracağıq. Oğlum da verib. Amma sonra neçə gün keçsə də, qaytarmayıblar. Elnur Azərbaycanın İrandakı konsulluğuna gedib, orda oğluma kömək eləyə bilməyiblər. Biz telefonla danışırdıq, deyirdi ki, bir-iki günə gəlirəm. Amma aprelin 18-dən sonra əlaqəmiz kəsildi».

Hidayət Həsənov deyir ki, oğlu Elnur 1998-ci illərdə İranın Qum şəhərində dini təhsil alıb, fars dilində yazıb-oxumağı bacarır. Azərbaycandakı informasiya agentliklərinin birində tərcüməçi işləyirdi.

Bəs Elnur İranda niyə həbs olunub? Bunun səbəbini onun valideynləri bilmirlər.

Hidayət Həsənov bu yaxınlarda İrana gedib oğluyla görüşüb, amma yenə də həbsin səbəbini öyrənə bilməyib. Elnurun anası deyir ki, oğlunu ancaq Azərbaycan hökuməti həbsdən azad elətdirə bilər.

Ədliyyə Nazirliyinin Beynəlxalq hüquqi əməkdaşlığı idarəsinin rəisi Zafər Qafarov isə deyir ki, Azərbaycanda da İran vətəndaşları həbs olunur, təbii ki, hansısa qanunsuzluqlara yol verəndə: «Ola bilsin ki, həmin adam da hansısa qanunsuzluğa yol verib. Hər halda bizə müraciət etsinlər, məsələni araşdırarıq».

KEÇMİŞ POLİS İŞ AXTARIR

Bakının Nərimanov rayonunda yaşayan İlham Cəfərov 8 ildir işsizdir. O, ixtisasca aqronomdur, amma uzun müddət polisdə işləyib. 2000-ci ildə maaş az olduğu üçün yaxşı iş tapmaq ümidiylə işdən çıxıb. Amma iş nə gəzir? Səkkiz ildir döymədiyi qapı qalmayıb:

- 40 yaşındayam, 3 uşağım var. İstəyirəm işləyib uşaqlarımı dolandırım. Mən prezidentimi seçmişəm, indi ondan da iş istəyirəm. Deputatımı seçmişəm, ondan da iş istəyirəm.
- Hansısa idarə-müəssisəyə müraciət etmisinizmi?
- Əlbəttə. Amma deyirlər ki, iş yoxdur.
- Necə bir iş istəyirsiniz ki?
- Polisdə işləmişəm. Mühafizəçilik eləyə bilərəm. Ya da ixtisasıma uyğun şəhərin yaşıllaşdırma təsərrüfatında aqronomluq edə bilərəm. Təxminən 350-400 manatlıq bir iş olsun.

Bakının Nərimanov rayon Məşğulluq Mərkəzinin direktoru İsa Həsənov isə deyir ki, onların təklif elədiyi işlər İlham Cəfərovun ürəyincə olmayıb, işsiz kimi isə onu qeydə ala bilməzlər:

«İlham Cəfərov Bərdə rayonunun qeydiyyatındadır. Amma xanımı bizim rayonda qeydiyyatda olduğu üçün onu işsiz kimi qeydə aldıq. İndi müavinət alacaq. İlham Cəfərova uyğun iş isə hələlik bizdə yoxdur. İndi mühafizəçi işlərinə də xüsusi mühafizə idarələri kadr göndərir. Orduda olmalı, yaş məsələsi var, idman dərəcəsi nəzərə alınır. Əvvəllər hansısa idarəyə gözətçi göndərmək olardı, amma indi mühafizə işi mərkəzləşib. Yaşıllaşdırmada isə vakant yer yoxdur. Çalışırıq ki, ona bir kömək edək, amma hələ ki, münasib iş axtarırıq».

Sizin də şikayətiniz, hər hansI məsələylə bağlI rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanIna yazIn
XS
SM
MD
LG