Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:20

Fəxri Uğurlu "İSGƏNDƏRİN QANUNU" (Hekayə)


İsgəndər dünyanı tutub öz yurduna qayıtmışdı. Dünyanın açarı əlindəydi, ancaq yenə darıxırdı. Uşaqlıqdan onu kinli, acıqlı, qaya burnunda bitən barsız kol kimi adamayovuşmaz eləyən təklik, kimsəsizlik xofu canından çıxmamışdı. Dünyanın üstünə də tamah ucbatından yox, təklik üzündən getmişdi; istəmişdi içindəki yalqızlığı ölkə-ölkə adamla, sürü-sürü heyvanla, meşə-meşə ağacla, sıra-sıra dağla doldurub doyursun, dünyada hamı, hər şey gözünün qabağında, əlinin altında olsun, bir milçək, bir qarışqa da hökmündən qıraq qalmasın. Onda bütün yer üzündə İsgəndərə yad, qorxulu nəsə qalmayacaqdı, bahadırlar qulluğunda qolu bağlı duracaqdı, dünyanın bir ölkəsi, bir qanunu, bir padşahı olacaqdı. Qorxu yeli əsdirən hər yırtıq-deşik örtüləndən sonra İsgəndər xofdan qurtulub dünyayla arasından çəpəri götürəcəkdi…

Dünyanı aldısa da, dünyanın tək padşahı təklikdən can qurtarmadı, əlindəki dünyasıyla, böyüyüb-böyüyüb yer üzü boyda olmuş bədəniylə yenə tək qaldı. Ordusu, torpağı, hökmü artdıqca, gövdəsi bütün dünyaya qol-budaq atdıqca qorxusu da böyüdü, qorxusu böyüdükcə təkliyinin sərhədi də genəldi. İndi o, bir şəhərdə, bir ölkədə yox, bütün dünyada darıxırdı.

Darıxanda getməyə bir yad torpaq, özgə yurdu, özgə qapısı qalmamışdı, bütün yurdlar-yuvalar onunkuydu. Meşədə yırtıcılar, göydə quşlar onun çəkdiyi cızıqdan qırağa çıxmırdılar, qəzəbinin dalğası su dibində balıqları titrədirdi, fərmanına hər ağac, hər daş boyun əyirdi. Hamı, hər şey İsgəndərin səsini də eşidir, dilini də bilirdi; bircə İsgəndər özü heç kimsəni, heç nəyi nə eşidir, nə duyurdu. Bütün dünya söhbət eləməkdəykən o yalnız danışırdı. Bilmədiyi dillərdə danışanlar onu xoflandırırdı, elə bilirdi bütün dünya onun qanına susayıb, adam adamla, göy quşla, quş ağacla, ağac suyla danışırsa, demək, söhbət ondan gedir, demək, hardasa ona tələ qurulur, tor toxunur. Bunun ardınca düşməni qabaqlamaq, danışan dilləri kəsmək, dirilərdən bir az da aralanmaq gəlirdi. Ölənlər çoxalır, sağlar azalır, sağlar azaldıqca dünya kiçilir, yalqızlığın boz çölləri uzandıqca uzanırdı. İsgəndər o səhrada içməyə su, sığınmağa kölgə tapmırdı.

Darıxanda getməyə bir yad ölkə, dost qapısı, ayı kahası, quş yuvası qalmadığından İsgəndər Olimp dağının ayağında yeni şəhər saldırıb adını da İsgəndəriyyə qoydu. O şəhərdə o qədər ev tikdirdi, o qədər küçə saldırdı, gəzib qurtarmağa ömür yetməzdi. Bundan sonra o şəhəri küçə-küçə gəzməklə darıxmaqdan yaxasını qurtarıb, qalan ömrü birtəhər yola vermək istəyirdi.

İsgəndəriyyə dünyanın xəritəsinə bənzəyirdi. Burda hər ölkənin, hər şəhərin, hər kəndin adına bir küçə salınmışdı, hər küçənin adamını İsgəndər adı qoyulan yerdən köçürdüb gətirtmişdi. Bir küçəni Çin evləri, o birini hind sarayları, birini Misir ehramı, o birini İran memarlarının əl işi bəzəyirdi; bütün küçələrin sonu mərmər dirəkli yunan saraylarının aralığa aldığı baş meydana calanırdı. Hər məhlənin evləri, sarayları adını daşıdığı ölkənin daşıyla tikilib palçığıyla suvanmışdı, hər küçənin ağacları adı qoyulan torpaqdan gətirilib əkilmişdi, hər məhlədə adamı bir diyarın havası vururdu. Axşamlar meydana axışan qızların ağı qarasına, qarası da sarısına qarışırdı.
Dünyanı bir baxışla görə bilmədiyindən İsgəndər göz qabağında beləcə bir dünya qurmuşdu. İstəyirdi bu dünya onun ovcunun içində, əlinin altında yaranan tarixə şahidlik eləsin; təkcə şahidlik də ona yetmirdi, istəyirdi bu adamlar hamısı onun qurduğu böyük səhnədən keçib hər biri İsgəndərin yön verdiyi tamaşada öz rolunu oynasın, sözünü desin. Yalnız bu adamların İsgəndərlə bir düşünüb bir duyması, onunla bir tamaşada öz rolunu sevə-sevə oynaması dünyanın padşahını təklikdən, darıxmaqdan qurtarardı, di gəl, bu adamların çoxu tarixin nə olduğunu bilmirdi, çoxunun dilində heç tarix sözü yoxudu, olanların da təqvimi İsgəndərin tarixinə uyuşmurdu, ona görə də hamısı İsgəndərin səhnəsində sıxılıb öz rolunu yarıtmırdı.

Onlar da darıxırdılar. Daş daşlıqdan, ağac meşəlikdən, adam yurdundan ötrü darıxırdı; ovçu ovundan, əkinçi əkinindən, çoban sürüsündən, qızlar elindən, şair dilindən ötrü darıxırdı. Onlar darıxdıqca o da darıxırdı. İsgəndər öz tarixini özgələrin tarixinə çevirə bilmədiyini duyduqca bir az da kimsəsizləşib təklənirdi, bir az da zalımlaşırdı. Onun arzusunun bir küçəsi də başqa könüllərə gedib çıxmırdı. Dünya əlində olsa da, nə bir cəngəllikdə, nə dağ çayında, nə qarışqa topasında, nə də quş qanadında yaranan tarixdən xəbəri vardı. Şəhərlərə, ölkələrə soxulub qalaları, divarları sərhədinin içində əritsə də, ellərin könlünə girib onların tarixini öz tarixində əridə bilməmişdi.

Onda dünyanın padşahı şəhərin lap başında İsgəndəriyyənin beyni kimi tikdirdiyi böyük kitabxananın bir küncünə çəkilib aldığı ölkələrin keçmişini, tayfaların dilini, ellərin adətini öyrənməyə başladı. Öyrəndikcə bir-birindən bu qədər uzaq dillərin qaynayıb-qarışıb haçansa bir dilə dönəcəyinə, bir meşənin qalınlığından, ya bir uca dağ başından, mağaradan, ya da bir uzaq adadan baş götürən tarixlərin axıb-axıb haçansa bir dənizdə – bir dünya tarixində qovuşacağına inamını itirirdi. Burda qovuşmaqdan yox, bir dilin özgə dilləri öldürməsindən, bir tarixin o biri tarixləri zəbt eləyib yer üzündən silməsindən söhbət gedə bilərdi. Bir elin dilində hər sözbaşı işlənən səs ayrı elin dilində səslənmirdi, bir tayfanın qəhrəmanlıq saydığı işin üstündə başqa tayfa qan salır, baş kəsirdi. Hansı dil, hansı adət bu elləri bir ocağın başına yığa bilərdi? Yalnız güc - aslan gücü, qartal gücü, qurd gücü, birini yaşatmaq üçün o birini öldürən güc!

İsgəndər kitabxanada saç ağartdı, ancaq bildiyindən artıq nəsə öyrənə bilmədi. Kitabxanadan çıxıb özünü öz şəhərinin döngələrində azdırmaq istədi. İndi daha adamları əzib-kiçildib özündə əritməklə yox, adamlara qoşulub özünü bu sürüdə itirməklə təkliyin darıxmaq adlı zindanından qaçmağa çalışırdı. Meydanda it boğuşduran, ya xoruz döyüşdürən, ya pəhləvan döyüşünə baxan tünlüyə qoşulub yarışları heyran-heyran izləyirdi, udanı hamıdan bərk alqışlayıb uduzana hamıdan çox gülürdü. Bəyəndiyi qızlara küçədəcə yan alıb xam adam tək davranırdı, hər tayfanın adamıyla o tayfanın ləhcəsində danışıb hər qızı öz dilində dindirirdi. Dillərini bilsə də, o qızların ürəyinə iynə ucu boyda bir yol tapmırdı, onu tanıyan hər kəs qarşısında diz çöküb alnını yerə dirəyirdi, qorxu könüllərini necə çəpərləyirdisə, İsgəndər o çəpərdən aşmağın ona heç vaxt qismət olmayacağını düşünüb qəm çəkirdi.
İsgəndər o qızların da, cavan tay-tuşlarının da – zəhmət çəkib dilini öyrəndiyi bir kimsənin ondan çəkinməməsini, ona dost, qohum kimi, sevgili kimi ərk eləməsini istəyirdi; ancaq qorxmasaydılar, bu adamları heç nə burda saxlaya bilməzdi, hər quş bu qızıl qəfəsdən aralanıb yuvasına uçardı, İsgəndərin dünyası dağılardı.

Bax beləcə, İsgəndər içi cəhənnəm dolu adamlardan, ağaclardan, daşlardan özünə cənnət yaratmaq istəmişdi. Adamlardan, ağaclardan, daşlardan özünə dünya qursa da, o dünyanı adamların, ağacların, daşların da dünyasına çevirə bilməmişdi. Yer yumrusu özü boyda bir daş olub İsgəndərin boynundan asılmışdı. Dünyaya şəriksiz yiyəlik eləyən İsgəndər öz yükünü də şəriksiz çəkirdi.

Dünyanın hər dilini bilən dünya padşahının heç bir dildə biliyi artmamışdı, eləcə bildiklərini hər dildə danışmağı, ölüm, ayrılıq hökmünü bütün dillərdə verməyi öyrənmişdi. İndi İsgəndər hər kəsi öz dilində anlamırdı, hamı könlündən asılan qıfılı İsgəndərə öz dilində göstərirdi. İndi o bütün dillərdə darıxırdı.

XXX

Bir axşam İsgəndər kitabxanadan havalı çıxdı. İki gün bir gecə dünyanı başsız qoyub «Allahlar yurdu Olimp» adlı yazanı bəlli olmayan bir kitab oxumuşdu. Kitab Olimpin gecə həyatından, allahların bitməz-tükənməz sevgi içində keçən yaşarı ömründən elə yerli-yataqlı danışırdı, elə bil kitab yiyəsi gününü o dağda keçirmişdi, aşağı da elə bu kitabı yazmaqdan ötrü düşmüşdü. Olimp dağı toxunulmaz olduğundan İsgəndərin yer üzündə almadığı tək yeridi. Qoynunda bəslədiyi xoşbəxt tanrılarla birgə allahlar yurdu başını göyə dirəyib durmuşdu.

İsgəndər gecənin yatar çağında oxuduğunu bölüşməyə adam tapmadığından meydanda keşik çəkən əsgərlərə yanaşdı. Əsgərlər onun gizlicə başmaq seyrinə çıxdığını düşünüb, dağların havasından dərdikləri nəfəsi də ciyərlərindən qusub şax dayandılar. İsgəndər onların qorxu qarsmış üzünə baxıb, nəsə deməyin yersiz olduğunu anladı, şəhərin ayağına yenib, İsgəndəriyyəni Olimpdən ayıran çayı adladı, gecənin səssizliyində qorxusuz-ürküsüz qoxuyan dağ otlarının yuxusuyla nəfəsini ətirləyə-ətirləyə durmadan düz Olimpin təpəsinə dırmandı. Yalnız dağın başında dayanıb geri baxdı, baxmağıyla ürəyindən qalxan duman başını bürüdü, gözü qaraldı, di gəl, gözü qaraldıqca bir az da yaxşı görürdü – bu görmək o görməklərdən deyildi, burdan aşağı gözüylə yox, gözünün içindən baxan nəydisə, onun özüylə baxırdı.

Burdan bütün yer üzü bir baxışdan görünürdü. Burda gözünü yuman da görməyə bilməzdi: dağ - içindəki gül-çiçək yuvasınacan, dəniz – dibindəki balığın ürəyinəcən, ağac – kökünə bulaşan şirənin dadınacan, adam – yuxusuna, arzusunacan görünürdü. İsgəndər indiyəcən aldıqlarının dünyanın quruca qabığından özgə nəsə olmadığını ilk baxışdanca anladı. Bu qabığın içində hələ nələr, nələr varmış!..

Ölənlər hamılıqca burdaydılar. İsgəndər bu dağ başında yer üzündə gördüyündən min-min qat artıq adamın arasındaydı. Burda adam yer tutmurdu, yoxsa bir belə adama bir dağda yer tapılmazdı. Yanından dinməzcə ötən adamlar İsgəndərin üzünə də baxmırdılar – padşah oğlu uşaqlıqdan özünə qarşı belə saymaz davranış görməmişdi. Deyəsən, onlar sayıb-saymamağın nə olduğunu heç bilmirdilər, onlar İsgəndəri tanımırdılar, onu min-min adamdan ayırmırdılar.

Burdan bütün yer üzü üzündən astarınacan görünsə də, bir yox, beş yox, yüz dünya dolu adamın arasında olsa da, İsgəndər bu dağ başında, bu tanrılar yurdunda yamanca qəribsədi – nə o görükən dünya, nə bu dağ onunkuydu, nə də adamlar içində dostu-doğması vardı. Tanış üz görmək üçün sağa-sola, yaxına-uzağa baxırdı, ancaq ona baxmırdılar, onu görmürdülər, onu tanımırdılar.

İsgəndər yad ölkəyə düşmüş əsir uşaq kimi bozarmışdı – nə bir qapı, nə bir yol tanıyırdı, nə dil bilirdi. Qəribliyin qaramatı dünyanın yiyəsini yıxayıxda yadına ilk düşən Əflatun oldu. Olimpi çıxa-çıxa İsgəndərin könlü elə ağır yükə düşmüşdü, başı o yükün altında yatırdı, xam beyni alışmadığı ağırlığın basqısından təntiyib dolaşırdı. Onda İsgəndər ürəyinin dibindən qaynayan bir səslə Əflatunu köməyə çağırdı – yaranmışların ən çox biləni İsgəndərin başından gəldiyi bu yad dünyaya lağım atıb onun beynini bu selin qabağında dağılıb pozulmaqdan qoruyacaqdı…
Əflatun dara düşən İsgəndərin köməyinə bir göz qırpımında çatdı. İsgəndər onu görcək toxdayıb irəli yeridi, ustadın meydan kimi gen, işıqlı alnından öpüb kövrəldi.

- Bu nə işdi, Əflatun, bu qədər adam içində kimsə məni tanımır. Qarşımda baş əymək bir yana dursun, üzümə baxıb dindirmək də istəmirlər məni.
- Qəm eləmə, İsgəndər, - Əflatunun baxışından onun gözü qamaşdı, - sən tanısan, səni də tanıyarlar, dindirsən, dinərlər.
- Bu qədər adamı mən necə tanıyım, ustad? Burda yerdəkindən min qat artıq adam var!..
- Onları bircə-bircə tanımağın gərək deyil, İsgəndər, onları yaşadan qanunu tanısan, yetər.
- Mən dünyada öz qanunumdan başqa bir qanun tanımıram! Yer üzündə mənim qanunlarıma boyun əyməyən bir toz belə tapılmaz.
- Doğrudu, sənin çox güclü qanunların var, İsgəndər. Gördüyün kimi, o qanunlar burda işləmir, buranın öz qanunları var.

- Kim yazıb o qanunu?
- Heç kim yazmayıb – o qanun olub, var, olacaq. Ona dirilik qanunu deyərlər. Göyə atılan daş sənin qanununa baş əyib geri qayıtdığı kimi yerə düşən daş da ürəyin qanunuyla göylərə uçur. Bir qanun torpağın, o biri də ruhun düsturudu.
- Mən indiyəcən uçan daş görməmişəm, Əflatun.
- Görmək istəsən, görəcəksən. Bundan ötru sən daşı uçurdan qanunu özün üçün yaşayış qanununa çevirməlisən.
- Mən o qanunları necə öyrənə bilərəm, ustad? İsgəndəriyyə kitabxanasını ələk-vələk eləmişəm, qarşıma belə kitab çıxmayıb…
- Kitabları axtarma. O qanunun bircə bəndi var: dünyanı alıb Tanrı olmaq istəyən dünyanı hamıdan çox sevməlidi. Bütün qalan bəndlər bu bəndin törəməsidi.

- Səncə, mən dünyanı sevməyib almışam? Bu boyda işi sevmədən görməyə kimin qüdrəti çatardı?
- Sən dünyanı almaq istəmisən, almısan da. Ancaq onu heç vaxt sevməmisən. Sevsəydin, burdan görükən mənzərə səni çaşdırmazdı, burdan baxıb gördüklərini aşağıda da görə bilərdin. Sevsəydin, dünya özü ayağına gələrdi, daha qoşun-qoşun adamları qılıncının tiyəsi tək itiləyib, çərləyən atları başmağın tək dəyişib dünyanı qapı-qapı gəzməzdin. Dünya güclə ərə verilmiş arvad kimi sənin qucağında darıxır, özü xoşbəxt olmadığından səni də xoşbəxt eləyə bilmir. Gecənin bu çağında səni dağa çıxardan dərdin ayrı adı yoxdu.

- Doğru deyirsən, ustad, xoşbəxtliyin dadını da bilmirəm. Dünya hökmümlə yatıb fərmanımla durur, yer üzündə əlim yetməyən bir yer, ya bir adam qalmayıb, ancaq yenə darıxıram. Nədən ötrü, kimdən ötrü darıxıram, bilmirəm.
- Sən aldığın dünyanın mayası ayrılıqdan, bir də ölümdən tutulub. Sən o dünyanı almaqla çoxlu ayrılıq, çoxlu da ölüm almısan. Dünyanın gövdəsini öz gövdənə calaq eləyib dərdinə dərd artırmısan. İndi dənizlərdə itkin düşən hər balığın itkisi sənin itkin, hər qarışqanın ölümü sənin ölümündü. Bu qədər itkinin, ölümün yiyəsi necə xoşbəxt ola bilər? Sən ölümsüz, itkisiz həyatdan ötrü darıxırsan, İsgəndər.
- Belə çıxır, bu darıxmaq məni aparıb ölümsüz həyata çatdıracaq?
- Yox, ölümsüz həyatı duysan, darıxmağın keçib gedəcək. Bax, elə indiki tək…

İsgəndər üzünü qəfil dolu döyən adam kimi diksindi: gerçəkdən, bu dağ başında üzünə baxmasalar da, bayaqdan bəri darıxmaq yadına da düşməmişdi.
- Bəs Olimpin allahları hanı, Əflatun? - İsgəndər gecə yarısı bu dağ başına tanrıların görüşünə gəldiyni elə bil unutmuşdu.
- Bax, bu gördüyün adamlar hamısı taxtından düşmüş allahlardı.
- Onları kim taxtdan salıb?
- Heç kim. Allah özü taxtdan düşüb özünü min-min nüsxəyə ayırıb. Sonra da yer üzünün min bucağında min cür torpaqdan özünə min don biçib bir gündə, bir saatda min ömür yaşamağa başlayıb. Min-min nüsxədən hər biri

Tanrının boş qalmış taxtına özünü hamıdan qabaq yetirib dünyanı yenidən ələ almaq istəyir.
- Dünyanı açıb boşlayıb sonra da dalınca düşmək Allahın nəyinə gərəkdi, ustad?
- Bilmirəm. Görünür, Allah özünə ən uca, ən qalın divardan zindan qurub o zindandan qurtulmaqla öz gücünə dönə-dönə inanmaq istəyir. O divarı aşıb-keçib özünə qovuşmaqla, özündən yenib pillə-pillə özünə yüksəlməklə özünün özünə sevgisini sınağa çəkir.
- Bəs eləysə, Olimpdə yurd salan bu ruhlar kimdi – nə Tanrı kimi tanrıdılar, nə adam kimi adam.
- Onlar da bizim təki yarı yoldadılar. Hamının olan dünyada qoşa ömür yaşayıb hərəsi öz dünyasına çəkilib.

Növbə çatanda yenə bircə-bircə yer üzünə yenəcəklər. Aşağıda say artdıqca burda azalacaq, dünyanın sonundan qabaq burda kimsə qalmayacaq, doğulanların sayı çoxalıb Tanrının hər nüsxəsinə yetəcək, bütün ruhlar yer üzünə yığışıb son günün son saatına birlikdə şahid olacaq.
- Demək, burda hər kəs öz dünyasında yaşayır, hərə öz yuxusunu görur? Onda səninlə mən necə üz-üzə gəlmişik, necə danışırıq?
- Mən sənin dünyanın Əflatunuyam. Sən öz dünyandakı Əflatunla, demək, həm də özün özünlə danışırsan. Burda nə artmaq var, nə də azalmaq. Burda hər kəs hamının olan dünyadan, gerçək dünyadan ürəyinin boxçasında gətirdiyilə dolanır. Hər kəsin dünyası o gerçək dünyadan ala bildiyi qədərdi, çünki Tanrı bütün gücünü-qüdrətini o dünyanın canına, qanına, damarına yeridib, sevgisini yarpağa-ota, milçəyə-quşa, itə-ata, qadına-kişiyə çevirib. Gördüyün bu yarımçıq allahların hər biri itirilmiş gücü son damlayacan özünə qaytarıb öz dünyasının sərhədini Allahın qoyub getdiyi dünyanın sərhədinəcən genəltmək istəyir. Kim bu işi hamıdan qabaq görsə, indi hamının şərikli sevdiyi dünya onu seçib ona təslim olacaq.

- Demək, yalnız Tanrının taxtına oturana dirilik qismət olacaq? Bəs qalanlar, ustad, qalanların başına nə gələcək?
- Bilmirəm. Ola bilsin, onlar taxt-tacı devrilmiş, möhürü əlindən alınıb dünya üstündə yiyəlik haqqını itirmiş padşah kimi yalqız dolanacaqlar. Ancaq onlar ölə bilməzlər – ruha ölüm yoxdu. Ucalmaq istəyən kəsə təkcə ölümsüz yox, həm də dünya dolusu bir ömür gərək.
- Mən bu yarışda kimsəni özümdən irəli buraxmaram, - İsgəndər coşub əlini qılıncına uzatdı, dağdan aşağı baxıb, üzündən astarınacan, tozundan damlasınacan görünən dünyanın üstünə qıcandı, - mən dünyamı heç kimə vermərəm, heç kimə!

- Lovğalanma, İsgəndər, - Əflatun qəzəblənib saqqalını ona tuşladı, - burdan baxanda gördüklərin səni şirnikdirməsin. Burdan baxmaq var, görmək var, ancaq toxunmaq yoxdu. Dünyaya əlinlə də, qəlbinlə də toxunmaq üçün aşağı yenməlisən, öz dünyandan hamının olan dünyaya çıxmalısan, gerçək dünyayla üz-üzə gəlməlisən. Orda Tanrının xəzinəsi yatır, hər kəsin əlində o xəzinənin qapısına düşən bir açar var. Get, İsgəndər, uğur olsun! Bax, o sızıldayan ağacı görürsənmi – odunçu baltanı onun gövdəsində qoyub gedib. O can verən iti də görürsənmi – acından ölür. Evlərinin bir küncünə çəkilib səhəri dirigözlü açan, yorğanı başına çəkib ağlayan o qızın da dərdini bilirsən – sənin əsgərlərin onun sevdiyi oğlanı öldürüblər, özünü də sabah bir varlı dul kişiyə verirlər. Burdan əlini ha uzatsan, əlin onlara yetməz, ha çağırsan, səsin dünyaya çatmaz. Qılıncını yerinə qoy, İsgəndər, aşağı yen. Ürəyinlə çıx dünyanın ovuna, bu gördüyün dünyanın sorağına ürəyini uçurt getsin – quşu quşla tutarlar. Qılıncın bir başı bədənindən ayıranacan ürəyin caynağında sənə dünya gətirəcək…

İsgəndər sabaha yaxın dağdan düşdü. Çayı keçib şəhərə girən kimi dünya gözündə söndü, bayaqkı mənzərədən əsər qalmadı. İsgəndəriyyə meydanına çatanda qanrılıb, ağaran dan yerinin işığında Olimpi altdan-yuxarı bir də süzdü: burdan baxanda Olimp ayrı dağdan seçilmirdi, səhərin alatoranında duman basmış qayaları, qayada bitən kolları seyrək-seyrək qaralıb-bozarırdı. Ordan görükənləri indi görə bilməsə də, gecə boyu gördüyü dünyanın dadı İsgəndərin gözlərindən, havası da başından getməmişdi. Daha darıxmayacaqdı, getməyə yer tapmışdı.
Otağına girəndə gövdəsini yataqda inildəyib qurcuxan, əsim-əsim əsən gördü. Yatağına uzanıb gövdəsinə sarıldı. Titrəməsi kəsdi. Otuz üç il dincəlmədən tamahla qorxunun arasında at çapan, arxayınçılıq, sakitlik bilməyən bədən susub dərin yuxuya batdı.

XXX

İsgəndər yatağından günorta qalxıb dünyanın taxtına çıxdı. Onun belə çox yatması hamını mat qoymuşdu. Yer üzü yeni günü yaşamağa hələ başlamamışdı, hamı, hər şey hənirini kəsib, yeni günə adlamaq üçün şahdan buyruq gözləyirdi.

İsgəndər bir fərmanla indiyəcən hökm sürən bütün qanunların gücdən düşdüyünü car çəkdi. Ardınca yeni qanunlar yaradıb yeni fərmanlar verdi: bundan sonra yer üzündə daş çapmaq, ağac kəsmək, balıq tumaq, ov ovlamaq qadağan olunurdu. Əli iş tutan hər kişi bir itə yiyə durmalıydı. Bütün atlar – istər döyüş atı olsun, istər yük atı – açılıb buraxılmalıydı. Bir fərmanla qulları, kənizləri, dustaqları, əsirləri azad eləyən İsgəndər başqa fərmanla bütün nikahları pozub, evlənməyi cinayətlər cərgəsinə qatdı. Yeni qanuna görə, İsgəndəriyyədə yaşayan hər kəs yatmazdan qabaq Olimp dağına çıxıb düşməliydi.

Qanunların, fərmanların işləməsinə göz olmağı orduya tapşırandan sonra İsgəndər ordunu da buraxdı. Qanunlara könüllü əməl olunsun deyə o hamının könlündə dünyaya qarşı yiyəlik duyğusu, ata-ana doğmalığı, qardaş-bacı ərki oyatmaq istəyirdi. İsgəndər dünyanın üzündən tamah şirəsini, qorxu tozunu silib onu Olimpdən görünən şəklə salmaq istəyirdi.

İsgəndər dünyanı azad eləyə-eləyə özü də dünya boyda boyunduruqdan azad oldu. İndi onu öz əliylə azad elədiyi quldan heç nə ayırmırdı: biri qorxunun doğurduğu zalımlıqdan, o biri zalımlığın törətdiyi qorxudan, biri qorxunun əzən başından, o biri əzilən başından, biri qorxunun döyən ucundan, o biri döyülən ucundan geri çəkilə-çəkilə gəlib iki qorxu arasındakı ən qorxusuz bir yerdə, bir qorxunun qurtarıb o birinin başlamadığı zolaqda çiyin-çiyinə durmuşdular. Bundan sonra İsgəndərin dünyası o dünyada könüllü yaşayan qulun, kənizin də könlünü bəsləyəcəkdi, o dünyada öz yerini hər kəs özü seçib göstərəcəkdi…
Dünyanın tək yiyəsi yenicə yetişdiyi azadlığın dəmində xumarlanan vaxt alimlər alimi, vəzirlər vəziri Ərəstu saqqalını yola-yola qaranəfəs özünü içəri saldı:

- Sənə nə olub, İsgəndər, yoxsa başına hava gəlib?! Sən ki mənə genəşməmiş bir fərmana qol qoymazdın!..
- Mən qanunlarımı dəyişmişəm, Ərəstu. Bundan sonra biz ayrı qanunlarla yaşayacağıq. Mən dünyada yeni nizam yaratmaq istəyirəm.
- Sən dünyanın nizamını pozmusan, həyatın dayaqlarını uçurmusan! Bir başını çölə çıxart, gör dünyada nə qarışıqlıq düşüb. Yüz minlərlə adam sən verdiyin azadlığın əlində qalıb, bilmirlər hara qoysunlar sənin azadlığını!

- Onlar azadlığı məndən pay kimi aldıqlarına görə çaşıb qalıblar. Bir azdan azadlıqda öz evlərindəki kimi gəzib dolanacaqlar. Qoy özlərini harda azad bilirlər, ora da getsinlər.
- Sən qoyduğun qanunlarla bu adamlar heç yerdə yaşaya bilməz. Hara getsələr, ya acından öləcəklər, ya da sənin qanunlarını pozacaqlar.
- Mən qorxusuz, ölümsüz dünya yaradıram. Aclıq qorxusu olmasa, aclıq da olmaz, aclıq olmasa, cinayət də olmaz. Əgər onlar mənim qanunlarımı pozmaq istəsələr, özlərinə ölüm hökmü kəsəcəklər. Ancaq bu hökmü daha mənim cəlladım yerinə yetirməyəcək, qanunu pozan özü öz qəsdinə duracaq, özü özünün cəlladı olacaq. Mən onlara dirilik qapısını, Allah olmağın yolunu göstərirəm. Qalanı öz işləridi, özləri bilsinlər.

- Təkcə özlərinin yox, bir-birinin də qəsdinə duracaqlar. Hərc-mərclik, özbaşınalıq, dərəbəylik olacaq. Hər kəs öz diriliyini başqasının ölümündə axtaracaq – lap meşədəki kimi. Sən bunumu istəyirsən?! Dediyin o qorxudan – ölüm qorxusundan başqa hansı güc bu fəlakətin qarşısını ala bilər?
- Fəlakətin qarşısı qorxuyla alınmaz, qorxu özü ən böyük fəlakətdi. Bir adamın - təkcə mənim vücudumda dolaşan qorxu bütöv bir dünyanı almağa, yüz minlərlə adamı qılıncdan keçirməyə, ölkələri, yurdları xaraba qoymağa, meşələri, dənizləri boşaltmağa yetib. Bundan da böyük fəlakət olarmı? Fəlakətin qarşısı qorxuyla alınıbsa, demək, daha betər fəlakət o fəlakətin izini itirib. Biz ki səninlə birgə bunu çox sınamışıq!..

- İndi nə deyirsən, bundan sonra sevəcəklər dünyanı? Öz atlarına, arvadlarına qıraqdan baxıb onların dərdindən öləcəklər?
- Mən demirəm sevəcəklər. Mən deyirəm sevsinlər.
- Sən hələ soruş gör, onların dilində sevgi sözü varmı? Sənin azadlığın onları dəyişə bilməz. Bundan sonra atlarını da, arvadlarını da sənin qorxundan gizli-gizli minəcəklər. Dəyişən, bax, bu olacaq.
- Ərəstu, daha mənim onları qorxudası canım qalmayıb. İndi mən bu görünən dünyada öz bədənimdən başqa heç nəyin yiyəsi deyiləm. Mən öz qanunlarıma keşik çəkmək istəmirəm, hər kəsin ürəyi gecə-gündüz yatmayıb onun keşiyini çəkir. Bundan da sayıq əsgər tapmaq olarmı?

- Axı sən bu qanunları hardan almısan? Olmaya sən də Əflatunun kələyinə düşmüsən? Sənin sevgi dediyin o duyğu ehtirasın, tamahın bir ayrı adından başqa heç nə deyil. Sən yer üzündə ehtirasın ən böyük tufanını qoparmısan, insan gücünün əlyetməz dağlarına çıxmısan. İndi də gözgörəti özünü o dağdan aşağı atırsan.
- Bəlkə də sən hardasa doğrusan, Ərəstu, ancaq mənim də tam dürüst, aydın bildiyim bir gerçək var: indiyəcən darıxırdım, indi darıxmıram, indiyəcən qorxurdum, indi heç nədən, heç kimdən qorxmuram. Mən indi bilmişəm, adam diriliyə inanmamaqdan qorxaq olurmuş. İndiyəcən dünya əlimdəydisə də, təklikdən bağrım çatlayırdı. İndi nə ölkəm var, nə qoşunum, nə taxt-tacım, əvəzində dünyanın ən ağır mərəzindən – təklik azarından biryolluq ayılmışam. Bütün dünya qanadlanıb üstümə uçur, məni darıxmağa qoymur. İndi məni sənin söhbətindən başqa heç nə darıxdırmır.

Ərəstu keçmiş şəyirdinin sözündən möhkəm incidi, acıqlı-acıqlı dönüb İsgəndəri yerişiylə hədələyə-hədələyə getdi.

Gün batana yaxın İsgəndər meydana çıxdı. Adamlar onu görcək başına toplaşdılar, sözlü-sözlü üzünə baxdılar. Bu adamlar İsgəndərin əməlində nəsə böyük bir kələk, ağlagəlməz gediş, misli görünməmiş hiylə axtarırdılar, di gəl, bu tələnin kimdən, nədən ötrü qurulduğunu heç anlaya bilmirdilər.
İsgəndər onların çaşqın görkəminə uzun-uzadı baxıb qəmli-qəmli gülümsündü. Onlar da gülümsündülər. Nə onlar soruşdular, nə İsgəndər danışdı. İsgəndər miskin bir yük heyvanına çevirdiyi adamlara baxdıqca gözü doldu. Onlar da ağlaşdılar. Bəlkə də bu, min illər sonra dünyanın gələcəyi böyük barışığın nişanəsiydi.
Sonra İsgəndər meydan dolu adamı yarıb şəhərin ayağına yendi…

XXX

Bu gəlişdə Olimpin yarımçıq tanrıları onu gülərüz qarşıladılar, qabağına yeriyib əlini sıxdılar, halını soruşdular. İsgəndərin gözü Əflatunu axtardı, axtaran kimi də tapdı.
- Mən səni bu qədər ürəkli oğlan bilməzdim, İsgəndər, - Əflatunun alnı dünənkindən də işıqlıydı, - sən bir gündə yerin altını üstünə çevirdin, üzünə üz tutmuş dünyanın niqabını yırtdın.
- Mən gövdəmdən asılan bütün yükləri atdım, ustad, dünyanın ürəyinə yol tapmaq üçün dünyanın leşini yolumdan qıraq elədim. Təkcə bədəniylə bacarmaq üçün insana neçə ömür gərəkmiş – mən bunu gec də olsa, anladım.

- İnsan gövdəsi torpağın şah əsəridi, İsgəndər. Bir bədənin taxtında oturan ürək torpaqdan yaranmış nə varsa, hamısını, ən uzaq ulduzacan dünyaları zəbt eləmiş sayılacaq. Daşlar daş qəfəsindən, ağaclar gövdəsindən, quşlar quş boğazından, qurdlar canavar ağzından çıxıb onun görüşünə tələsəcək.
- Mən səndən öyrəndiyim qanunu yer üzündə yayıb gəldim. Ancaq bilmirəm, o qanun adamlara gərək olacaqmı?

- Qəm eləmə, İsgəndər, dirilik qanunuyla hər kəs dolana bilməz. Yer üzündə o qanunla yaşayan bircə nəfər də qalsa, həyatı qorumağa, dünyanı yaşatmağa yetər. Sənin dostun, vəzirin, müəllimin, mənim də şəyirdim Ərəstu belə məntiqsiz söhbətləri sevməz. O öz tanrısını da məntiq tilovuyla tutub, allahlar içində özünə ən yaxşısını, ən xeyirxahını, ən güclüsünü yox, ən sərfəlisini götürüb. Səni yoldan çıxarmaq üçün necə əlləşdiyini görürdüm. O sənə həmişə özünün ən gözəl əsəri kimi baxıb, sənin əlinlə öz təlimini yer üzündə sınaqdan keçirib. Ömrü boyu da mənə təpik atıb, mənim yazdıqlarımın kökündən yalan olduğunu sübuta yetirməyə çalışıb. İndi sənin dönməyin ona öz təliminin iflası kimi ağır gəlir. Görürsənmi, oturub sənə qurğu qurur, səni cəzalandırmağın yollarını axtarır. Ərəstunun məntiqiylə hökmdara onu taxtdan düşürməkdən ağır cəza vermək olmaz, di gəl, bu işi sən onsuz da görmüsən. İndi də öz məntiqini tərsinə oxuyur: səni taxt-tacına qaytarmaqla bir yandan öz təlimini yenidən dikəltməyi, o biri yandan da səni cəzalandırıb səndən qisas almağı düşünür.

- Öz aramızdı, ustad, sən də özünə sərfəsiz din yaratmamışdın. Özünü allahların yer üzündə tək elçisi sayırdın, hər otun, hər yarpağın Tanrı iradəsiylə tərpəndiyini deyib, özünü o iradənin gəzən heykəli kimi hamıdan seçib ayırırdın. Səni seçib başqasını seçməyən Tanrının ədaləti sənə heç toxunmurdu, heç demirdin seçilməyənlərin günahı nədi…

- Mənim ən böyük yanlışım insanın başı üstündə tanrı axtarmağım olub. Mən yarpaqların, otların kiminsə istəyinə yox, qanunlara tabe olduğunu görmək istəməmişəm. Mən hamıya, hər şeyə, hər qum dənəsinə yazı yazan, hamının yerinə düşünən bir varlığın dərgahında birlik, dirilik axtarmışam. Ancaq ruhun mayasında onsuz da ölüm yoxdu, biz ölmək istəsək də, ölə bilmərik, mayasında ölüm olmadığından ölümə can atmaq duyğusu da ruha yad olan duyğudu – bunları mən sonra gördüm. Birlik də baş tutan deyil – o Birliyi öz içində tapan, öz başına yığan Bir birliyi əvəz eləyəcək. Bura gələndən sonra bildim: heç kim bizim yerimizə düşünüb bizə tale yazmırmış. Yazılmayan, həm də pozulmaz olan tək Qanun var. Hər kəs o qanuna baxa-baxa, ya da baxmaya-baxmaya öz taleyini özü yazır, özü özünü yaradır, özü özünə allahlıq eləyir. Kimin allahlıq eşqi, ədaləti başqalarının eşqini, ədalətini üstələsə, başqalarına da allahlıq eləyəcək… Sən qanunun nə olduğunu bizdən yaxşı anladın, İsgəndər. Sən sızıldayan ağacın, can verən itin, ağlayan qızın köməyinə yetişib onları mərhəmətin umuduna qoymadın. Sən onlara zülm verən, ölüm verən qanunları dəyişdin…
Əflatun bunu deyib adamların arasında yox oldu. İsgəndər Olimpin dərinliyinə, adamların tünlüyünə baş vurdu. Burda dünya getdikcə qurtarmırdı. Hər daş, hər ot, hər cığır ona tanış gəlirdi, hər ağac, hər kol onu çəkib yaddaşının ucuna-ucqarına aparırdı…

Bax, meşənin içindən keçən bu yol dərəni adlayıb dağlara, dağlardakı çoban binəsinə gedib dirənəcək. Ova çıxan padşah oğlu başının dəstəsiylə görünəndə çoban itləri tökülüşüb atları ürküdəcək. Kişilər çöldə-bayırda, qoyunda-naxırda olduğundan arvadlar əldə ağac yüyürüşüb qonaqları itdən qoruyacaqlar. Sonra İsgəndər onlardan su istəyəcək. Gözləri sudan duru bir qız ona su gətirəcək. Dağ yeli qızın yaylıq altından çıxan telini tel-tel ayıracaq. İsgəndər qıza baxa-baxa suyu içəcək, suyu içə-içə qıza baxacaq. Yenə su istəyəcək. Çoban iti çoban qızını padşah oğluna qısqanacaq. Qız itə baxıb güləcək. İsgəndər də qıza baxıb gülümsünəcək. İt utandığından başını yerə dikib özünü dərəyə verəcək…

Sonra padşah oğlunun dağlara, çoban binəsinə sevgi yürüşləri başlanacaq…
İsgəndər on yeddi ildə o günü yada salmağa bir gün də vaxt tapmamışdı. O dağdan yenəndən bəri ta ötən günə qədər İsgəndərin bircə yol da üzü gülüb dodağı qaçmamışdı.
…Budu, atlar meşəni geridə qoyub dərəni adladılar. Diki çıxıb aşırımı aşdılar. Dəyə kölgəsində yatan çoban iti gələnlərin hənirini alıb dikəldi, bir ağız hürüb itləri oyatdı. Budu, itlər atları aralığa aldılar. Arvadlar əldə ağac onlara sarı yüyürüşür…

XXX

İsgəndərin başı çoban qızıyla sevgiyə qarışdı deyə səhərin açılmağından, axşamın düşməyindən xəbər tutmadı. Dünyanın padşahı üç gün-üç gecə yatağında qıvrılan, ağrı çəkən, titrəyən gövdəsindən ayrı düşdü. Yer üzünün hər yerindən adamlar axışıb gəlib İsgəndəriyyə meydanına yığışdılar, bir-birindən İsgəndərin halını soruşdular, padşaha alqış eləyib uzun ömür dilədilər. Ərəstu yunan həkimlərini, İran muğlarını, Çin təbiblərini, hind cadugərlərini padşahın yatağı başına yığıb İsgəndəri sağaldana qızıl-gümüş dağları boyun oldu. Ancaq onun dərdini nə həkim bildi, nə təbib, nə muğ, nə də cadugər, bu görünməmiş azara hərəsi bir ad qoydu. Dərdi bilinsəydi, bəlkə dərmanı da tapılardı.

Üç gün-üç gecə padşah yatağında sayıqlayıb inildədi, çənəsi əsə-əsə elə hey harasa baxıb kimisə harayladı. Başına yığışanları nə gördü, nə eşitdi. Üç günün tamamında İsgəndərin gövdəsi titrəyib-titrəyib söndü. Alnında puçurlanan tər soyuyub buz bağladı. Meydana yığılan yüz minlərlə adam bu xəbərdən silkələnib şəhəri bünövrəsindən oynatdı, İsgəndəriyyənin divarları çat verdi.

İsgəndər çoban qızından ayrılıb Olimpin kəlləsindən aşağı boylananda üstünə daş-qaş düzülmüş bəzəkli bir qayıqda insan dənizinin üzüylə yavaş-yavaş yoxluğa sarı üzdüyünü gördü. Gecikdiyini anlayıb dağdan düşmədi – qayıtmağa yer qalmamışdı. Yenə çoban binəsinə, çoban qızının görüşünə getdi. İndən belə İsgəndər də o dağlarda çobanlıq eləyəcəkdi, onu çoban qızından heç nə ayırmayacaqdı…

XXX

Aşağıda da deyirdilər guya Böyük İsgəndər balaca bir dərddən – qızdırmadan ölüb.

Gəncə, 24 mart 2006
XS
SM
MD
LG