Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:37

Rafiq Tağı "KURORT ZONASINDA MÜHARİBƏ" (Hekayə)


Rusiya qoşunları Gürcüstana girər-girməz, qoşunlardan azca uzun, bir az da enli torpaqlarda şəhərlər yanmağa başladı. Sanki qoşunlar kibritdilər, şəhərlər də - neft və neft məhsulları. Artıq rəngli televizorlarda dan yeri və qürubun qatı-qırmızı günəşlərini yanğınlardan seçmək çətindi. Günəşi yalnız üfüqə qərq olmağından tanıyardın. Yanğınsöndürənlər bir dəfə çaşıb Günəşi söndürmək istəmişdilər.

Doktor Osmanov Cəfər iki gündü uçunur; yuxusu ərşə çəkilib. İşdə ona “hazır ol” deyiblər: işdi, birdən müharibə zonasına getdin. Bu müharibələr cərrahların başının daşıdır daa. Ancaq əslində cərrah - elə müharibəlikdi. Bə qaçatbasdı ora kimi yollasınlar – dermatoloqumu? Yoxsa həkim-kosmetoloqu?

O gün-bu gün o, son xəbərlərə dörd gözlə baxır. Baş sındırır, beyin çatladır: görən, televiziyaların dabanqırdı-qaranəfəs göstərdikləri şəhərlərdən hansına düşəcək? Qoşunlar şəhərləri bir-bir tutur, o da oraları atüstü ekskursiya edir. Fikrini əsasən qədim binaların arxitekturasına yönəldib. Əfsus, telereportyorlar kameralarını arxitektur cizgilər üzərində çox saxlamir. Bir şey qanırlar ki. Eşşək nə bilir zəfəran nədir? Bəyəm onlar anlayır ki, hansı arxitektur şedevrin, möcüzəli ornamentlərin üstündən keçirlər? Filhəqiqə, eşşək cüməaxşamı qanmaz. Cansız telekameralar hər şeyi görürsə də, canlı və hətta canlı-cüssəli reportyorlar sanki baxar kordular. Onlarınkı od-alovdu, dağılan tifaqlardı; müasirliyi də bunda görürlər. Deməliyəm ki, elə teletamaşaçılar da onlarla bir bezin qırağıdı: dünyəvi sənət nümunələri göstəriləndə, bunu fasilə kimi başa düşür, durub özlərinə çay süzürlər. Bə hamı Cəfər kimi olacaq? O, müharibə gəzən şəhərlərin qədim küçələrini İçərişəhərdəki küçələrlə tutuşdurur. Mat qalmalı işdi, ulu babaların təfəkkür tərzi hər yerdə təxminən eyni cür olub. Hamısı Adəm və Həvvanın debil törəmələrindən törənənlərin törəmişləri, yəni tör-töküntüləridi. Ağıl-dərrakələri buracan çatıb: orda da, burda da dar və əyri küçələr icad ediblər. İçərişəhərdəki küçələrdən kök və qarnıyoğun, xüsusən də nehrəqarın adamlar yanpörtü keçir. Koppuş və toppuşlar İçərişəhəri diaqonalda aşa bilməzlər, onlar gərək çevrə cızalar. Ölkənin yoğun adamları İçərişəhərə ekskursiyalardan məhrumdur. Həmin yoğunlar bundan nəticə çıxarıb, öz övladlarını nazik-şüvərək çağlarında oraya göndərir. Qayıdandasa, soruşurlar: nə gördün? Onlar qocalanacan da elə bilir, kim İçərişəhəri gəzsə, mədəni və tərbiyəli olar.

Hə, doktor Cəfər bir-birinə ağız atan iki qonşu dövlət hesabına havayı ekskursiya ləzzəti içindəydi. İstənilən müharibənin mənfilikləri başdan aşırsa da, bax, belə müsbət cəhətləri də qədərincədir. Müharibələr tamaşaçıya göydəndüşmə poetik-estetik sürprizlər əta edir.

İki gündüz bir gecəyə, sonra da iki gecə üç gündüzə o, müharibə gedən əksər gürcü şəhərlərini ekranda görə bildi.

Amma bu müharibə həm də o şəhərlərin qlobal miqyaslı reklamı oldu. Bütün dünya Gürcüstan kurortlarını qiyabi tanıdı. Turizm həvəskarları “1” yazıb, “1” yadda saxladılar. Müharibə gedib, sülh gələn kimi də oraya axışacaqlar. Təbiət gözəlliklərinə bəşəriyyətin törətdiyi təptəzə xarabalıqlar da əlavə olundu, beləliklə turizm obyektləri zənginləşdi. İndən belə hansı binada güllə yeri tapsalar, onu eksponata döndərəcəklər. Halbuki sayın nə əhəmiyyəti; min güllə yerinin bir mənası var – deşik, sinonimi də -.dəlik.

Küləklər deşiklərdən məşum müharibə səsləri çıxaracaq.

Qafqazda sülh iki-üç bambılının düz kağızlar üzərində əyri qoluyla bərqərar olasıdır.
Bircə - müharibə kurort zonasına sağ-salamat gedib çıxa bilsəydi, Cəfər düşünür. Orda tezliklə hər şeyi əyani görəcək. Hamının sülh dövründə başa çatdırdığı ekskursiyalar bunda müharibənin ortasında baş tutacaq. Gələcəyin dəhşətli turizm obyektləri də, təbiətə əlavə kimi, onun gözləri qarşısında - canlı-canlı, qanlı-qanlı yaranacaq. İnsan şaqqaları təzə ət şəklində görsənəcək.

Hərbçilər çıxılarsa, o, tarixi xarabalıqlar quruluşunun nadir iştirakçılarından sayılacaq.

Birdən yadına düşəndə ki, heç kəs onun qara qaşına, qara gözünə aşiq deyil, orda onu işlətməyə aparırlar, qanı it qanına döndü. Qorxasan, televizorda rahatca seyr etdiyi mənzərələrə başını qaldırıb baxa bilməyə də. Baxmağa vaxt tapmaya. Ya əmək haqqının tərkibində seyrəngahlara dair qeydlər yoxdu, deyib də, təbiət mənzərələrini ona yasaq edələr. Yəqin nə ekskursiya etdisə, teleekranda etdi. Neynək, onda sülh vaxtı rastlaşmadığı, gələcəkdə də rastlaşmayacağı, qorxunc baş-bədən, qol-qıç yaraları mənzərələrinə səyahət qurar. Uçmuş şəhərlərə baxdın, ya cırıq qarınlara, sınıq-salxaq “Zapı”lara oxşar döş qəfəslərinə - mahiyyət eynidir. Könlü istəyən ekskursiya ləzzətini, üzr istəyirəm, ayaqyolundan da çıxarar. Mişar daşı da, palçıq kərpic də, ac-yalavacların tərz-hərəkətləri, sancı çəkən inək, duz yalayan camış – bunlar hamısı ekskursiya materialıdır. 0,5-1,0 qram ağırlığı olmayan kəpənəklər də və sair. Allaha hamımız qurban olaq, kim mandaloşka birəsini mikroskopda görsə, hayıl-mayıl olar. Rəng çalarlarının incəliyinə görə, mandaloşka birəsinin mikroskopdakı mənzərəsi impressionist rəssamların tablolarından üstündür.

Gürcüstan kurortlarını hamamı sərin, özü isti Bakımızda bir yaşıl ağac budaqları arasına baş soxub da təsəvvür edə bilərsən.

Həyat itkilərin kompensasiyasında cilvəlidir.

Gürcüstanda müharibə dünyanın başqa yerlərindəkindən yer-göy qədər fərqlənir: orda qıpqırmızı alovlar gah yamyaşıl ağaclar, gah da gömgöy dəniz fonunda görsənir.

Cəfər həkim oturub-durub fəxr edir: Azərbaycanın atacağı humanist addımın tərkib hissəsi olacaq. Bir dəfə sevincini özüylə bölüşmək üçün bədənnüma güzgü qabağında qoşa şıllaq atdı. Fikir verib, ruh düşkünlüyü çağlarında heç vaxt şıllaq ata bilmir. Ancaq Gürcüstanda insanlar artıq partapart qırılırdısa da, yuxarılarda planlaşdırılmış addım hələ atılmırdı. Addımı atmaq üçün part buraxacaqmış kimi bir ayağını qaldıransa gözə dəymirdi. Bir atımlıq barıtlarını atıb dayanıblar. Humanizm aktı üçün hamı bir-birindən sərəncam gözləyirdi. Bu mərtəbəli-mərhələli sərəncamlar bir əmr formasında da gəlib Cəfərin adında bənd alacaq. Dövlətin hər adama qismət olmayası bir firma blankı şəxsən ona həsr ediləcək. Bu münasibətlə də qalxıb açıq döşək üstə dombalaq aşdı.

Istənilən dövlətdə belədir - ümumbəşəri humanist hərəkətlər yalnız riyazi dəqiq bürokratik proseduraların icraatıyla hasilə gəlir. Bürokratiya humanizmin dosdoğma anasıdır.

Doktor Cəfər üçün müharibəyə bu ezamiyyə təklifi əsasən kurorta getmək şansı kimi qiymətliydi. Artıq o, Gürcüstan “müharibə zonası”na “kurort zonası” deyir. Ömründə kurortda olmayıb - Allah bunu götürər? Tərslikdən, xəstələnməyib də ki, müalicə bitəndə, sanatoriyalara yollayaydılar. Sanatoriya və kurort – bunlar cüt bacı kimi şeydilər. İndisə gəlhagəlidir, gedib orda yaralanarsa, Gürcüstanın kurort effekti bir yana, sanatoriyalara düşmək ehtimalı birə-yüz artacaq. Heç kim də yox, dövlət özü ona deyəcək: ə, davay, gəl bura, get ora.
İnsan yaralanan kimi hörmətə minir - bir növ, heç nədən.

Ura, indən belə dəfən-dəfən gedəcəyi sülh kurort mərkəzlərində gəlmə qızların qarnına uşaq qoyub yollayacaq vətənlərinə. Nədənsə, uşaq əkmək ona bir qurtum su içmək qədər asan gəlir.

İnsan ömrü ən azından bir-iki müharibəylə kəsişir və elə müharibəylə də mənalanır. Belə götürəndə, xoş yaşayışın rəhni sülh yox, müharibələrdir. Sülh vaxtı ağzı ətə çatmayanlar müharibədə, ölüsü, əlillik qazanır. Əlillik müavinəti ömürlük maaş növüdür. Üstəlik, müharibənin təkqıçlı insanı sülhün cütqıçlı insanından nüfuzlu olur. Sülh iştirakçısı müharibə iştirakçısı yanında diligödək, üzükölgəlidir. Ümumiyyətcə, sülh müharibəylə müqayisədə ikincili dəyərdir. Müharibə görən müharibə görməyənə şillə də vurar, insafı olmaya, onu təpik altına salar da. Övladsız qalan müharibəgörmüş az qalır sülhgörmüşün balasınaca şərik çıxa. Elə görsətmələr olub. Bir gün qoşaçəlik bir müharibə əlili öz həyət sakinlərindən olan başıaşağı bir sülh sağlamına qarşı məhkəmə iddiası qaldırası. Guya o, səngərdə böyrəklərini çürüdəndə, bu, nazlı-duzlu arvadıyla keflər çəkib. Başıaşağı sağlam and-aman eləyəsi: əşi, atan yaxşı, anan yaxşı, Allaha bax, Qurana bax, o heç vaxt müharibə gedə-gedə kef niyyəti güdməyib. Güdə də bilməz. Elə şey olar? Hələ mənəviyyatı itməyib onun! Yaxşı tanımırsız onu – itə də bilməz. Həm də zənənlər gedib baxsınlar, onun arvadı nazlı-duzlu da deyil. Laqqa-taraqqa şeydi, özü də təzəlikcə onda döş vəzisinin xərçəngi tapılıb.

“Bə onda uşaqların hardandı?”
“Allah verib”.
“Get özünü dola”.
“Dolayan sənin gününə düşsün!”- axır başıaşağı sağlam onun üzünə qayıdası.
“Qurana əl bas ki, arvadla yatmamısan”.
“Ay balam, arvadla yatmağın kef çəkməyə nə dəxli var?”
“Var!”

“Arvadla kefdən yox, dərddən yatırlar”.
“Qurtaraq boş söhbətləri, evindəki üç uşaqdan kiçiyi mənimdir!”
“Başqa heç nə istəmirsən?” – sağlam əliylə ona “şiş” göstərib gedəsi.

Proses hələ bitməyib. Bir neçə qəzet bu işin yekununu işıqlandırmağa söz verib.

Əlil əsalarında mifik qorxu şiddəti var.

D-r Osmanov Cəfərin əlinə fürsət düşüb. Ömrü kirayələrdə keçmiş insan üçün qonşu dövlətə səfərdən maraqlı nə ola bilər. Doğulduğu rayona getməyəsə bayramların birində imkan eləyib, birində yox. Xeyir-şərdən məhrum, novruzlarda – peşimandı. Qulaqları qızaran kimi də dalağı sancar: orda kimlərsə sözünü danışır, dalıyca da lombaynan tüpürcək atırlar. Əslində onun üzünə tüpürürlər, sadəcə, tüpürcək gəlib dalına düşür. Artıq dalı Salvador Dalinin rəsmləri səviyyəsində sürrealistik bir üzdü.

Uzun işdir.
...Müharibədən xeyir güdür. Yumurtadan yun qırxır. Keçi can hayında, qəssab piy axtarır. Axı, niyə belə oldu, o niyə belə edir? Çaşıb müharibədə qarətçiyə çevrilər.

Allah üzünə baxıb: indiyəcənki müharibələri tamaşaçı qismində yola verib.

Müharibədə tüklənməyin əsas yolu çapovulluqdur. Göyə bir güllə uçurt, kəndlər qaçsın. Lapdan-lapa hazıra nazir olursan. Gərək ömrü boyu başa elm-bilik yığmaq əvəzinə, əzələ “kaçat”dayaydı. İdman - mahir qarətçilik institutudur. Əzələ varsa, baş nəyə gərək, güc də varsa – ağıl. Çapovulluq müharibədə qəbahət yox, fəzilətdir. Bir başqası da zənn edir: qıtlıq yaranar, o, varlanar, hallanar-dullanar. Qıtlıqda özünün də kasıblaşacağını, bir həsir, bir Məmmədnəsir qalacağını fərz edən yoxdur. Sanki müharibə olan kimi un-ərzaq anbarlarını ölkə dılğırlarına tapşıracaqlar. ...İndi müharibənin şən cəhətlərinə keçək. Sülh dövründə qız-gəlin üzünə baxmağa belə həya etmiş kəslər müharibənin bismillahını zorlamalarla etmək istəyir. Özü də subyekt qoca olsun, ya cavan, belə deyək, qartımış, ya sütül, böyük, ya uşaq – xəyalplovun reallaşması üçün bu cəhətlər rol oynamır. Düşməninki, ya özünkü, diri, ya ölü - harda tutdun, bas altına. Milli əxlaqlı insanlar seksin yalnız alta basmaq üsulunu bilir. Təkbirlikdə vətən arvadı olsun, ya düşmən qızı, Maşa, ya Daşa, Səringül, ya Siranuş – hamısı birkeyfiyyətli mala çevrilir. Həm də axı, orda elə şeyi dəqiqləşdirməyə nə vaxt var, nə həvəs. Qaranlıqda qocanı cavandan bərk sıxmalayırsan. Qocanı cavandan qabırğalarının çartaçart sınmağıyla ayırd edərsən. Çal-çapdısa, sən də çal-çap, gördün basırlar, sən də bas. Müharibədə qanunsuzluqlar özü bir qanundu. Yeri gəlmişkən, zorlamalar gələcəkdə el qaydasıyca evlənəsi subaylar üçün yaxşı bir məktəb ola bilər. Sağdış məsləhətinə ehtiyac qalmaz, soldışa da özün dərs deyərsən.

Əxlaqlı adamlar əxlaqsızlıq, möminlərsə lotuluq dərsini vacibən keçməlidir.

Sən bir işə bax, öz arvadıyla bacı-qardaş kimi yatan və elə bu səbəbdən arvad qabağına qatılıb həkimə aparılanlar da müharibədə qırğıya dönür, “yubka” görən kimi dəli olurlar. Yubka aşağı sallanmış yox, sanki yuxarı qalxmış olmalıdır – çataçat başa keçirilir. Qadın yatıbdısa əgər, gözlərini ovuşdurub oyananacan iş-işdən keçir. Faktı bilən kimi də, birdən görən olmuş olar, qısa bir namus cikkəsi vurur. Uzun zənguləyə lüzüm yox. Bacılı, neyləyəsən, müharibədi bu. Bu, yüzillər boyu arvadların başına gətirilən fəlakətlərdən hələ ən yüngülüdü. Dərindən fikirləşsən, bəlkə heç fəlakət deyil də bu.

Müharibələrin istənilən zorlama aktı sevgiyə bənzər mənzərələrlə zəngindir.

Müharibədə bircə can sağ olsun.

Doktor Cəfər vərdişkardı, Gürcüstan müharibəsinin ilk günlərində də seyrçi rolunu boynuna götürmüşdü. Fors-major situasiyalarda həmişə kiçik adam olması üzə çıxır. Müharibələrdə, sanki yerin təkindən, başı göylərə dirənən azman adamlar qalxır və onda o, dərhal cırtdana çevrilir. Qloballar onluq deyil, barı bu Qafqaz əyriliyindəki çaxnaşmadasa bir səlahiyyəti ola. Səfərbər edilə ya. Yox, heç nə olmur. Heç kimdi o. Ona çırt atmırlar da. Uzaq başı, cəmiyyətdə hipotetik vahiddir. Müharibəyə getmiş olarsa, statistik rəqəmlərin üstünə “1” gələcəklər, qurtarıb gedəcək. Ya gedib orda ölüb qayıdarsa, ümumu rəqəmlərdən “1” çıxılacaq, xoş getdin. Onun bütün mənası “1”-dəydi. Haçansa da onu “2”-mi, “3”, ya “4” yox, məhz “0”(sıfır) gözləyirdi. “1” onun müvəqqəti, “0” - əbədi halıydı.

Onun üçün müasir həyat materialının incəsənəti televiziyaların xəbər proqramlarındakı rəngli təsvirlərdi.
Qoyasan, teleekran qarşısında dövlət başçılarına lağ eləyə, onlara ağız büzə. Hərəsinə bir ayama qoşub – heyvan adlarından - “ayı”, “öküz”, əsas da – “uzunqulaq”, qanadlılardan - ”hinduşka”, “xoruz”. Necə də tapır bu adları. “Yekəbaş”, “sarsaqqulu” da onlara aid sözlərdəndi. Guya nədi, müharibəni düz aparmırlar. O, qalib tərəfi həmişə müharibəni düz aparan sayıb. Amma qalib dövlət başçılarına da müharibədəki naşı hərəkətlərini bağışlaya bilmir. Bu naşılıqların əsaslı səbəbləri olsa belə. Qəti nəzərə almaz ki, hər dövlət başçısı üçün müharibə ilk həyat təcrübəsidir. Müharibədə insanların qırılmasına Cəfər naşılıq kimi baxırdısa da, əslində bu, hər hansı dövlət başçısı üçün adi haldır. Nədə-nədə, insanların qırılması və qırdırılmasında bir qəbahət görmür onlar. Qırılanların başına daş düşmür ki – onlar qəşəngcə şəhidlik zirvəsinə yüksəlir, şəhərin də bu ada uyğun yüksəkliklərində basdırılırlar. Onları polis qoruyur. Dövlət rəhbərləri uşaqlıqdan “qalibiyyət insanlardan vacibdir” tərbiyəsi alanlardı. Bəşəriyyət dövlət başçılarının qalibiyyəti üçün mövcuddur, lazım gəlsə, qırılmalıdır da.
İnsanların qırılmamağa ixtiyarı çatmır. Onların qırılmasına Konstitusiya icazə verir.
Miskin bəşərin gələcək xoşbəxtlik planları əbəsdir.

Arvadı Cəfərə tez-tez danlaq vurar:
- Ədə, axı, onlarla sənin nə işin... Başını sal aşağı,
balalarını dolandır.
- Səninki də elə dolanmaqdı.
- Hökumətlə hökumətlik edəcəksən?
- ...Hökumət dovşanı arabayla tutur!
- İndi yerin də qulağı var.
- Burnu yoxdur?
- Otur yerində.
- Bə kor gözlərin görmür ki, insanlar milçək kimi qırılır?
- Milçək qırılmalıdı daa.
- Elə sən də milçək növüsən!

Doktor Ensiklopediyada Gürcüstanın siyasi xəritəsini tapıb, nöqtə boyda kurort zonalarını bir-bir araşdırmağa başladı. Borjomi, Batumi, Qaqra... – hamısı Ümumittifaq yerlər. Teleekranda Poti də kurorta oxşayırdı, Suxumi də. Bəh, Sxinvali, Sxaltubi, Pitsunda. Hələ ardı var - Kobuleti, Zuqdidi. Adlardanca kurortluq yağır, eşidən mum kimi əriyir. Sovet sülh dövründə oralara gedə bilmədi, eləcə sonaladı-sonraya saldı. Bu “sonra” da bəduğur gəldi - kurort zonalarında gah bataqlıq rəngində vətəndaş qarğaşalığı qopdu, gah da yamyaşıl təbiət üzərində tozanağa oxşar narıncı inqilab. İndi də - qıpqırmızı vətən müharibəsidi. Getməyinə gedir, di gəl, hər saat da boyu bərabəri suallarla rastlaşır: bu kurortların hansına düşəcək? Axı, niyə o, bunların heç birində olmayıb? Gərək vaxtında buzqıran gəmi kimi inqilabları, vətəndaş müharibələrini yarıb keçəydi. Amma təhlükələr içrə dincəlməyin də bir özgə ləzzəti olardı. Həndəvərdə ölüb-itən, itib-batan, şıllaq atan, qaymaq tutan, ağ quşum, ağarçınım, göy quşum, göyərçinım - bunlar istirahətə xüsusi rəng qatacaqdı.

Şeytani ləzzətlər bu dünyadakı ləzzətlərin ən dadlısıdır.

Getməyinə gedir, ancaq o, bu kurort yerlərinin ancaq birində, ay özünü öldürə, ikisində ola biləcək. Hər şey də müharibənin dövriyyəsindən, bombaların hara yağdırılmasından asılı olacaq. Harda insan tələfatı, yaralı çoxdusa, qismətinə də o kurort düşəcək. Onu kurortlara yeyib-yatmağa aparmırlar ki. Əlbəttə, cərrahların yaxşı kurortlara düşməsi, qospitala çevrilmiş beşulduz mehmanxanalarda qalması ehtimalı başqalarından çoxdur. Düşmən istər ki, vurduğu ziyan güclü olsun, kurortlar içində də ən yaxşılarını partlatsın.

Bəxt üzünə gülməz, xeyir ola, bu dəfə dodaq qaçırmağı ondan əsirgəməyib. Yenə bayaqkı söhbət: adam hüzürlərəsə vaxtında gedə bilmir. Seçib-seçməliyə düşürsən - kimin hüzürü əsasdır? Hansına tez getsin, hansına gec. Ya getməli deyilsə, hansına getməsin. Maddi imkansızlıq üzündən, qohum-əqrəbanı dərəcələrə bölür. Hüzürlərə getməməyə bəhanə kimi də keçmiş umu-küsüləri yada salırsan. Lakin budur - yas nədi, o, kurorta gedir. Nabrana-İstisuya da yox, birbaşa beynəlxalq Gürcüstan kurortlarına! Tək problem nədədir – görən, istədiyi yerə düşmək üçün dualar etsinmi? Bəlkə Allahdan Borjomidə kütləvi qırğın diləsin? Yoxsa Pitsunda yaxşıdı? Ancaq daha keçib, qoy bu, lotereya uduşu kimi bir şey olsun. Onsuz orda kurortlar bir-birindən gözəldi: birində oldunsa, o biri əldən çıxacaq, o birində oldun – bu biri.

Gör ha, bu saat işğalçılar kurortlardadı. Zalım uşağı ləzzətin dadını çıxarır, bəlkə kimisə iştahla zorlayırlar da. İşğalçı üçün zorlamalar idillik həyat atributlarındandır. Onlar onun kimi kurortda olduqlarını qocafəndi düşünmürlər də. Kurort estetikasından xəbərsizdilər. Onsuz bulaq suyundan hortuldadan kimi, avtomatik surətdə kurort stixiyasına düşmüş olurlar. İki daşın arasındaca müalicə effekti baş verir. Rusiyada hərbi təlimlər zamanı mədə-bağırsağı pozulanlar burda sağalıb gedəcək. Yanaqları pomidor kimi qızaracaq. Qayıdanda, onlara vurulan qızlar çoxalacaq. Gördünüz, müharibə gec-tez sevgilər də törədir; bunsuz olmur. Yəqin anaları əsgər balalarına yazacaq da ki, müalicəvi kurort sularından maksimum çox içsinlər. Lap qarınları şişənəcən. Qoy beş-on ilin planı birdən dolsun. Bə nə, ana məsləhətləri əsasən sağlamlığa-kurortlara dair olacaq. Bəlkə analar içində eləsi tapılar da ki, üzü çivzəli hərbçi balasını dünyanın düz vaxtı bu kurortların birində qazanıb. Bir zaman bəzi matişgələr Gürcüstan kurortlarını lotuşkalıq məkanı bilib, ərlərinin qızıl ürəyini qafqazlıların dəmir “şey”lərinə həvəslə dəyişiblər.

Ən hörmətli kurortlardan da incə eyakulyat qoxusu əskik olmaz.

Hə, üstünə bomba düşməmiş yerlər kurort olaraq qalacaq. Onsuz müharibələrdə həkimlər strateji əhəmiyyətsiz, bağ-bağatlı, bombasız yerlərdə oturdulur ki, bir iş görə bilsinlər. Yoxsa bombardman yerlərində lazaret qurmazlar ki. Üstəlik, yaralılara da kurort havası gərək, bəlkə hamıdan da çox. Bədəni dəlik-deşik olmuşlara yaşıllıqlar vacib. Bədbəxtlikləri üzündən yaralanmışların xoşbəxtliyindəndi ki, məhz Gürcüstan kurortlarında müalicə alacaqlar. Gürcüstanın türmələrində də güllər bitir. Ölkəni dibçək bürüyüb. Cərimə batalyonlarının dislokasiya yerləri - hətta oralar da istirahət guşəsinə bənzəyir. Hərdən o, leş-leşə qalaqlanan yaralılardan vaxt oğurlayıb həyətə düşəcək və onda elə düşünəcək ki, beşcə addım atıb da kurorta gəldi. Ordakı ağaclar arasında nadinc mehlər əsəcək. Bəlkə xəyalında o, gəncliyinə də burdan kurort calaq etdi. Amma evə qayıdanda, ay onu tanımayacaqlar ha; siması-rəngi açılmış olacaq. Arvad üzünə baxıb şaqqanaq çəkəcək – “Ölü gələcəkdi, diri gəldi”. Doğrudan da, qorxu vardı tabutu gələr, bu, kök qayıtdı. Çataçat da onu tərəziyə cumuzduracaqlar. Əcəb utanmayasan, uşaqlarını da müharibə kurortlarına aparmağa icazə istəyəsən. Oğlu da, qızı da - bir haçadılar, bir paça. Onlardan yaxşı quşvuran düzəltmək olar. Qız xeylağının sifətində gərək bir çimdik ət ola ki, gələcəkdə onu sevələr də. Sevgi təkcə tale məsələsi deyil, onun mexanizmi mürəkkəbdir.

“Tale” boşboğazlar uydurmasıdır.

Çimərlik kostyumunu götürüb çantaya basdı: oralarda dənizə gedəcək. İndi Gürcüstanda “Makarov” qabağında belə kimisə dənizə aparmaq mümkün olmazsa da, o, atdana-atdana gedəcək. Gedib çimərlikdə tək ağac kimi dikələr, hündür dalğalara süngü kimi sancılar. Sahildə bu başdan o başa dəli kimi tək qaçacaq. Pişik - quyruğuyla oldugu kimi, öz-özüylə futbol da oynayar. Yaxşı yadına düşdü, müharibəyə top da aparmalı. Hələlik oğlunun bir üzü qırmızı, bir üzü göy topunu götürər. Mühafizə alayının uzaqdan durbinlə baxan əsgərləri ona “əhlikef doktor” deyəcək. Daha bilməyəcəklər ki, camaat dənizə həmişə kefdən gedib, bu isə dərddən gəlib: əldən uçurulmuş gəncliyinin əyər-əskiyini düzəltməyə. Hamı kurort dənizlərinə illərcə gedib; bu isə onun ilk və bəlkə də son dəfəsidir. Dünyanın kurort çimərliklərində hamı olub – dəlisi də, keçəli də, aşqa-aşqa, ondan başqa. Dövran tərsinə fırlanır – indi də oralarda bir o olacaq, onlar yox. O, tez-tez dənizə girib boy göstərməklə, hamıya əli çatmasa da, öz başları hayında olan yerli insanlardanca hayıf alacaq. Onlar kurortlarda səfalar sürəndə, Cəfər zorakı təyinatla malyariya zonasında cəfalar çəkib. Yaşıllıqlarda onların parlaq dərisinə yarpaq şəkilləri düşəndə, bunun çatlaq dərisini “anofeles”lər bəzəyib.

Həmişə ağlamayacaq ki - qışlarda demir, yaylarda onun həyatına ləzzət qatan şeylər də olub. Nəymiş o - quyuya sallanmış qarpızlar. Bakıdakı təkmilləşmə kurslarındasa Saxalindən-Kamçatkadan gələnlər önündə nar qabığını məharətlə soyması, dənələri incə şəkildə, zədələmədən ağzına atması ilə öyünərdi. Qarpız və narlar bütöv bir ömrü aldatmağa bəs edib.

Humanizmi - sadəlövhlüyündənmiş. Təzə bir deviz: insan əzablarından bacardıqca həzz al. Onsuz həzz üçün başqa güman yeri də yox. Kurort zonasındakı müharibədə buçağacan ona heç nə verməmiş, gələcəkdə də heç nə verməyəsi insanlarla haqq-hesabı hökmən çürütməli.

Günbəgün yadına nə düşürsə, götürüb atır çantaya. Öz işini asanlaşdırır. Artıq üzqırxan, odekolon, hətta dezodorant götürüb. Arvad ona dəyişək alt paltarları qoydu. Cəfər ilk cinayət səfərinə çıxırdı. İşğalçıların tayı olacaq; onların balaca qardaşı. Bəlkə hərbi uyduranlar da əvvəl onun kimi humanist olub, sonradan valı dəyişiblər. Hərbi müdaxilələr bəşəriyyətdən dəyərli və haqlı intiqam aktıdır. Ədalət bəşəriyyətin ancaq dilindədir. Onun əməllərini ləğv etmək gərək: bəlkə onda dilindəkilər reallaşa. Əlindəkiləri zorla tut al ki, həyat onun dilindəki məcraya düşsün.

...Tez-tələsik çantadakı əşyaların altına iti bir balta itələdi. Gömrükdə deyər, ağac yonmağa aparır. Həkim olduğundan, bəlkə onu yoxlamadılar da. Ancaq hələ onu çağırmırdılar, bə niyə? Cəmi bir yol deyiblər, qurtarıb gedib. O, cinayətə tələsir, bunlarınsa vecinə deyil. Nə formal humanizmə tələsirlər, nə də bunun gələcək real cinayətləri fərz edilir.

Ürəyində özünə söz verir: xəstələrin qarnına kərpic doldurub tikəcək.
Baltadan keçdi bıçaqlara... Yox, bıçaqları qaytarıb yerinə qoydu. Ağ olar bu. Onsuz lansetlər də bıçaqdılar. Yeri gəlmişkən, pinsetlərin ucunu itiləsən, onlar da lansetə çevrilər.
Bir vaxt ona bağışlanmış dekorativ xəncəri də götürdü -qarına soxmağa yararlıdır.

Müəllif əlavələri

Burda yazını kəsməyə məcburam.
Bu mənim elə nadir hekayələrimdəndir ki, həyat hadisələri gedə-gedə, onlar da, elə hekayə özü də qurtarmadan yazıldı. Üstəlik, görürəm ki, onda bədii bir əsər üçün nöqsan sayılası jurnalistika effekti qabarıqdır. Lakin bu həm də mənim əsərimin dəyəri sayılmalıdır. Jurnalistika effekti əslində hekayəni həyata mismarlamaq istəyimdəndi. Həyat həqiqətləri naminə bədii keyfiyyətləri jurnalistika effektinə qurban vermək məqbuldur. Sözün düzü, arada fantaziyamı boş buraxdım, nəzarəti az elədim, ədəbi obraz Osmanov Cəfər tamam qudurdu. Onun psixolojisi göz qabağındaca dəyişdi, patoloji xarakter aldı. Bax, mən də bu dəyişməni burada faş eləmiş oluram.

Nə yaxşı, prototipə şərti ad qoymuşam, yoxsa öz ədəbi obrazına görə məni məhkəmələrə sürütləyəcəkdi.
Hekayənin ortasıydı, ya axırı, ondakı hərəkətləri durdurmağım mənə can rahatlığı gətirib. Olmasın bir hekayəm. Ya onun siçanquyruğu sonluğu. Bəşəriyyətin varolumu yolunda müəllifin öz hekayəsini qurban verməsi dünyanın ən xoş hadisələrindəndi. Qəhrəmanlıqdı bu. Onsuz mən, bir müəllif olaraq, hekayə istehsalçısıyam: başqa şeylər yazaram.

Əlbəttə, öz əsərlərinə müəlliflərin nəzarəti gücləndirilməlidir. Əsərlərdə dəmir intizam vacibdir. Hekayələrdə də cinayətlər, həyatda olduğu kimi, kriminal hadisədir və onların qarşısı hökmən alınmalıdır. Bədii əsərdə cinayətlər müəllif səhlənkarlığı, hətta məsuliyyətsizliyi kimi yozular, hətta müəllif cinayətlərdə “iştirakçı” kimi də tövsif oluna bilər. Uzun sözün qısası, bədii əsər üçün bir tək fantaziya kifayət deyil.

Fantaziya başlı-başına buraxıldısa, müəllifə fatihə.

Mənim bu hekayəmin şikəstliyi müharibə mövzusuna bağlılığındandı.

Adam durub-durub havalanır: axı, niyə bəxtimə kurort görməmişi bir doktor düşməli idi. Mənim hər işim daşdan çıxır. Bu cındır yox, diribaş birisi olsaydı, dünya dağılardı? Onda süjet gəlib-gəlib də bu cür dalana dirənməzdi. Hekayəmdə gül gülü, bülbül bülbülü çağırar, harmoniklik göz oxşayardı. Görünür, bədii əsərin taleyi müəllifdən çox, ədəbi qəhrəmandan asılıdır. Yaxamı kənara çəkmirəm, bir yandan da, səhlənkarlıq özümdə oldu; ciddi səy göstərmədim. Boynuma alıram ki, mamığam - azan-tazan həmişə gəlib hekayələrimə doluşur, hətta “naxalnı” soxulurlar. Hekayələrim həsənsoxdu dəyirmanına dönüb. Küçə prototipləri məni xam tapıb. Üz də verirsən, astar istəyirlər. Demələrinə görə, xeyriyyə pansionlarına bənzətdikləri hekayələrimdə onlara xoşdur. Ancaq nə olsun, mənə ki xoş deyil. Tək adam - mən hamının möhübünü düzə bilmərəm. Haçan da baxsan, harasına baxsan, hekayələrim al-əlvan zibillikdir; bunun altını sonra bir tək özüm çəkirəm. Onlar arvadlı-kişili hekayələrimin harası gəldi, otururlar. Oxucu burnunu tutub qaçır. Sizə bir şey deyim, bu prototiplərlə heç cür bacarmaq olmur. Prototip hekayəyə soxuldusa, ölən gününü sal yada, elə orada da qal oğlu qaldır. İstəsən hekayədən çıxarasan, buynuz göstərəcək. Məcbur qalıb onu da ədəbi obraza çevirirsən. Neyləyəsən, hamı instinktiv olaraq əbədiyyət istəyir. Elə prototip də olur, söz deyirsən, şitənir, dişlərini ağardır, ya sənə dil uzadır, az qalır müəllifin təpəsinə çıxa. Hətta bəzi xanım prototiplər, ədəbi obraza çevrilmişləri belə, müəllifi seksual cinayətlərə sürükləyir. Az-çox başıma elə hadisələrdən gəlib, inan, hər dəfə də qaçıb canımı güclə qurtarmışam. Özüm öz əlimlə hekayəmi ümumxanaya döndərə bilmərəm ki. Cəmi bir dəfə bir ədəbi həyasızkanın sol məməsinə əlim toxunub, o da təsadüfən. İncəvara, ədəbi xanımlarla koitus baş versə belə, Cinayət Məcəlləsində ədəbi obrazlarla seksual cinayətlərə dair maddə yoxdur. Yəni hər hansı müəllif öz xanım obrazlarını istənilən vaxt süpürləyib altına basarsa da, ona bir şey olası deyil - sudan quru çıxacaq.

Yenə deyirəm, mən doktor obrazına görə peşmanam. İndən belə prototiplər siyahısı tutub, hərdən ona göz atacağam. Sırtıq və cinayətlərdə şübhəli bilinənlərin adlarını qırmızıyla xətləyəcəyəm. Dəli şeytan deyir, götür bu hekayəni təzədən yaz, gələcək canini hekayədən sil, at. Hekayəm də hərbi-səhra qospitalı deyil ki, doktorun orda olması vacib bilinə. Hekayəmə ədəbi obraz kimi müəllim də, dülgər, ya dəmiryolçu da seçə bilərəm. Onlar həkimlərlə müqayisədə idarəolunandılar. Həkim obrazından gördüyümü gördüm, çəkdiyimi çəkdim.
Burda cəncəl bir iş hələ qalır: axı, Cəfər planlarını qurub, deyirəm, bəlkə şərait yaradaq, qoy o, cinayətlərini həyatdansa, hekayədəcə törətsin. Hərçənd bunu da ürəkdən istəmirəm. Həyatda baş verəsi cinayətlər hekayəyə sıxışdırılıb, orda uğurla yerləşdirilərsə, artıq neytrallaşdırılmış sayılar. Hekayədə istənilən yara, sınıq, şok qorxusuzdur və orda qan yalnız təsvirdən ibarət olar. Həyatdasa qan doğru-doğruya şoruldayar, küçəni-səkini, ya qospitalda çarpayıları, palata döşəmələrini həlməşik-qırmızıya boyayar. Taxtalar arasındakı laxtaları sonra təmizləyə bilərsən? Hekayədə cinayət olsa-olsa detektiv çalar doğurar, əksinə, bu da müəllifə ictimai marağı artırar. Həyatda bir, bədii əsərdəsə başqa cür – mən Cəfərin cılfırlığını iş əsnasında tutdum. Kəşf etdim də ki, başının bir-iki vinti çatmır. Çatsaydı, bir hekayədəcə bu cür transformasiyalara uğramaz, bir kurort küskünlüyünə görə bəşəriyyəti bada verməyə amadə durmazdı.

Boyunu yerə soxum, ay belə ədəbi obraz!

Bəxtim əvvəldən gətirməyib: haçan şəkər əkmişəm, duz bitib. Can demişəm, çor eşitmişəm. Mən adam bilib onu müsbət ədəbi obrazlar sırasına qatmaq istədim, o, şadlığına şitlik elədi. Eşşəyə deyərsən qanacaq göstər, ağnayar. Gərək bir gün onu yaratdığıma görə insanlıq qarşısında üzr istəyəm. Bu üzr - planımdadır.

Onsuz hələlik yazını kəsməklə hekayədə də gözlənılən cinayətlərin qabağını almışam. Cəfər Osmanovun hekayədə də cinayət törətməsinə, gələcək nəsillərin bunları təkrar-təkrar oxumasına bir hacət görmürəm.

Cinayətlər ədəbiyyatdan-sənətdən kənarlaşdırılmalı, bütün radioaktiv xassəli şeylər qapadılmalıdır. Həyatda azmış kimi qoy hekayədəsə cinayətlər müharibədəkilərə əlavə olunmasın. Qoy onun cinyətləri virtual məkanda baş tutsun; ora genişdir. Gözə soxmuram, onun virtuallığa qısnanması mənim hünərim, bəşəriyyət qarşısında xidmətimdir.

Ədəbi qəhrəmanlarımdan bir kəs ziyan görməz, inşallah.
Bəlkə qıçımızı qıçımızın üstə aşırıb, Gürcüstanın kurort zonalarından müharibə xəbərlərini, bəlkə onların arasında Cəfər Osmanovun hekayədən kənar, müharibəyə uyğun ətürpədən cinayətlərini də gözləyək, izləyək. Amma qabaqlar oralardan gələn xəbərlər dünya standartlarına uyğun müalicə-istirahət yenilikləri olardı.

Avqust - 12 sentyabr, 2008
XS
SM
MD
LG