Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:33

Azərbaycanda rusdillilər artır, yoxsa azalır?


Rusiyadan qayıdan əməkçi miqrantlar da öz uşaqlarını rus bölməsinə qoyurlar

«Bakıya gələndə utanırdıq, hər yerdə rusca danışırdılar - avtobusda, mağazalarda, universitetlərdə. Ana dilində danışanlara pis baxırdılar».

Şəlalə Hüseynova 70-ci illərin Bakısını belə xatırlayır, deyir ki, həmin illər rayondan gəlmiş başqa tələbələr kimi o, da rusdillilərlə özü arasında dərin uçurum görürdü.

Müstəqillikdən 18 il keçir, bu müddət ərzində Azərbaycanda nə dəyişib, ötən illər keçmiş «böyük qardaş»ın dilinə rəğbəti azaldıbmı?

1. RUS DİLİNİN HƏLƏ DƏ DƏBDƏ OLDUĞUNU DEYƏN ARQUMENTLƏR

ƏVVƏLCƏ STATİSTİKA

Hal-hazırda Bakı məktəblərində rus bölmələrinin sayı demək olar ki, Sovet İttifaqı dövrünün sonları ilə müqayisədə eynidir - paytaxtdakı orta məktəblərin təqribən yarısında - 324-dən 155-də rus bölməsi var.

Bu barədə məlumatı AzadlıqRadiosuna Bakı Təhsil İdarəsinin Ümumtəhsil məktəbləri ilə iş sektorunun müdiri Firidun Həmzəyev verib.

ƏBÜLFƏZ ELÇİBƏY, HEYDƏR ƏLİYEV, RUS DİLİ

F.Həmzəyev deyir ki, 1992-ci il AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə milli ideyalar yayılan vaxtı rus bölmələrinə maraq azaldı. Amma 1993-94 illərdən etibarən rus bölmələrinin nüfuzu artmağa başladı:

«Son illər rus bölməsində oxuyanların sayı sabitdir - nə artır, nə azalır. 2008-ci ildə Bakı üzrə orta məktəbi bitirənlərin 15 faizi rus bölməsinin payına düşüb. Bu da 1990-cı il göstəriciləri ilə eynidir».

Sovet İttifaqı hakimiyyəti vaxtı Bakıda sırf rus məktəbləri olub, müstəqillikdən sonra onlar ləğv edilib.

Bütün Azərbaycan üzrə məlumatları ala bilmədik, çünki Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbərini yerində tapmaq mümkün olmadı.

Nigar Köçərli
Nina Yusubova Lyanidovna 52 ildir ki, rus bölməsində ibtidai sinif müəlliməsidir. Deyir ki, axır illər şagirdlərinin sayı artır, çünki Rusiyadan qayıdan əməkçi miqrantlar da öz uşaqlarını rus bölməsinə qoyurlar:

«Sovet dövründə bir sinifdə 40-45 nəfər olurdu, indi də pis deyil, 32-33 uşaq olur, əksəriyyəti də azərbaycanlıdır».

İLHAM ƏLİYEVDƏN TUTMUŞ NAZİRLƏRƏ KİMİ

Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyev haqqında mübahisəsiz demək olar ki, onlar rusdillidirlər.

KİTAB SATIŞI

Bakıdakı ən məşhur mağazalardan biri – «Əli və Nino» mağazalar şəbəkəsində satılan kitabların 90 faizi rusca, 6-7 faizi ingiliscə, cəmi 3-4 faizi azərbaycancadır. Mağazanın direktoru Nigar Köçərli belə deyir:

«Biz kitabları bazarın tələbinə uyğun gətiririk. Paolo Koelonun «Əl-kimyagər» əsəri bizdə həm Azərbaycan, həm də rus dilində var, amma adamlar daha çox rusca alırlar. Səbəbini soruşanda deyirlər ki, tərcümə xoşumuza gəlmir».

Amma «Akademkitab»ın direktoru Əliağa Cəfərov deyir ki, onların mağazasında satılan kitabların 60-65 faizi Azərbaycan, 10-15 faizi ingilis, yerdə qalanı rus dilindədir:

«İngiliscə kitab alanların sayı artır, amma bu dildə daha çox satılan kitablar dərsliklərdir. Rusca isə daha çox bədii kitablar, elmi ədəbiyyatlar satılır».

İNTERNET SAYTLAR

Azərbaycanda rus dilində ən çox reytinqli xəbər internet saytı «day.az»dır, bu saytı hər gün təqribən 28 min adam ziyarət edir. Azərbaycan dilindəki ən populyar internet saytın – «Yeni Müsavat»ın ziyarətçisi bundan təqribən dörd dəfə azdır.

«AYNA» YOXSA «ZERKALO»

«Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyir ki, «Zerkalo» iqtisadi baxımdan «Ayna»dan daha çox səmərəli olub, daha çox satılıb. Elçin Şıxlının fikrincə, səbəb rusdilli təbəqənin ictimai-siyasi proseslərlə daha çox maraqlanmasıdır.

Bəs illər keçdikcə həmin təbəqə aşınırmı?

Elçin Şıxlı deyir ki, oxucuların sayı demək olar ki, 1995-ci ilin səviyyəsi ilə eynidir, artım, ya da azalma yoxdur, 1995-ci ilə qədər isə başqa media orqanları kimi «Zerkalo»nun da tirajı yuxarı idi:

Elçin Şıxlı
«Tirajın azalması təkcə rusdillilərlə bağlı deyil, ümumiyyətlə, ölkədə qəzet oxuyanların sayı azalır».

Amma Elçin Şıxlı deyir ki, o, bir gün «Zerkalo»nun bağlanması sualının qalxacağını bilir, çünki təbii bir proses kimi, rus dili bilənlər getdikcə azalacaq.

2. RUS DİLİNİN TARİXƏ QOVUŞDUĞUNU DEYƏN ARQUMENTLƏR


«DA», «NET» BİLMƏYƏN NƏSİL

Amma təbii ki, İttifaqın dağılması rus dilinə olan marağa təsir edib.

Məmməd Qurbanov Yevlax rayonundandır, o, Bakı Dövlət Universitetinin «tətbiqi riyaziyyat» fakültəsinə yüksək balla daxil olub, amma rusca heç başa da düşmür:

«Mən həmişə çanaq antena ilə türk telekanallarına baxmışam, Azərbaycan bölməsini bitirmişəm, harada öyrənə bilərdim rus dilini».

Azərbaycanda axır illər dəbə düşən ingilis dilidir, Qərb təşkilatları ölkəyə gələndən bəri ingilis dili öyrənməyə meyl artıb.

Bakıda ingilis təmayüllü pulsuz dövlət məktəbləri var, amma bu imkan pulsuz rusca təhsil səviyyəsində deyil.

RUS DİLİ ARTIQ XARİCİ DİLDİR

İttifaq dövründə rus dili Azərbaycan məktəblərində ikinci dövlət dili kimi keçilirdi, 1998-ci ildən başlayaraq xarici dil hesab olunur. Bu ildən etibarən bütün ölkə üzrə orta məktəblərdə Azərbaycan bölməsində rus dilini ancaq xarici dil əvəzi kimi valideynlərin xahişi ilə keçəcəklər.

Bakı Təhsil İdarəsinin Ümumtəhsil məktəbləri ilə iş sektorunun müdiri Firidun Həmzəyev deyir ki, ölkədə rus dili müəllimlərinin artıqlığı yaranıb, onlar üçün əsas çıxış yolu ixtisaslarını dəyişməkdir.

Politoloq İlqar Məmmədov deyir ki, müstəqillikdən 18 il keçsə də, hələ də ölkədə 25-30 yaşlarında gənclər var ki, rusca danışırlar, bu isə çox pis haldır.

İlqar Məmmədov
Politoloq deyir ki, bu hal Azərbaycan mədəniyyətinin inkişafına mane olur:

«Yeniyetmələr rusca təhsil alıb nə edəcəklər, Rusiyaya işləyəcəklər?».

İlqar Məmmədovun fikrincə, valideynlər rus dilində təhsilə ona görə üstünlük verirlər ki, Azərbaycan dilində elmi mənbələr azdır. Üstəlik, belə bir təsəvvür hələ də qalır ki, rus bölməsində oxuyanlar daha savadlı olurlar:

«Hökumət stimullaşdırıcı tədbirlər görməlidir. Azərbaycan bölməsində təhsilin səviyyəsini qaldırmalı, ana dilində azad müzakirələrə yol açmalı, bu dildə informasiya mənbələrinin sayını artırmalıdır».

Amma tarixçi Eldar İsmayılov bu fikirlərlə bölüşmür, deyir ki, təhsilin hansı dildə olması əsas deyil, əsas odur ki, keyfiyyət yüksək olsun:

«Hindistan 1949-cu ildən Böyük Britaniyanın müstəmləkəsindən çıxıb, amma orada hamı ingiliscə danışa bilir. Rus dilini bilməkdə pis bir şey yoxdur».

Tbilisidə çıxan «Rezonans Deyli» qəzetinin müxbiri Eliso Çapidze deyir ki, keçən ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Gürcüstanda rus dilinə qarşı antipatiya hiss olunur. İndi gənc nəsil demək olar ki, rusca danışmır, ingilis dilinə meyl artır. Amma orta və ali məktəblərdə rus bölmələri Gürcüstanda də qalır.

Erməni jurnalist Gohar Martirosyan da deyir ki, Ermənistanda rus dilini bilənlərin sayı getdikcə azalır, yerini ingilis dilinə verir. Amma Ermənistan hökuməti də orta məktəbdə pulsuz rusca təhsili ləğv etməyib.

XS
SM
MD
LG