Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:27

Gənc fəallar barışıq istəyir?


Məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub
Gənc fəallar Adnan Hacızadə ilə Emin Abdullayev (Milli) həbslərinin siyasi motivlərlə bağlılığını təkzib edir və məsələnin barış yoluyla çözülməsinin istəyirlər.

Avqustun 28-də Ombudsman Aparatının internet səhifəsində yayılan məlumatda qeyd olunur ki, gənclər bu fikirləri təcridxanada onlarla görüş zamanı müvəkkil Elmira Süleymanovaya deyiblər.

Məlumatda o da qeyd olunur ki, görüşdə gənclər baş vermiş hadisədə özlərini təqsirli bilmədiklərini, barələrində aparılan istintaqın qərəzli yekunlaşdırıldığını bildiriblər.

Adnan Hacızadənin vəkili İsaxan Aşurov isə deyir ki, gənclərin həbsinə nə ad verilməsindən asılı olmayaraq bunun arxasında qanuni motivlər dayanmır.

Qaldı ki, gənclərin məsələnin barışıq yoluyla həlli ilə bağlı fikir səsləndirməsinə, İsaxan Aşurov deyir ki, o, indiyə qədər müdafiə etdiyi şəxsdən belə bir fikir eşitməyib. Vəkil burda ziddiyyətli məqamların olduğunu düşünür.

«Bir tərəfdən, işin qərəzli aparılması fikri səslənir, digər tərəfdən də, barışıq təşəbbüsünə razılıq bildirilir. Bu ziddiyyətlərin aradan qaldırılması üçün mən gələn həftə onlarla görüşəcəyəm. Amma bu adamları döyüblər, sonra da həbs ediblər, barışıq nə cür olmalıdır, onu izah etmək lazımdır».

İsaxan Aşurovun fikrincə, əgər hesab olunsa ki, Adnan Hacızadə döyülən tərəfdir, onda Adnanın kimisə bağışlaması müzakirə mövzusu ola bilər.

İyunun 8-də gənc fəallar Emin Milli və Adnan Hacızadə «Livan» restoranında baş verən münaqişədən sonra həbs olunublar.

Gənclər Cinayət Məcəlləsinin xuliqanlıq və şəxsə az ağır bədən xəsarəti yetirmə maddələrilə ittiham olunurlar. İrəli sürülən ittihamlar üzrə məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub.
XS
SM
MD
LG