Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:39

Prezidentin məscidlərin sökülməsindən xəbəri yoxdur?


«Fatimeyi-Zəhra» dini icması məscidin tikintisi üçün 1994-cü ildə sərəncam alıb
«Fatimeyi-Zəhra» dini icması məscidin tikintisi üçün 1994-cü ildə sərəncam alıb
«Xahiş edirik İlham Əliyevdən, atasına xatir, orucluğa xatir, orucluq sahibinə xatir bizə kömək etsin. Məscidin bərpasına, tikintisinə nail olaq».

Bu, «Fatimeyi-Zəhra» dini icmasının dindarlarının prezident İlham Əliyevə müraciətindəndir. Müraciəti həmin icmanın üzvü Seyid Tofiq Rəsizadə səsləndirdi.

PREZİDENTİN MƏSCİDLƏRİN SÖKÜLMƏSİNDƏN XƏBƏRİ YOXDUR?

Avqustun 31-də Bakı 2 saylı İqtisad Məhkəməsi Suraxanı Rayon İcra Hakimiyyətinin iddiasını təmin edərək «Fatimeyi-Zəhra» məscidinin sökülməsinə qərar verib. Seyid Tofiq Rəsizadə isə deyir ki, onlar bu qərardan prezidentin xəbərinin olmasına inanmırlar. Düşünürlər ki, əks halda ölkə başçısı buna imkan verməzdi.

«Fatimeyi-Zəhra» dini icması məscidin tikintisi üçün 1994-cü ildə sərəncam alıb. Ancaq 2002-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sələfi Rafael Allahverdiyevin verdiyi həmin sərəncamı ləğv edib. Seyid Tofiq Rəsizadə deyir ki, onların o vaxtkı prezident Heydər Əliyevə müraciətindən sonra məscidə qarşı hücumlar dayanıb. Hətta Bakı Şəhər İcra Hakimiyyətindən onlara deyiblər ki, Hacıbala Abutalıbov sərəncamını ləğv edib. Həm şəhər rəhbərliyi, həm də Suraxanı Rayon İcra Hakimiyyəti məscidin inşasına ciddi maliyyə yardımı da göstərib. Seyid Tofiq Rəsizadə deyir ki,
«Şəhidlər» məscidi
«Fatimeyi-Zəhra» məscidinə qarşı yenidən hücumların başlanmasını və İqtisad Məhkəməsinin orucluq vaxtı belə qarar çıxarmasını isə başa düşmürlər:

BELƏ İSLAM MƏDƏNİYYƏTİ MƏRKƏZİ OLAR?

- Biz inana bilmirik. Azərbaycan islam mədəniyyəti mərkəzi ola-ola, burada tək Allahlığı qəbul edən insanlar çoxluq təşkil edə-edə belə qərarlar verilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə bu məsələyə hüququ məsələ kimi baxır. Üstəlik, komitədən «Şəhidlər» məscidinin bağlanmasına da vicdan azadlığının boğulması kimi baxmırlar. Halbuki, bu məscidin bağlanma səbəbi ilə bağlı komitənin verdiyi izahat indi inandırıcı görünmür. «Şəhidlər» məscidi bu il aprelin 25-dən təmir adı ilə bağlanıb. Komitənin şöbə müdiri Gündüz İsmayılov deyir ki, təmiri onlar aparmadıqlarından, onun nə vaxt başa çatacağını da bilmirlər:

Müzəffər Şahin
- Təmiri kimin apardığı, nə vaxt başa çatacağı bizə aid məsələ deyil, ona görə də bu barədə heç nə bilmirik.

«ŞƏHİDLƏR» MƏSCİDİNDƏ TƏMİR GETMİR

«Şəhidlər» məscidində isə artıq təmir getmir. Bunu məscidə baş çəkib öz gözümüzlə gördük. Türkiyə səfirliyinin dini xidmətlər üzrə müşaviri Müzəffər Şahin də bunu etiraf edir. Ancaq onun deməsinə görə, hələ təmir işləri tam başa çatmayıb. Maliyyə sıxıntıları üzündən bəzi işləri görüb qurtara bilməyiblər. Ancaq Müzəffər Şahin onu da deyir ki, bu, məscidin bağlı qalması üçün səbəb ola bilməz. Onlar hər halda Azərbaycan hökumətindən məscidin açılması ilə bağlı qərar gözləyirlər:

- Məscidin açılıb-açılmaması məsələsi bizim müzakirə mövzumuz deyil. Bəli, bu, bizim tərəfimizdən tikilsə də, bir Azərbaycan məscididir. Vaxtı ilə bizdən xahiş etdilər, bizdə gəlib bu məscidi tikdik. İndi davam desələr, işimizə davam edəcəyik, get desələr, çıxıb gedəsiyik.

Müzəffər Şahin deyir ki, kimlərsə onların adından «Şəhidlər» məscidinin Qədr gecəsi açılacağı ilə bağlı elanlar yayıb. Halbuki, bundan onların xəbərləri yoxdur.
«Moskva» mehmanxanasının yerində inşa olunan otel
Türkiyə səfirliyinin dini xidmətlər üzrə müşaviri düşünür ki, görünür, kimlərsə bununla dindarları qızışdırmaq, növbəti fəsadlar yaratmaq istəyirlər.

MƏSCİD YOXSA OTEL?

Bəzi müstəqil mətbu orqanları isə yazırlar ki, «Şəhidlər» məscidinin açılışının yubanması heç də təsadüfi deyil. Onlar bunu həmin məscidin yaxınlığında, keçmiş «Moskva» mehmanxanasının yerində yeni bir otelin inşası ilə izah edirlər. Qəzetlərin ehtimallarına görə, bəzi dairələr ehtiyat edirlər ki, gələcəkdə azan səsi bu otelə gələcək əcnəbilərdə narahatlıq yarada bilər.

Müstəqil ekspert Altay Göyüşov isə deyir ki, məscidləri sökmək, onları qapatmaq müvəqqəti ola bilər:

- Kimlərsə düşünürsə ki, məscidi otel əvəz edəcək, yanılır. Bu, müvəqqəti ola bilər. Ancaq insanlar həmişə o yerə bir müqəddəs məkan kimi baxacaqlar. Nə qədər ki, bu ölkənin əhalisi müsəlman qalacaq, gec-tez orada yenidən məscid fəaliyyət göstərəcək.

A.Göyüşov yada salır ki, 1936-ci ildə kommunistlər «Bibiheybət» məscidini də bağlamışdılar. Ancaq Azərbaycanın müstəqillik əldə etməsiylə «Bibiheybət» məscidi də bərpa edildi. Altay Göyüşovun fikirincə, «Şəhidlər» məscidi isə Azərbaycanın öz adətinə, ənənəsinə, mənəviyyatına sahib çıxmasının simvoludur.
XS
SM
MD
LG