Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:57

Pul ver, İçərişəhərə daxil ol ....


Sentyabrın 1-dən İçərişəhər Qoruq İdarəsi əraziyə girişi pullu edib
Sentyabrın 1-dən İçərişəhər Qoruq İdarəsi əraziyə girişi pullu edib
İçərişəhərin girişlərinə qoyulmuş ödəmə köşklərinin ətrafında narazı sürücülər növbə gözləyir. Sentyabrın 1-dən İçərişəhər Qoruq İdarəsi əraziyə girişi pullu edib. Daha doğrusu İçərişəhər sakinlərinin və yanğınsöndürmə, polis, təcili yardım maşınlarından başqa kənar maşınlar əraziyə pul ödəyəndən sonra daxil ola bilirlər.

Sürücülərin də narazılığı ellə pulla bağlıdır. İndi İçərişəhərə girən maşın sahibləri ilk 1 saata görə 2 manat ödənilməlidir. Əlavə qalacaqları hər saata görə isə 1 manat.

15 İLDİR BURDA İŞLƏYİRƏM, İNDİ MƏNDƏN PUL İSTƏYİRLƏR

Bunu İçərişəhərdə işləyən Arif Əmirov deyir. Başqa sürücülər kimi onu narazı salan məbləğin 2 manat olmasıdır.

«Əlbəttə çoxdur, bunu bir az aşağı da eləmək olardı. 2 manat elə ilk bir saat üçündür, sonra da hər saata 1 manat ödəmək lazımdır, çoxdur...»

İndi taksi sürücüləri də İçərişəhərə girmək istəmirlər. Deyirlər ki, 2 manat giriş pulunu müştəri ödəyərsə, onda içəri girirlər. Sürücü Samir Məmmədov:

«Mən niyə görə müştəri üçün pul verməliyəm, 2 manat az pul deyil, zəhmət çəkib özü versin, ya da kənarda düşsün».

İçərişəhər sakini Fuad Üzeyirov deyir ki, ərazidə qeydiyyatda olan maşın sahiblərinə pulsuz kartlar veriblər, ona görə, əziyyət çəkmirlər:

«Məncə bu çox yaxşıdır, maşınlar azalır, bir az rahat nəfəs alırıq».

SAKİNLƏRİN NARAZILIĞI

Ancaq narazı sakinlər də var. Onların bir narazılığı taksi sürücülərindəndirsə, əsas narazılıqları qiymətlərin qalxması ilə bağlıdır: «Artıq dükanlarda qiymət başqa yerlərlə müqayisədə qalxıb».

İçərişəhərdə ərzaq dükanı olan Mirhəsən deyir ki, qiymət qalxması təbiidir:

«İçərişəhərə xoş gəlmisiz. Giriş kart və ya biletlədir».
«Siqaret, süd məhsulları, su, ərzaq gətirənlər girişdə pul ödəyirlər. O qiyməti qaldıranda, məcbur olub mən də qaldırıram».

PUL DAHA TƏSİRLİ ÜSULDUR

İçərişəhər Qoruq İdarəsinin mətbuat xidmətinin əməkdaşı Nicat Hüseynov deyir ki, girişin pullu olmasının səbəbi qoruq ərazisində nəqliyyat hərəkətinin intensivliyinin qarşısının almaq, abidələri, tarixi binaları qorumaq, piyadaların təhlükəsiz və rahat hərəkətini təmin etməkdir. O deyir ki, əvvəllər də müxtəlif inzibati üsullardan istifadə ediblər, ancaq səmərəsi olmayıb:

«Buna görə də qərara alındı ki, ən optimal variant kimi iqtisadi tənzimlənmə üsulundan istifadə olunsun. Bu daha təsirlidir. Nəticəsini yaxın vaxtlarda görəcəyik».

MAŞINLAR BURDAN TAMAM ÇIXARILMALIDIR

Bu təkliflə isə «İçərişəhər» icmasının rəhbəri rəssam Mirteymur çıxış edir. O deyir ki, İçərişəhər sakinlərindən başqa bura başqa maşınlar girməməlidir:

«Burdakı şirkətlər, firmalar, səfirliklərin hərəsinin 10-15 maşını var. Görün bunlar nə qədər maşın edir. Hər halda onların başına yer qəhət deyil. Onlar İçərişəhərdən çıxarılmalıdır».

ELANDAKI ÇAŞQINLIQ

İçərişəhərdən çıxanda Qala Qapısının divarına vurulmuş monitorda yazılanlar diqqət çəkir. Monitorda yazılıb ki, «İçərişəhərə xoş gəlmisiz. Giriş kart və ya biletlədir». Elanın avtomaşınlara aid olmasının yazılması yaddan çıxıb. Elə buna görə də piyadaların çoxu elə bilirdi onlardan da pul alacaqlar. Çoxu deyinə-deyinə geri qayıdırdı.
XS
SM
MD
LG