Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:03

Tetçer Almaniyanın birləşməsinin əleyhinəymiş


Marqaret Tetçer
Marqaret Tetçer

Vaxtı ilə Mixail Qorbaçov Fondunda işləyən rusiyalı araşdırmaçı Pavel Storilovun Kommunist Partiyası Siyasi Bürosunun müzakirələri və ölkə rəhbərliyinin xarici liderlərlə apardığı danışıqları əks etdirən protokolları aşkarlaması mübahisələrə səbəb olub.

Həmin sənədlər Qorbaçov Fonduna təhvil verilib, sonradan təkrar yoxa çıxıb, amma Storilov cəld tərpənərək 1000 səhifədən çox sənədin üzünü çıxarıb.

Mixail Qorbaçovla Britaniyanın baş naziri Marqaret Tetçer arasındakı danışıqlar haqdakı sənədlər göstərir ki, əslində Tetçer Qərbi və Şərqi Almaniyanın birləşməsi üçün düşünüldüyündən çox çalışıb.

«The Times» qəzetinin yazdığına görə, Tetçer Almaniyanın birləşməsi və Varşava Müqaviləsi Blokunun dağılmasının beynəlxalq təhlükəsizlik üçün təhlükə olacağını düşünürmüş. Və SSRİ-dən heç bir vəchlə buna imkan verməməsini istəyirmiş.

«BİZ MƏXFİ DANIŞA BİLƏRİKMİ?

Sənədləri dərc edən «The Times» qəzetinin diplomatiya yazarı Maykl Binyon:

«Tetçer anlayırdı ki, əgər onun birləşməyə qarşı bu qədər qarşı çıxdığı bilinsə, bunu ikiüzlülük kimi qəbul edərlər. Bu üzdən söhbətlərin birində o, Qorbaçova deyir: «Biz məxfi danışa bilərikmi? Lütfən, bu sözlərim yazılmasın». Qorbaçov da cavab verib ki, «bəli». Və söhbət bitən kimi Qorbaçov özü üçün, danışılanları yazıb».

Qəzetin dərc etdiyi həmin qeydlərə görə, Tetçer SSRİ-dən həm də müharibədən sonrakı qüvvələr nisbətini qorumağı istəyib. O deyirmiş ki, hamı üçün yaxşı olar ki, Qərb öz hissəsini nəzarətdə saxlasın, Moskvda da öz tərəfini.

Bir müddət Marqaret Tetçerin çıxış yazarı olan, sonradan «Prezident, Papa və Baş nazir - Dünyanı dəyişdirən 3 adam» kitabını yazan Con O`Sallivan deyir ki, Tetçer əslində, heç vaxt Almaniyanın birləşməsinə qarşı olduğunu gizlətməyib. Amma o ən qısa zamanda birləşməyə qarşı idi. Çünki düşünürdü ki, Qərbi Almaniya Şərqi Almaniyanı həzm edə bilməyəcək, qısa bir vaxtda birləşmə siyasi, iqtisadi çətinliklər yaradacaq.

Tetçer Moskvada, 13 mart 1985

Ancaq O`Sallivan iddia edir ki, Tetçer Şərqi Avropada kommunizmin yıxılıb, demokratiyanın qurulmasına qarşı ola bilməzdi:

«Bu sənədlərdə bir qeyd var ki, Tetçer Qorbaçovu inandırmağa çalışır ki, «o, Şərqi Avropada kommunizmin yıxılmasını» istəmir. Bu əlbbəttə ki, bizim tanıdğımız Tetçerin sözləri ola bilməzdi, bu, həmin söhbətdə iştirak edənlərin gəldiyi nəticədir. Amma fikrimcə, kontekstdən və onun sonra bu məsələylə bağlı yazdığı xatirələrindən çox aydın görünür ki, o, Şərqi Avropa blokunda başlanan liberallaşmanın Sovet İttifaqında böhrana səbəb olmasından, Qorbaçovun devrilməsindən və bu ölkələrdə repressiv rejimlərin bərpa edilməsindən ehtiyat edib».

«BİRLƏŞMİŞ ALMANİYA REGİONDA GÜC NİSBƏTLƏRİNİ DƏYİŞDİRƏCƏK»

Storilovun təqdim etdiyi sənədələrə görə, həmin dövrdə Tetçer Almaniyanın birləşməsinə qarşı çıxan yeganə lider olmayıb. «The Times» qəzeti yazır ki, Berlin divarının yıxılmasından cəmi bir ay sonra Fransanın Xarici İşlər naziri Attali Moskvadakılara deyib ki, sizin ordan çıxmaq qərarınız bizim rəhbərliymizi çətinə salıb.

Bu gün Britaniyada məsələyə başqa bir qəzet – «Finansial Times» da toxunub. Amma Almaniyanın birləşməsiylə bağlı Britaniya hökumətinin təqdim elədiyi sənədləri açıqlamaqla.

Həmin sənədlərə görə, Tetçer Fransa prezidenti Mitterana deyibmiş ki, «birləşmiş Almaniya regionda güc nisbətlərini dəyişdirəcək, Polşa, Çexoslavakiya, Macarıstanı təsiri altına alacaq, bizə isə ancaq Rumıniya və Bolqarıstan qalacaq».

Amma qəzet onu da qeyd edib ki, «Tarix göstərdi ki, kommunizmin dağılmasıyla Şərqi Avropanın əsrin əvvəlindəki hərc-mərclik dövrünə qayıdacağından qorxan o vaxtki lider haqlı deyilmiş. Yəni, əgər dəyişikliyin vaxtı yetişibsə, onun qarşısını almaq mümkün deyil və yeni qurulan gələcək qorumaq istədiyin keçmişdən daha yaxşı ola bilər».

XS
SM
MD
LG