Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:04

Türkiyə-Ermənistan sərhədinin açılması Gürcüstanda narahatlıqla qarşılanır


«Doğu Kapı» sərhəd məntəqəsi, Qars vilayəti, 15 aprel 2009
«Doğu Kapı» sərhəd məntəqəsi, Qars vilayəti, 15 aprel 2009
«Türkiyənin iki məsələni - Dağlıq Qarabağ münaqişəsi ilə Türkiyə-Ermənistan problemini paralelləşdirməyə çalışması erməniləri narahat edir. Bu hal nəinki Qarabağda yaşayan ermənilər, həmçinin Ermənistanın siyasi qüvvələri və ictimaiyyəti üçün narahatedicidir».

Erməni diplomat, Ermənistan-Türkiyə barışıq komissiyasının keçmiş üzvü David Ovanesyan AzadlıqRadiosunun «Qafqaz Qovşağı» proqramında belə deyib.

Levan Tsutskiridze
Proqramın gürcü qonağı - Beynəlxalq Münasibətlər Assosiasiyasının prezidenti Levan Tsutskiridze isə bildirir ki, uzun illərdir Gürcüstan regionda mühüm tranzit ölkə olaraq qalır. Ona görə də o, hesab edir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması ölkəsində narahatlıqla qarşılana bilər:

«Sərhədlərin açılması iki suveren dövlətin işidir. Gürcüstan sərhədlərin açılmasından ehtiyatlanmır, onu iqtisadi və tranzit məsələləri narahat edir. Amma enerji və tranzitlə yanaşı, siyasət də gedir. Ona görə Gürcüstan tranzit potensialının azalmasından çəkinir».

Vadim Dubnov
Azadlıq Radiosunun rus xidmətinin şərhçisi Vadim Dubnov isə sərhədlərin açılmasında Rusiya və ABŞ-ın iradəsinin əhəmiyyətindən danışıb:

«Amerika və Rusiya başa düşüblər ki, Qafqazı artıq bölmək lazımdır, inhisar dövrü başa çatıb. Buna görə də hər iki tərəfdə oyun gedir. Rusiya hansısa yollarla Türkiyə-Ermənistanın yaxınlaşmasına mane olmağa çalışır. Azərbaycan amilindən istifadə etmək istəyir. Digər tərəfdən, həm Moskva, həm Vaşinqton anlayır ki, Türkiyə-Ermənistan yaxınlaşması qaçılmazdır».

Erkin Qədirli
«Respublikaçı Alternativ» (ReAl) Birliyinin həmtəsisçisi, hüquqşünas Erkin Qədirlinin bu mövzuya baxışı isə belə olub:

«Türkiyənin hesabına nəhayət ki, Qərb regiona geosiyasi faktor kimi gələcək. Çünki Qərb Gürcüstan vasitəsilə daxil olmağa çalışdı və Rusiyanın təcavüzkar müqaviməti ilə rastlaşdı. Bu, Rusiya ilə Gürcüstan arasında avqust ayında açıq müharibəyə səbəb oldu. Azərbaycan bu müddətdə özünü həm Qərb, həm də Rusiya ilə çox ehtiyatlı apardı. Diqqətini enerji və nəqliyyat layihələrinə yönəltdi. Ermənistan isə əvvəldən Rusiyayla bağlı olub. İndi Qərb anlayır ki, məhz Ermənistan Cənubi Qafqaza daxil olmağın əsas yoludur. Gürcüstanda buna cəhd etsələr də, alınmadı. Azərbaycan isə açıq heç nəyi bəyan etmir, amma güman ki, o, öz seçimini edib. Yavaş-yavaş da olsa, Qərbə doğru addımlayır»…
XS
SM
MD
LG