Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:32

Hökumət haqqında qanun niyə qəbul olunmur?


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev
- Mənim üç «Kamaz»ım var, bu müfəttişlərin əlindən sərbəst hərəkət edə bilmirik. Mən Rusiyada da olmuşam, başqa ölkələrdə də. Heç yerdə belə hal yoxdur. Harda görünüb ki, nömrəni maşından açsınlar? Heç nömrənin üzərində olan Azərbaycan bayrağının şəkilinə də hörmət etmirlər. «QAİ»nin də ixtiyarı yoxdur ki, maşından nömrə açsın. Ancaq bunu müfəttişlər açırlar. Bu, harda görünüb?...

Bu, bir sürücünün sualıdır və belə suallar son vaxtlar tez-tez eşidilməkdədir.

Bu günlər Nəqliyyat Nazirliyinin «Yolların Mühafizə Xidməti» bir qədər də qabağa gedərək Mehman Əmirquliyev adlı bir «Kamaz» sürücüsünü yolda təqib edib, ona ağır fiziki xəsarət yetiriblər. Döyülən sürücünün üstəlik pulu, telefonu da müsadirə edilib.

Hərçənd sonradan Nəqliyyat Nazirliyi rəsmiləri bu hadisədən təəssüfləndiklərini bildirdilər. Nazirliyin sözçüsü Namiq Həsənov dedi ki, belə bir hadisə olubsa belə, bu, onların iş metodlarından xəbər vermir.

«AZƏRBAYCANDA ƏKSƏR NAZİRLİK ÖZÜNÜN MÜFƏTTİŞLİYİNİ YARADIB»

Ancaq söhbət təkcə Nəqliyyat Nazirliyindən və onun paqonlu-paqonsuz strukturlarının qanunsuz fəaliyyətindən getmir. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, son illər Azərbaycandakı nazirliklərin əksəriyyəti öz tabeçiliyində müfəttişliklər yaradıb. Nazirliklər bir tərəfdən kommersiya, başqa tərəfdən də yoxlama fəaliyyətləri ilə məşğuldurlar. Bu da nazirliklərin tənzimlənmə siyasətini vurub keçmələrindən xəbər verir. Üstəlik, onun fikrincə, bütün bunlar struktur islahatları ilə tamamilə ziddiyyət təşkil edir. Halbuki, hələ keçmiş prezident Heydər Əliyevin hakimiyyəti dönəmində hökumətdə bir-birini təkrarlayan qurumlar ləğv edilirdilər.

«ELƏ KORRUPSİYA BURADAN YARANIR»

Azər Mehtiyev indi nazirliklərin həm kommersiya, həm də yoxlama fəaliyyəti ilə məşğul olmalarını korrupsiya amili ilə izah edir:

Zahid Oruc
- Elə korrupsiya buradan yaranır. Əgər nazirin və ya ona yaxın şəxslərin kommersiya strukturları varsa, elə dövlət vəsaiti ilk növbədə həmin qurumlara yönəlir.

Azər Mehtiyev hesab edir ki, hökumət haqqında qanunun qəbul edilməsi bu sahədə hüquqi böhranı aradan qaldıra bilər. O yada salır ki, əksər sivil ölkələrdən fərqli olaraq Azərbaycanda hələ də hökumət haqqında qanun qəbul edilməyib.

«BİZ BU MƏSƏLƏNİ MÜTLƏQ PARLAMENTDƏ QALDIRMALIYIQ»

Əslində, millət vəkili Zahid Oruc da belə bir qanunun qəbulunu zəruri sayır:

- Bu, bizim yol verdiyimiz boşluqlardan yaranmış bir məsələdir. Doğrudan da bəzən hər hansı bir struktur ştat cədvəlini, maliyyə vəsaitlərini şişirdir və müxtəlif nöqsanlar baş verir. Ona görə də mən düşünürəm ki, biz bu məsələni mütləq parlamentdə qaldırmalıyıq. Bu qanun həqiqətən də bütün detallara qədər hökumətin ümumi fəaliyyətini tənzimləməlidir.

Ayrılıqda Nəqliyyat Nazirliyinin «Yolların Mühafizəsi Xidməti» əməkdaşlarının fəaliyyətinə gəldikdə isə, millət vəkili mövqe bildirmək istəmir. Zahid Orucun fikrincə, bu, xüsusi araşdırma tələb edir.
XS
SM
MD
LG