Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:53

Polanski 32 il əvvəl baş verənlərə görə həbs edildi


Roman Polanski
Roman Polanski
Oskar mükafatlı Roman Polanski 32 il əvvəl baş verənlərə görə indi mühakimə olunur. Şənbə günü onu İsveçrəyə gələr-gəlməz həbs ediblər. O, 32 il əvvəl Hollivudda həddi-buluğa çatmamış 13 yaşlı qızla cinsi əlaqədə olmaqda ittiham olunur.

İndi Polanskinin vəkilləri onun ABŞ-a ekstradisiya olunmasına qarşı mübarizə aparır, azad olunması üçün İsveçrə hökumətinə müraciət ediblər. Vəkillər 76 yaşlı rejissorun ABŞ-a ekstradisiya olunma tələbinin qeyri-qanuni olduğunu sübut etməyə çalışırlar.
Amerikada Polanski cinayətkar hesab olunur və ədalət mühakiməsindən qaçdığı deyilir.

1977-ci ildə Polanski - aktyor Cek Nikolsonu Hollivuddakı evində foto sessiyası zamanı 13 yaşlı qıza narkotik verməkdə və qeyri-qanuni cinsi əlaqədə olmaqda ittiham olunub.

Həmin vaxt rejissora 6 maddə üzrə cinayət işi açılsa da, istintaqla razılığa gələndən sonra bütün ittihamlar götürülmüşdü. Tək həddi-buluğa çatmayanla cinsi əlaqədə olmaq ittihamından başqa. Polanski özünü müdafiə etmək üçün qızın seksual təcrübəsinin olduğunu və onun bu əlaqəyə razı olduğunu demişdi. Ancaq qanun qanundur, Amerika qanunları onu 1978-ci ildə təqsirli bildi.

Ancaq Polanski artıq o vaxta kimi Avropaya gəlmiş və həbs olunmaq qorxusu ilə bir daha ABŞ-a qayıtmamışdı. Hətta 2003-cü ildə «Pianoçu» filminə görə Oskar mükafatı veriləndə də, o Hollivuda gəlməkdən çəkinmişdi. Həmin il Polanski ilin «ən yaxşı rejissoru» adını almışdı.

Bu ayın əvvəlində isə Kaliforniya prokurorluğu Polanskinin Sürixə gedəcəyini, orada mükafat alacağını öyrənir. Elə həbs də bundan sonra olur. ABŞ hökumətinin orderi əsasında İsveçrə polisi rejissoru həbs edir.

İsveçin ədliyyə naziri Eveline Vidmer Sklumf deyir ki, ABŞ-la ölkəsi arasında olan razılaşmaya görə onlar Polanskini həbs etməyə borclu idilər.

«Bizim ABŞ-la razılaşmamız var, Almaniya və digər ölkələrlə olduğu kimi. Biz başqa ölkənin ərazisində cinayətkar hesab olunan şəxsi təhvil verməyə borcluyuq. Ona görə də Polanski çatanda qanuni baxımdan onu həbs etməkdən başqa seçimimiz olmayıb».
İndi ABŞ rəsmiləri Polansinin ekstradisiyası üçün rəsmi tələb hazırlayır. Polanskininsə İsveçrədə ekstradisiyadan apelyasiya şikayəti vermək hüququ var. Bu proses aylar, hətta illərlə davam edə bilər.

Əgər Polanskinin şikayəti təmin olunmazsa və ABŞ-a ekstradisiya olunarsa, hüquqşünaslar onun Los-Ancels məhkəməsində sərt hökmlə qarşılaşacağını gözləyir.

Belə ki, keçən il rejissorun vəkilləri ittihamın götürülməsi üçün Los-Ancelsin federal məhkəməsinə müraciət edib. Buna səbəb kimi 1970-ci illərdə ittihamın və hakimin qanuna zidd hərəkətləri göstərilirdi. Ancaq Ali Məhkəmə Polanskinin müraciətini qəbul etmədi. Hakim bildirdi ki, məsələyə Polanksi prosesdə şəxsən iştirak edərsə baxacaq. Amma Polanski prosesə getmədi.

Polanskinin sənətini sevərlər - rejissorlar və aktyorlarsa öz həmkarlarına dəstək bildirmək üçün yürüş keçirdi, azadlığa buraxılması üçün müraciət imzaladılar. Müraciəti imzalayanlar arasında Monika Beluççi, Fanni Ardan kimi aktyorlar, Vonq Kar-Bi, Kosta Gavras kimi rejissorlar da var.

Bu arada «Ftans PRESS» Fransa və Polşa hökumətlərinin yaxın vaxtlarda ABŞ prezidenti Barak Obamaya müraciət edəcəyini bildirib. İki ölkə Obamanın Polanskini əfv etməsini, cinayət işinə xitam verilməsini istəyir.
XS
SM
MD
LG