Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:57

İstanbullu təqaüdçünün yaşayışı...


İstanbulda İstiqlal prospekti
İstanbulda İstiqlal prospekti
…Mehmet Səbrinin 70 yaşı var. Əslən İstanbulludur. Atası, babası da bu şəhərdə yaşayıb. Özü əvvəllər ticarətlə məşğul olub. İndi təqaüdə çıxıb. İdmanla məşğul olur. Deyir ki, şəhərin mərkəzində yerləşən 5 otaqlı evini oğluna bağışlayandan sonra 65 yaşlı həyat yoldaşı ilə yaşlılığın kefini çıxarmaq üçün İstanbulun kənar və sakit rayonlarından birinə köçüb. İndi 3 otaqlı evdə kirayədə yaşayır.

MEHMET SƏBRİNİN YAŞAYIŞI

Mehmet Səbri hər ay hökumətdən 760 lirə təqaüd alır. Azərbaycan manatıyla bu təxminən 400 manat eləyir. Onun 150 manatını ev kirayəsinə verir. Ancaq öz mənzilinin olmasını istəyir. Ona görə də 2 otaqlı ev almaq üçün tikinti şirkətlərinin biriylə müqavilə bağlayıb. Tikinti hələ başa çatmadığı üçün təzə evə köçməyib. İndi kirayədə yaşadığı mənzili yaşıllıqlar içində yerləşir. Deyir ki, həyətinin mühafizəsi də var. Zibil, təmizlik, kanalizasiya xidmətləri üçün 25 manat ödəyir. Öz evi noyabr ayında hazır olmalıymış. Ancaq tikinti şirkətinin günahı ucbatından evi noyabrda yox, yanvarda hazır olacaq. Ona görə də həmin şirkət indi kirayədə yaşadığı mənzilin iki aylıq kirayə haqqını ödəyəcək.

TƏQAÜDÜ ONA ÇATIR

Mehmet Səbri deyir ki, təqaüdü özünə çatır. Türkiyədəki ərzaq məhsullarının əksəriyyəti Azərbaycandakı ərzağın qiymətindən 2 dəfə ucuzdur. Təkcə ət burdakı qiymətədir. Ancaq bu o demək deyil ki, yaşlı təqaüdçü ət yemir. Ət də yeyir, ancaq az yeyir. Zarafatla deyir ki, çox yesə qocalar. Nə gəlib ucuz toyuq, balıq ətinə. Balıq mövsümündə balığın qiyməti İstanbulda Azərbaycan manatıyla 1-2 manat olur.

NƏQLİYYAT XƏRCİ

Nəqliyyat xərclərinə gəldikdə, Mehmet Səbri metrodan, sürətli tramvaydan, avtobusdan və metrobusdan (metro kimi ayrıca hərəkət zolağı olan, lakin avtobus kimi təkərli hərəkət edən yerüstü nəqliyyat vasitəsidir) istifadə edir.

Bütün nəqliyyatda gediş haqqı eynidir - 1 lirə 50 quruş. Yəni 75 qəpik. Ancaq Mehmet Səbri təqaüdçü olduğu üçün güzəştli kateqoriyaya aiddir. Ona görə nəqliyyata yarı qiymət - 85 quruş, yəni 42 qəpik ödəyir. Ancaq burda «xalq avtobusları» deyilən avtobuslar da var ki, o gediş haqqı yüklədiyi «akbil» adlanan xüsusi cihazı avtobusun uyğun dəliyinə yaxınlaşdıranda, 2 saat ərzində 2 dəfə aşağı qiymətdən yararlanır. Mehmet Səbri İstanbulda taksi, işıq və qazın qiymətlərinin bahalığından gileylənir.

XƏSTƏLİK VƏ ÖLÜMDƏN SONRA HƏYAT YOLDAŞININ MADDİ VƏZİYYƏTİ ÜÇÜN NARAHAT OLMAMAQ HİSSİ


Mehmet Səbrinin tibbi sığortası olduğu üçün xəstələnmək, xəstəxanaya düşərsə xəstəxana haqqını necə ödəmək qorxusu yoxdur. O, öləndən sonra həyat yoldaşının maddi vəziyyəti üçün də narahatlıq keçirmir. Ona görə yox ki, oğlunun imkanları yaxşıdır, ona görə ki, qanunla indi aldığı təqaüdünü xanımı aybaay alacaq. Oğluna möhtac olmayacaq.

TƏQAÜDÇÜNÜN BƏXTİ GƏTİRMİŞ TƏQAÜDÇÜ QARDAŞI

Mehmet Səbri mənə qardaşından da danışdı. Qardaşı Kamil Səbri Ankarada yaşayır. Deyir bacarıqlı olmadığına görə həmişə kasıb olub. Ankara kənarında illərlə gecəqonduda yaşayıb. Tikinti şirkəti gecəqondular məhəlləsini sökəndə isə həyat onun da üzünə gülüb. Tikinti şirkəti qanunsuz yaşadığı gecəqonduya görə qardaşına yeni tikdiyi binada hər biri 4 otaqlı 2 mənzil verib. İndi mənzilin birində qardaşı ailəsiylə yaşayır, ikinci mənzilini isə kirayə verir.

Bu, İstanbullu təqaüdçü Mehmət Səbrinin hekayəsi idi. Azərbaycan təqaüdçüsünün portretini cızsaq, çoxmu fərqlər görərik?
XS
SM
MD
LG