Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:06

Müsavatçıları Yevlaxa buraxmayıblar


Müsavat Partiyasının icra katibi Arif Hacılı
Müsavat Partiyasının icra katibi Arif Hacılı
Bələdiyyə seçkisi ilə bağlı Bərdə şəhərində üzvlərilə görüşə imkan verilmədiyindən Müsavat Partiyasının fəalları Yevlax rayonuna getməyə qərar veriblər, amma yolda Yevlax yol polisinin əməkdaşları müxalifətçiləri saxlayıb.

Bu haqda AzadlıqRadiosuna görüşdə iştirak edən jurnalist Mustafa Hacıbəyli məlumat verib: «Polis bizdən Yevlax şəhərinə daxil olmadan, kənar yolla buranı tərk etməyi tələb edib. Şəki rayonuna gələnə qədər əvvəlcə 10, sonra 2, sonda isə 1 yol polisi maşını bizim maşınımızı müşaiyət edib».

Yevlax şəhər rəhbərliyindən hələlik bu məsələyə şərh almaq mümkün olmayıb.

Yevlax polis idarəsi isə telefon zənglərinə hələ ki, cavab vermir.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə xəbəri AzadlıqRadiosuna belə şərh edib: «Məndə bu haqda məlumat yoxdur, amma əgər belə bir şey olubsa, bu, sərbəst toplaşmaq haqqında qanunun tələblərinə uyğundur. Çünki həmin adamlar Yevlaxa icazəsiz görüş keçirməyə gedirmiş, polis də bundan xəbər tutub. Hüquq mühafizə orqanlarının borcudur ki, qanunsuz hərəkətlərin qarşısını alsın».

Hazırda müsavatçılar Zaqatalada görüş keçirirlər.

Oktyabrın 8-də günorta saatlarında Bərdə şəhərində Müsavat Partiyasının üzvlərinin şəhərin mərkəzində keçirdiyi toplantını bir neçə şəxs dağıdıb.

Toplantıda partiyanın icra katibi Arif Hacılı, müsavatçı deputat İkram İsrafilov, müstəqil jurnalist Mustafa Hacıbəyli də iştirak edib. Bu haqda AzadlıqRadiosuna Arif Hacılı məlumat verib:

«Bizə hücum edənlər Yeni Azərbaycan Partiyasının yerli şöbəsinin rəsmiləri, icra hakimiyyətinin nümayəndələri idi, onlar bizə zor tətbiq etdilər, toplantımızı dağıtdılar».

Bərdə rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məzahir Qasımov isə deyir ki, icra hakimiyyətinin işçiləri və hakim partiyanın bu işdə günahı yoxdur, müsavatçılara yerli əhali hücum edib:

«Qara camaat tərəfindən onlara əks reaksiya verilib ki, biz demokratik cəmiyyətdə yaşayırıq, bizdən nə istəyirsiz. Siz bilirsiz ki, onlar AXC-Müsavat hakimiyyəti vaxtından insanlarda necə qıcıq yaradıblar».

Yeni Azərbaycan Partiyası Bərdə şöbəsindən də hücumda iştirak etmələri barədə məlumatı təkzib ediblər.

Hələlik Bərdə şəhər polisindən bu haqda şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG