Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:33

Dəmiryolunda da gediş haqqı artacaq?


Dəmiryolunda sonuncu dəfə gediş haqqı 2000-ci ildə artırılıb
Dəmiryolunda sonuncu dəfə gediş haqqı 2000-ci ildə artırılıb
Qiymət artımı ilə bağlı növbə metrodan sonra dəmiryoluna da çatdı. Dəmiryolu İdarəsi ölkədaxili gediş haqqının artırılmasıyla bağlı artıq öz təkliflərini Tarif Şurasına göndərib.

İdarədə hesab edirlər ki, digər nəqliyyat vasitələrilə müqayisədə dəmiryolunda qiymətlər bir neçə dəfə aşağıdır. Amma qiymətləri nə qədər qaldırmaq istədiyini idarə açıqlamır.

«BÖYÜK QİYMƏT OLMAYACAQ»

Dəmiryolu İdarəsi mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyir ki, onlar son qərarı Tarif Şurasından gözləyirlər:

- Son qərarı Tarif Şurası verdiyinə görə, biz hələ ki açıqlama vermək istəmirik.

- Yəqin ki, orta qiymət 5 manatdan yuxarı olmayacaq. Eləmi?

- Yəqin elə olacaq. O qədər də qaldırılmayacaq. Bir az qaldırmaq lazımdır ki, təsərrüfatı saxlamaq mümkün olsun. Böyük qiymət olmayacaq.

Tarif Şurasından isə deyirlər ki, hələ Dəmiryolu İdarəsinin təklifləri müzakirə olunmayıb. Nə vaxt müzakirə olunacağı da məlum deyil.

Dəmiryolu İdarəsi Tarif Şurasına hələ bir müddət əvvəl də müraciət edibmiş. Amma Şura bu təkliflərin yenidən təkmilləşdirilməsinə ehtiyac olduğunu nəzərə alaraq geri qaytarıb.

«İNDİKİ PULLA DƏMİRYOLUNU SAXLAMAQ MÜMKÜN DEYİL»

Bakı Dəmiryolu Vağzalının rəisi İlyas Məmmədov qiymət artımını labüd sayır:

Nadir Əzməmmədov
- Bu gün yerli qatarlarda gediş qiyməti orta hesabla 3 manat 50 qəpikdir. Bu isə çox aşağıdır. Həmin pulla belə böyük sərnişindaşımanı saxlamaq mümkün deyil.

Vağzalın rəisi iddia edir ki, qiymət artımından sonra hamı dəmiryolunda keyfiyyət dəyişikliyini hiss edəcək:

- Hər şey dəyişəcək.

Metrodakı qiymət artımından az sonra dəmiryolunda da gediş haqqının qaldırılması ehtimalını sərnişinlər mənfi qarşılayırlar. Dəmiryolu vağzalında söhbətləşdiyim sərnişinlər hesab edirlər ki, belə qərarlar yaxşı olar ki, maaş artımıyla müşayiət olunsun:

«İŞ YERİ AÇSINLAR, MAAŞI QALDIRSINLAR, SONRA NƏ EDİRLƏR ETSİNLƏR»

- İş yeri açsınlar, maaşı qaldırsınlar, sonra nə edirlər etsinlər. Bax biz indi iş dalınca Tümenə gedirik. Niyə?

- Bəs indiki qiymətlər necə sizi qane edirmi?

- Yox, indiki maaş və qiymətlərlə yenə də bahadır.

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov isə deyir ki, qiymət artımı ilə bağlı qərar qəbul ediləndə əhalinin real vəziyyəti, gəlirləri nəzərə alınmalıdır.

Onun sözlərinə görə, qiymət artımı xidmətin keyfiyyətinə təsir edəcəksə yaxşıdır. Amma əgər qiymətlər çox qaldırılsa və keyfiyyət baxımından inkişaf olmasa, bu, tənqid olunacaq.

Bir qrup gənclər təşkilatları metroda qiymət artımına etirazlarını davam etdirməkdədirlər. Gənclər növbəti aksiyaların dəmiryolundakı artımla bağlı ola biləcəyini istisna etmirlər.

Dəmiryolunda sonuncu dəfə gediş haqqı 2000-ci ildə artırılıb.
XS
SM
MD
LG