Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:32

Avropa Qafqazdan «vizasız gediş-gəliş»in əvəzində nə istəyir?


Avropa Birliyinə üzv ölkələrin bayraqları
Avropa Birliyinə üzv ölkələrin bayraqları
Avropa Birliyi Cənubi Qafqaza indi başqa gözlə baxır. Cənubi Qafqazın Xarici İşlər nazirlərinin oktyabrın 26-da Lüksemburqda Avropa Birliyi «Üçlüyülə» görüşlərində bunu avropalı rəsmilər də gizlətməyiblər. Avropa Birliyi regionun hər 3 dövlətinə azad ticarət və vizasız gediş-gəliş imkanı təklif eləmək istəyir, amma Birliyə üzvlük perspektivindən söz getmir.

Avropa Bilriyinin bu dövlətlərə təklif elədiyi güzəştlər Tərəfaşlıq və Əməkdaşlıq Sazişinin əlavəsi olan Assosiasiya Razılaşmasında əksini tapır. Avropa Birliyi prezidentinin adından danışan İsveç Xarici İşlər naziri Karl Bildt deyib ki, onlar regionun hər dövlətinin özəlliklərini nəzərə alsalar da, ümumi yanaşmanın tərəfdarıdırlar.

Başqa sözlə, bu o deməkdir ki, hər 3 dövlət noyabrda razılaşmayla bağlı danışıqlara faktiki olaraq eyni səviyyədən başlayacaqlar.

Ancaq regionun hər dövlətinin də Qonşuluq və Şərq Tərəfdaşlıq Planı çərçivəsində əməkdaşlıq elədiyi Avropa Birliyindən müəyyən istəkləri var. Məsələn, Azərbaycan daha çox enerji siyasəti və regiondakı sülhdən ötrü Ermənisatnın işğal etdiyi ərazilərdən çəkilməsinə diqqət çəkir.

AZƏRBAYCANIN ŞƏRTİ

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Birliyi rəsmiləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bunları deyib:

Elmar Məmmədyarov
- Biz əminik ki, regionda sülh və sabitlik istəyiriksə, ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən çıxarılması lazımdır. Əgər regionda daimi və davamlı sülhdən və inkişafdan danışırıqsa, bu, əsas şərtdir.

Məmmədyarov Azərbaycanı Avropa üçün cəlbedici edən enerji layihlərinə də toxunub, amma bu dəfə «Nabucco» layihəsinin adını çəkməyib. Sadəcə, Azərbaycanın enerji resurslarının müxtəlif marşrutlarla bazarlara çıxarılmasında maraqlı olduğunu bildirib.

Artıq bu ildən açıq-qaydın hiss olunan bir fakt da odur ki, Avropa Bilriyi Gürcüstanı regionun lider dövləti kimi görmür. Çünki Saakaşvilinin idarəçiliyi altında Gürcüstanın da siyasi sabitliyi və demokratik normalara uyunluğunda şübhələr yaranıb. Yerevan və Bakı kimi Tbilisinin də söz azadlığı, siyasi məhbuslar, sərbəst toplaşmaq azadlığı ilə bağlı problemləri var. Gürcüstanın Xarici İşlər naziri Qriqol Vaşadze Avropa Bilriyinin bu qeydlərini nəzərə alacaqlarını desə də, əsasən Avropadan Rusiyanın Abxaziya və Osetiya regionlarıyla bağlı siyasətinin qarşısını almağa kömək istəyib.

ƏN AZ İSTƏYİ OLAN ERMƏNISTANDIR

Bu 3 dövlətin içində Avropa Bilriyindən ən az istəyi olan isə Ermənistan olub. Rusiyanın təsir dairəsindən çıxmaq istəməyən Yerevanı Avropa Birliyindən daha çox pul almaq və vizasız gedib- gəlmək maraqlandırır. Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan:

- Bizim müzakirələrimizdə mən insanların bir-birləriylə birbaşa ünsiyyət imkanlarının yaradılması və vətəndaşlarımız üçün viza razılaşmarının vacibliyini vurğuladım.

Edvard Nalbandyan
Ancaq bir məqam var ki, sərbəst ticarət və vizasız səyahət imkanlarının uzun müddətdə verilməsi nəzərdə tutulub. Avropa Birliyinin heç də bütün dövlətləri - məsələn, yetərincə nüfuzlu olan İspaniya buna razılıq vermir.

Üstəlik, bu güzəştlərin əvəzində hər 3 dövlət müxtəlif öhdəliklər götürməlidir. Məsələn, Avropa Birliyi Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünü sürətləndirmək, bu yolla rəsmi Bakıyla enerji əməkdaşlığını gücləndirmək istəyir.

Siyasi tələblərə gəlincə, burda Avropa Birliyi daha pessimistdir. Çünki 2004-cü ildən bəri Birlik Gürcüstana hüquq islahatlar üçün ciddi yardım göstərsə də, bu ölkədə çox az irəliləyiş var. Avropa Birliyinin Ermənistanda da məsləhətçiləri var, amma rəsmi Yerevan onlara məhəl qoymur.

Azərbaycan isə siyasi vəziyyətə görə üzun müddətdir ki, ancaq tənqid olunur. Odur ki, artıq Avropa Birliyi rəsmiləri bu yollarla Cənubi Qafqaz iqtidarlarının davranışını dəyişə biləcəklərinə elə də inanmırlar.
XS
SM
MD
LG