Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:08

Məhkəmə: Bloqçular üçün xüsusi müstəntiq?..


Natella Abdullayeva və Paşa Abdullayev
Natella Abdullayeva və Paşa Abdullayev

...Məhkəmə yarım saat olar ki, başa çatıb, Natella Abdullayeva da, Paşa Abdullayev də evə getmək istəmirlər. Emin Millinin yaşlı valideynləri iyirmiyə yaxın gənclə bir yerdə Səbail rayon Məhkəməsinin qarşısında dayanıb gözləyirlər ki, təcridxanaya aparanda oğullarını bir də görə bilsinlər.

Valideynləri əmindirlər ki, Emin Millini də, onunla birlikdə tutulan Adnan Hacızadəni də sifarişlə həbs ediblər. Natella Abdullayeva deyir:

"Onlar elə bilirlər ki, uşaqlar hökumətə qarşıdır. Amma elə deyil, əksinə, uşaqlar istəyirlər ki, hökumətin ətrafına savadlı adamlar yığışsın. Uşaqlar barədə hökumətə yalnış məlumat çatdırırlar, onlar barədə düzgün məlumat vermirlər".


Gənc bloqqerlər Emin Milli və Adnan Hacızadəni xuliqanlıqda ittiham edirlər, amma özləri də, onlarla beynəlxalq təşkilat da iddia edir ki, gəncləri hakimiyyəti tənqid edən materialları internetdə yerləşdirdiyinə görə tutublar.

İttihama görə, Emin Milli və Adnan Hacızadə bu il iyulun 8-də Bakının mərkəzindəki «Livan» restoranında qonşu stolda əyləşən başqa iki müştəri ilə dava ediblər, onlara yüngül xəsarət yetiriblər.

MÜSTƏNTİQİ MƏZUNİYYƏTDƏN GERİ ÇAĞIRIBLAR?

...Jurnalistləri içəri buraxanda hər iki gənc artıq dəmir barmaqlıqların arasında idi. Gümrah görünürdülər. Barmaqlıqlara sarılıb dostlarla uzaqdan-uzağa olsa da şövqlə salamlaşırlar.

...Budəfəki prosesdə bircə nəfər şahid qismində dindirilir - hadisə baş verən gün Səbail rayon 9-cu polis bölməsində növbətçi olmuş Sənani Məmmədov. Orta yaşlı polisi daha çox Adnan Hacızadənin vəkili İsaxan Aşurov sorğu-suala tutur:

İ.A.: Polis bölməsinə Səbail rayon Polis İdarəsindən niyə məhz müstəntiq Ziya Əliyev gəldi?

S.M.: Mən bilmirəm, biz idarəyə zəng vurmuşduq... Orada növbətçi müstəntiq olur, o gəlir

İ.A.: Xəbəriniz var idimi ki, Ziya Əliyev həmin vaxt məzuniyyətdə idi?

- Xeyr. Xəbərim yox idi.

(İsaxan Aşurov məhkəmədən sonra Ziya Əliyevin məzuniyyətdən geri çağırılması barədə məlumatı şərh etməyib. Bircə onu dedi ki, "sonra biləcəksiniz")

KÖYNƏYİN FORMASINI XATIRLAYIR, ÜSTÜNDƏKİ QANI YOX...

Polis əməkdaşı deyir ki, iyulun 8-də günün ikinci yarısı polis bölməsinə beş nəfər gətiriblər. Məlumat daxil olub ki, bu adamlar «Livan» restoranında dava-dalaş törədiblər. Daha sonra qısaqol «mayiçni» köynəkli Vüsal Məmmədov adlı bir nəfər ona yaxınlaşıb və şikayət ərizəsi təqdim edib:

S.M.: Köməkçi mənə dedi ki, iki nəfər özünü pis hiss edir, təcili yardım maşını çağırdıq.

İ.A: Kimin özünü pis etdiyini xatırlayırsızmı?

S.M.: Xeyr, yalan deyərəm...

İ.A.: Vüsal Məmmədovun geyimini xatırlayırsız, bəs onun üstündə qan izi, yara var idimi?


S.M.: Yadımda deyil.

ŞAHİDLƏR MƏHKƏMƏYƏ GƏLMİR

Zərərçəkən kimi təqdim olunan Vüsal Məmmədov özü isə səhhəti ilə bağlı problem olduğunu əsas gətirib məhkəməyə gəlməmişdi.

İsaxan Aşurov bildirdi ki, müdafiə tərəfi zərərçəkmiş V.Məmmədovun məhkəməyə gətirilməsini tələb edir, çünki sualların çoxu ona ünvanlanıb. Vəkil prosesdə «Livan» restoranının rəhbər işçisi olan şahid Şahzeynəb İsmayılovanın iştirakının vacib olduğunu da dedi.

«Livan» restoranın sahibəsi, başqa bir şahid Şahzeynəb Rüstəmova məhkəmənin xəbərdarlıqlarına baxmayaraq növbəti dəfə məhkəməyə gəlməmişdi. Keçən prosesdə hakim Araz Hüseynov bildirmişdi ki, növbəti prosesə də qatılmasa, onu məhkəməyə məcburi qaydada gətirmə məsələsinə baxılacaq. Hələlik isə Şahzeynəb Rüstəmova məhkəməyə xəstə olduğunu təsdiqləyən arayış təqdim eləməlidir. Həmin arayışda göstərilən əsas İsaxan Aşurovun istinad etdiyi "ağır xəstəliklər siyahısı" ilə uyğun gəlməsə, şahidin məhkəməyə zorla gətirilməsinə qərar verilə bilər.

Məhkəmə noyabrın 6-da davam edəcək.
XS
SM
MD
LG