Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:10

NATİQ "Babamın ordenləri" HEKAYƏ


Qərara aldım ki, onu ad günündə babama bağışlayım. Əmin idim ki, hədiyyəm ürəyincə olacaq.

Onu narıncı rəngdə dördkünc qutuya qoyub bağladım, istədim qutunun üstünə qızılı suyla babamın adını və yubiley tarixini yazım, amma sonra fikrimdən daşındım.

Açığını desəm, qorxdum ki, şit çıxa, həm də əvvəlcədən qərara gəlmişdim ki, hədiyyəni aldığımı heç kimə bildirməyim. Sadəcə deyərəm ki, tapmışam, onda əsil sürpriz olar.

Babam müharibə veteranı idi, Moskva ətrafında gedən qızğın döyüşlərdə ağır yaralanmışdı, sol əlinin iki barmağını kəsmişdilər, ayağındakı qəlpələr isə ömrünün sonuna kimi bədənində qaldı.

Havalar yağmurlu keçəndə sızıldayan dizlərini ovuşdurar, üz-gözünün turşudaraq yarı zarafat-yarı ciddi qəlpələrim «nəm çəkir» deyərdi.

Ancaq babam heç vaxt müharibədən pis şeylər danışmazdı, başına gələnlərdən, döyüş yoldaşlarının məzəli əhvalatlarını, düşməndən qorunmaq üçün ac-susuz günlərlə qarın altında özünü ölülüyə vuraraq gizlənməsindən, neçə-neçə qanlı-qadalı döyüşlərdən elə həvəslə danışardı ki, adamın ürəyindən müharibəyə getmək keçərdi.

«Baba biz də müharibə istəyirik»- uşaq vaxtı onun danışdıqlarından həvəsə gələrək biz nəvələrinin tez-tez soruşduğu bu olardı.

O da yaxşı yadımdadır ki, babam «o mənim müharibəm idi» deməklə kifayətlənər, başqa heç nə söyləməzdi.

Uşaq ağlımızla biz də öz müharibəmizi axtarardıq, məhəlləmizdə, bağçamızda «dava-dava» oynayıb, babamız kimi «döyüşər», babamız kimi «dostlaşar», babamız kimi «yaralanardıq». Amma heç kimi öldürməzdik, sağ qalardıq.

Çünki, «babamızın müharibəsi»ndə ölüm yox idi, heç vaxt öldürməkdən danışmazdı. Elə bilirdik ki, bu müharibəyə hamı qəhrəman olmaq üçün qoşulub, hamı cəngavərlik edir, hamı hünər göstərir, hamıya orden verirlər…

Ordendən söz düşmüşkən babamın çoxlu ordenləri var idi: rəngbərəng, al-əlvan, parıldayan ordenlər. Hər dəfə Qələbə günündə babam onları səliqəylə tünd qara pencəyinin sol tərəfindən taxar, sıraları getdikcə seyrəkləşən veteran dostları ilə məktəbimizə gələrdi.

O qədər sevinərdik ki… Mənim babamın ordenləri hamınınkından çox idi. Hər birinin də öz tarixçəsi vardı. Belarusiyanın azad edilməsinə görə orden, Leninqraddın mühasirəsinin yarılmasına görə orden, Kurskdakı fədakarlığa görə və sairə və ilaxır.

Babam o tarixçələri həvəslə daşardı, hətta bəzi hekayətləri təkrar-təkrar eşitsək də, əsla marağımız azalmazdı, eyni sualları dönə-dönə verərdik.

- Baba sənin ordenlərinin ən yaxşısı hansıdı?- bunu soruşanda neçə yaşım olduğu yadımda deyil, amma sualımın ona bərk toxunduğu, qanını qaraltdığı yadımdadı.

- Hamısı yaxşıdı, heç ordenini də pisi olar?- sonra qaşlarını çatıb fikrə getdi, handan-hana - biri var idi ən yaxşısı…- dedi.
- Bəs necə oldu?

- İtirdim onu, oğul bala, itirdim. Bəlkə hardasa unutdum. Keşkə taxmayaydım.
- O hansıdı ki?

- İgidliyə görə orden. Onu bizim rota Dnepri keçəndə almışdım. Çox qanlı döyüş idi, elə-bil göydən başımıza od yağırdı, ayağımızın altında torpaq alovlanırdı… Rotamız öndə gedirdi, arxaya qaçanı güllələyirdilər, hər tərəfdə ölüm ağzını açıb bizi gözləyirdi.

O qədər dostlarım həlak oldu ki… Qanımız torpağa hopmuşdu, Dneprin büllur sulları da qırmızı rəngə çalırdı. Müsibətlə çayı keçdik, tapşırığı yerinə yetirdik. Bax onda mənə İgidliyə görə orden verdilər. Beş-altı il olar itirmişəm onu, heyf.

Babamın müharibə nağıllarında ilk dəfə idi ölüm görürdüm. İlik dəfə idi «babamın müharibəsi» məni qorxudurdu. Mənim uşaq ağlım bu qədər qan-qadadan sonra bapbalaca ordenin nəyi dəyişəcəyini, ümumiyyətlə hansı anlam daşıdığını həzm edə bilmirdi.

Ancaq babamın təəssüflənməyi, balaca döş nişanını itirdiyinə görə dilxor olmasını da istəmirdim. Axı onsuz da onun ordenləri hamınınkından çox idi. Elə buna görə də qeyri-ixtiyari:
- Baba, təzəsini ala bilmərsən?- soruşdum.

- Təzəsini necə alım? Mənim müharibəm qurtarıb axı?
- Mağazadan al?

- Oğul bala, kişilər ordeni mağazadan yox, döyüşdə alırlar. Bir də mağazada belə şeylər satmırlar.
- Bəs birdən mən onu tapsam…

- Onu tapanda deyərsən.

Babamın ad günün həyətimizdə iri gövdəli armud ağacının altında qeyd elədik.

Hamımız qonum-qonşu, dost-tanış, nəvələr, nəticələr babamızın başına yığışmışdıq. Hamıdan gec mən gəlmişdim, universitetdə yay imtahanlarının bitirib axırıncıdan hansı qiymət aldığımı gözləmədən birbaşa avtovağzala, oradan isə rastıma çıxan ilk maşınla evə gəlmişdim.

Mən çatanda məclis təzə başlamışdı, əvvəlcə Veteranlar Şurasının sədri döyüş dostları adından təbrik məktubu oxudu, bunun ardınca babama xatirə kimi qol saatı hədiyyə verdi:

- Mən istərdim gənclər sizin döşünüzdəki ordenlərə diqqətlə baxsınlar. Bu ordenlər qiymətsizdir. Onları heç nəylə, nə pula, nə xahişlə almaq olmaz. Onları igidliklə, kişiliklə almaq olar…

Veteranlar Şurası sədrinin uzun-uzadı tostundan sonra hamı babamın adı keçən əhvalatları, xatirələri danışmağa başladı. Yəqin yol yorğunluğundan idi ki, mənim başım ancaq yeməyə qarışmışdı, çoxdandı dadı damağımdan çıxmış ev yeməklərinin həsrətində idim. Nənəm ehmalca böyürmə toxunmasaydı iştahamın əsrinə çevriləcəkdim.

- Köynəyinin cibindəki nədi elə?
- Babama sürpriz eliyəcəm.

- Yaxşı, ürəyimizi üzmə, de görüm nədi?
- Bir azdan görərsiniz…

Ağsaqqallardan sonra nəhayət söz demək növbəsi bizə babamın nəvələrinə çatdı. Hərə bir cür təbrik elədi: balacalar şeir dedi, mahnı oxudu, ya da elə-belə kişinin üzündən öpüb oturdular.

Sıra mənim idi. Çox qısa təbrikdən sonra döş cibimdəki narıncı qutunu çıxarıb babama uzatdım:
- Baba, səni itirdiyini tapmışam.

Bu da İgidliyə görə orden - qutunu açıb ordeni kişinin yaxasına taxdım. Babam heyrətlə mənə baxdı, sonra əli ilə ordeni bir xeyli sığalladı. Nə qədər hisslərini gizlətməyə çalışsa da, gözlərinin dolduğu, üzünün titrədiyi aydınca sezilirdi.
- Axı sən bunu hardan…

- Yox sual vermə, hardan tapdığım desəm bu tay sürpriz olmaz ki…
- Bilirsənmi mən bunu…

- Bilirəm, sən bunu Dnepri keçdiyinə, tapşırığı yerinə yetirdiyinə görə almısan.

Mən onu qucaqlayanda heç kim görməsin deyənə boynumun arxasından gözlərini sildi…

Tək babam yox, elə mən özüm də, məclisdəkilər də kövrəlmişdi.

Babamın məclisi bir xeyli davam elədi. Bu vaxt ərzində o, bir dəfə də olsun gözünün ordendən çəkmirdi, qonaqlarla ağızucu danışır, elə hey ordenə baxırdı.

Hamı dağılışandan sonra nənəm məni bir tərəfə çəkib, şirin dilini işə saldı.

Bilirdi ki, uşaq vaxtından düz danışmağa alışmış nəvəsi ona yalan deməyəcək, ordeni hardan tapdığı söyləyəcək. Nə qədər söhbəti yayındırmağa çalışsam da xeyri olmadı, nənəmin inciyəcəyindən qorxurdum. Şərt kəsdim ki, bunu heç kimə, xüsusən də babama deməsin.

- Vallah heç kimə demərəm, de görüm hardan tapmısan? Ay bala, axı kişi o medalı itirəndə sən lap uşaq idin. Bizim də axtarmağımız yer qalmamışdı.
- Nənə mən onu tapmamışam... Almışam. Bakıda «Torqovı»dan almışam.

- Necə yəni almısan, indi ordenləri satırlar bəyəm?

- Hə satırlar, babamın bütün ordenlərindən satırlar… İgidliyə görə orden o birilərindən bir az baha idi. Beş manata deyirdilər, mən üç manat əlli qəpiyə aldım...
XS
SM
MD
LG