Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:26

Şeyxin yubileyinin indi keçirilməsi suallar doğurur…


Hacı Allahşükür Paşazadə
Hacı Allahşükür Paşazadə
Noyabrın 6-da Bakının «Gülüstan» sarayında «Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru» mövzusunda beynəlxalq konfrans işə başlayıb. Bu konfransın Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin 60 ilik yubileyi və şeyxülislam seçilməsinin 30 illiyi münasibətiylə keçirildiyi bildirilir.

Şeyxin yubileyinə gələn qonaqlar arasında Bütün Rusiyanın Patriarxı, Gürcüstanın Katalikos Patriarxı, Çeçenistan prezidenti Ramzan Kadırov və Dağıstan prezidenti Muxu Əliyev də var.

Qonaqlar bir yana, ancaq Allahşükür Paşazadənin tərcümeyi-halına nəzər yetirdikdə, bu yubileyin məhz bu il noyabrın 6-da keçirilməsi bir sıra suallar doğurur.

ALLAHŞÜKÜR PAŞAZADƏNİN ŞEYX SEÇİLMƏSİNİN 30 İLLİYİ ƏSLİNDƏ GƏLƏN İLDİR…

Əslində Allahşükür Paşazadənin şeyx seçilməsinin 30 ili gələn il tamam olur. Üstəlik onun 60 yaşı bu il avqustun 26-da tamam olub.

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, əslində yubiley mərasiminin məhz indi keçirilməsi təsadüf deyil. Onun fikrincə, şeyxülislam indi çətin günlərini yaşayır və belə bir yubiley keçirməklə özünün gücünü nümayiş etdirir:
«Şeyx nümayiş etdirmək istəyir ki, mənə güclü dəstək var. Rusiya Patriarxının, Dağıstan və Çeçenistan prezidentlərinin də iştirakı elə buna xidmət edir».

ŞEYX GÜCÜNÜ KİMƏ VƏ NƏYƏ GÖSTƏRİR?

Bəs belə olan halda şeyx gücünü kimə göstərir və bunu ona vadar edən nədir?

Ərəstun Oruclu bunu belə izah edir:

«Milli Məclisdə bəzi millət vəkillərinin nəzir qutuları ilə bağlı iddiaları və indi azana qarşı məhdudiyyətlərin qoyulması göstərir ki, hakimiyyət daxilində şeyxə qarşı qruplaşma var və onlar kəskin mübarizəyə keçiblər. Şeyx də bununla onlara cavab verir».

Ərəstun Oruclu
Ərəstun Oruclu deyir ki, Allahşükür Paşazadə fəaliyyəti dövründə tək Azərbaycanda yox, regionda gedən proseslərlə bağlı bir sıra cəsarətli addımları ilə yadda qalıb. Xüsusilə 1990-cı ilin 20 yanvar qırğını vaxtı onun verdiyi bəyanat hələ də yaddan çıxmayıb. Ərəstun Oruclu hesab edir ki, indi şeyxin üstündən bir andaca xətt çəkmək o qədər də asan deyil.

Əslində parlamentdəki son hücumlara qədər də Allahşükür Paşazadə haqda mətbuatda ara-sıra ittihamlarla dolu tənqidi yazılar dərc edilirdi. Ancaq belə yazılar daha çox müxalifyönlü mətbu orqanlarında dərc edilirdi. İndi isə artıq oxşar ittihamların parlament kürsüsündən eşidilməsi diqqət çəkir. Bunun əvəzində isə «Azadlıq» qəzeti binasından çıxarılarkən baş redaktor Qənimət Zahidin ölüm aclığına əl atması zamanı şeyxülislamın etdiyi bəzi jestlər və onun bəzi jurnalistləri Həcc ziyarətlərinə göndərməsi də, öz nüfuz dairəsini genişləndirməsi istiqamətində fəaliyyətindən xəbər verir. Hər halda bu bir gerçəklikdir ki, hətta keçmiş prezident Heydər Əliyevin sağlığında onun özünün belə, belə təntənəli yubileyləri keçirilmirdi.

Bütün bunlarla belə bu konfransa sıradan bir tədbir kimi baxanlar da var.

ÖLKƏYƏ BÖYÜK NEFT PULLARI GƏLİR…

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, ölkəyə böyük neft pullarının gəlməsi ilə bu tip beynəlxalq tədbirlərin keçirilməsi bir növ dəb halını alıb:

«Azərbaycanın əldə etdiyi gəlirlər imkan verib ki, ayda iki-üç belə konfrans keçirsinlər. Çox böyük ölkələrdən önəmli qonaqlar çağırmaqla Azərbaycanın əhəmiyyətini göz önünə gətirmək istəyirlər. Yəni mən bu tədbirə sıradan bir tədbirlər kimi baxıram».

Allahşükür Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Gil kəndində doğulub. 1975-ci ildə Daşkənd İslam Universitetini bitirib. 1980-ci ildən Qafqaz müsəlmanları İdarəsinə rəhbərlik edir.
XS
SM
MD
LG