Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:45

«Büdcə layihəsində şəffaflıq daha da azalıb»


Pənah Hüseyn
Pənah Hüseyn
«Hətta kiçik iqtisadi sarsıntıların davam edəcəyi bir şəraitdə Azərbaycan cəmiyyəti çox ciddi iqtisadi, maliyyə, bunun ardınca isə sosial problemlərlə və siyasi sarsıntılarla üzləşə bilər».

Deputat Pənah Hüseyn belə deyir. Onun sözlərinə görə, hazırda parlamentin müzakirə etdiyi 2010-cu ilin dövlət büdcəsi belə düşünməyə əsas verir.

«Büdcə layihəsində şəffaflıq daha da azalıb. İnvestisiya xərcləri anonimdir. Yəni ünvan göstərilmir və əsaslı kapitala yönəlik investisiyalarda bu büdcənin yarısına yaxınını təşkil edir. Sosial sahələrə, hətta ən ciddi sosial ehtiyacı olan təbəqələrə ayrılan vəsaitlər faktiki olaraq nəinki artırılmır, azaldılır. Bu isə o deməkdir ki, hətta büdcədə nəzərdə tutulan guya 5-6 faizlik inflyasiyanı kompensasiya edəcək artım olmayacaq. İlk dəfədir ki son illərdə büdcədə belə hal müşahidə olunur. Digər tərəfdən korrupsiya tutumlu sahələrdə azalma müşahidə edilmir. Həmçinin məsələn ümumi dövlət xərcləri artırılır. Hüquq mühafizə orqanlarının, o cümlədən polisin xərcləri artırılır».

Pənah Hüseyn deyir ki, prinsipcə o bu artımların əleyhinə deyil. Amma eyni zamanda daha çox ehtiyac olan, cəmiyyətin əksəriyyətini təşkil edən təbəqələrə, səhiyyəyə, təhsilə, elmə ayrılan vəsaitlərin azalmasının fonunda bu artımı əsaslandırmaq heç cür mümkün deyil.

«Bu büdcə korrupsiya yönümlü olmaqla yanaşı həm də antisosial məsələdir. Mən hesab edirəm ki, bu ciddi iqtisadi, sosial və siyasi fəsadlara gətirib çıxara bilər».

Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə isə deyir ki, 2009-cu ilə nisbətən büdcənin gəlirlərinin 2 milyard 25 milyon manat, xərclərin isə 1 milyard 91 milyon manat azalması nəzərdə tutulur. Ancaq bu azalma Azərbaycan iqtisadiyyatının davamlı inkişafı üçün əngələ çevrilməyəcək.

2010-cu ilin büdcə layihəsində büdcəsinin gəlirləri 10 milyard manatdan bir qədər çox, xərcləri isə 11 milyard 270 milyon manata yaxındır. Bu isə 2009-cu ilin dövlət büdcəsi ilə müqayisədə gəlirlərin 17,8%, xərclərin isə 8,8% azalacağı kimi dəyərləndirilir.
XS
SM
MD
LG