Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:31

Tarixi bina hasarlandı!


Bu bina 125 ildir ki, Qız Qalasının solunda bərqərardır
Bu bina 125 ildir ki, Qız Qalasının solunda bərqərardır
Neftçilər prospektindəki 95/97 saylı bina hasarlandı. Ötən gün bununla bağlı mətbuat konfransı keçirən sakinlərin dedikləri doğru çıxdı. Onlar binada qazın, suyun, işığın kəsildiyini bildirərək əlavə etmişdilər: «Sabah bina hasarlanarsa, təəccüblənməyin».

Sakinlərdən birinin--Qurban Əliyevin «Can Bakı» proqramına bildirdiyinə görə, ətraf polislərlə dolub, bina hasarlanıb. Onları bu sahədən uzaqlaşdırmaq istəyirlər.

«Bəs nə edəcəksiniz?» sualına səsi titrəyən Qurban Əliyevin cavabı belə oldu: «Yığışıb Qız Qalasına çıxmaq istəyirik. Ordan da özümüzü atacağıq».

Xatırladaq ki, bu bina 125 ildir ki, Qız Qalasının solunda bərqərardır. Tarixi abidə kimi qorunur. İçərişəhər Qoruq İdarəsinin balansındadır. Orada 13 ailə yaşayır. Ofislər, mağazalar var. Son Bakı zəlzələsindən bu binaya heç bir zərər dəyməyib. Binanın divarlarının qalınlığı 1 metrdir. Deyilənə görə, hətta bəzi yerlərdə 1.5 metrə çatır.

Müstəqil ekspertlər binanın sağlam olduğunu deyirlər. Rəsmi qurumlar isə qəzalı. İlin əvvəlində bu işə baxan Səbail Məhkəməsi tərəflərin hər ikisinin öz fikrində israrlı olduğunu görüb, yenidən ekspertiza təyin edib. Ancaq ekspertizadan cavab çıxmayıb.

Bir neçə aylıq sakitlikdən sonra sakinlər yenidən köçmək təhdidi ilə üzləşiblər. Onları Bakı şəhər İcra Hakimiyyətinə çağıraraq hər kvadratmetr üçün 2500 ABŞ dolları pul təklif ediblər. Sakinlər razılaşmayıblar. İki gün öncə onların suyunu, qazını, işığını kəsmişdilər. Bu gün isə artıq hasarlanma əməliyyatına başlanılıb.

Şənbə günü olduğundan rəsmi qurumlardan cavab ala bilmədik.

Mövzunu diqqətdə saxlayacağıq.

XS
SM
MD
LG