Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:26

Sovet mətbuatı Meydan Hərəkatı barədə nələr yazırdı


Elə bilirsiniz ancaq bu gün rəsmi media bəzi xəbərləri yayımlamaqdan imtina edir və ya onları gecikdirir? Siz səhv edirsiniz, bu belə deyil. 30 il bundan qabaqkı qəzetlər də faktları ictimaiyyətə gec çatdırırmış. Gəlin elə bu günü götürək. 30 il öncə bugünkü tarixdə Bakıda Meydan Hərəkatı başlayıb. Bütün Bakı meydan söhbətləri ilə çaxnaşarkən görək qəzetlər nədən yazırmış.

«XALQ SÖZÜ - HAQQ SÖZÜ»

«Kommunist» qəzeti. 17 noyabr. M.S. Qorbaçov yoldaşın çıxışı. Noyabrın 15-də Oryol şəhərində keçirilmiş müşavirədən. Çıxış qəzetin həmin tarixdəki sayının bütün səhifələrini əhatə etmişdir.

18 noyabr. M. S. Qorbaçov Hindistana yola düşmüşdür. Qəzetin digər səhifələri isə Azərbaycan KP MK plenumundan təsvirlə doldurulub. Plenumda «Mənzil probleminin həllini sürətləndirmək» müzakirə edilirmiş.

19 noyabr tarixində qəzet Qorbaçovun Hindistandakı səfərindən danışır.

Qəzetin 20 noyabr tarixli nömrəsini açarkən nəhayət ki orada balaca da olsa meydan hadisələrindən bir məlumata rast gəldim.

Başlıq belədir: «Xalq sözü –Haqq sözü».

Bakıdakı V.İ.Lenin adına meydanda keçirilən mitinqlərdən reportaj.

Paytaxtımızın baş meydanı 3 gündür ki, təlatümdədir. Üç gündür ki, saysız - hesabsız fəhlə, tələbə, ziyalı buraya toplaşır. Hətta onların böyük əksəriyyəti meydanda gecələyir. Adamlar bir-biri ilə dərdləşir, iki xalqın arasında nifaq toxumu səpmək istəyənləri lənətləyirlər».

Meydandakı hadisələr barədə bir də 23 noyabr tarixində məlumat verilib. Məqalədə bildirilir ki, «Meydanda yeni təkliflər çoxdur. Altı gün davam edən mitinqlərin əsl cəfakeş aparıcılarından şair – publisist Sabir Rüstəmxanlı və fəhlə Nemət Pənahov yeri gəldikcə həmin təkliflərlə, son məlumatlarla meydana toplaşanları tanış edirlər.

XƏBƏR ACLIĞI...

Həmin dövrə aid digər «Bakı» qəzeti isə «Kommunist» qəzetinə dua etdirir. «Bakı» qəzeti meydan hadisələri ilə əlaqədar yalnız 21 noyabr tarixində məlumat verir. O da «Kommunist» qəzetindən eynilə götürülmüş kiçik məlumat. Yeganə yenilik meydanda aclıq edən 6 nəfər barəsində verilən məlumat idi. Qəzet bildirir ki, aclıq aksiyası edənlər aşağıdakıları tələb ediblər:

«Ermənistanın Kanaker alüminium zavodu yanındakı kooperativ üzvlərinin tarixi abidəmiz olan Topxana meşəsində qanunsuz apardıqları tikinti dayandırılsın; Ermənistanda yaşayan Azərbaycanlıların qanuni hüquqları bərpa edilsin; Dağlıq Qarabağ Muxtar Vilayətində millətlər arasında ədavət salanlara himayəçilik edən, respublikanın rəhbər orqanlarının sözünü eşitmək, onlara tabe olmaq istəməyən partiya və sovet işçiləri vəzifədən çıxarılıb cəzalandırılsınlar, DQMV ləğv olunsun və s.»

XS
SM
MD
LG