Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:24

«Viza rejimlərinin sadələşdirilməsi müəyyən neqativ hallara gətirib çıxara bilir»


Azər Allahverənov
«Azərbaycanla Türkiyə arasında viza rejiminin götürülməsi, yaxud sadələşdirilməsi, ən azı 3 ay müddətinə istər Türkiyə vətəndaşının Azərbaycanda, istərsə də Azərbaycan vətəndaşının Türkiyədə qala bilməsi müəyyən mənada müsbət hal kimi dəyərləndirilməlidir. Baxmayaraq ki, bu məsələ gündəmə gələndən ona münasibət birmənalı deyil. Viza rejiminin aradan qaldırılması həm iki qardaş ölkə məsələsi, həm də mədəni, iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi baxımından yozula bilər».

Avrasiya Vətəndaş Təşəbbüsləri Platformasının prezidenti Azər Allahverənov «İşdən sonra»da belə deyib.

O bildirir ki, viza rejimlərinin sadələşdirilməsi dövlətlər arasında miqrasiya proseslərinin genişlənməsinə səbəb olur ki, bu da müəyyən neqativ hallara gətirib çıxara bilir. Ona görə də təhlükə yarada biləcək elementlər üzərində indidən düşünmək lazımdır:

«Vizanın müddətinin uzadılması, yaxud onun tamamilə ləğvi təkcə pasporta möhürün vurulmaması ilə həll olunmur. Bu, kompleks şəklində həllini tələb edən məsələdir. Əlbəttə ki, belə bir qərar qəbul edilərsə, bunun reallığa çevrilməsi üçün qanunvericilikdə, prosedur qaydalarda, hətta texniki məsələlərdə təkmilləşdirmə aparılmalıdır».

A.Allahverənov deyir ki, miqrasiya prosesi kifayət qədər müxtəlif elementləri, komponentləri özündə birləşdirən bir məsələdir:

«Həmin elementlər arasında qeyri-qanuni miqrasiya kimi neqativ məqamlardan sığortalanmaq üçün bu proseslərin nizamlanmasına böyük ehtiyac var. Burada söhbət ən azı ölkənin təhlükəsizlik sistemindən gedir. Yəni, bu məsələnin üzərində kifayət qədər ciddi düşünmələrə, atılacaq addımların ölçülüb biçilməsinə ehtiyac var...».
XS
SM
MD
LG