Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:30

Qeydiyyat bitdi


«Əsas problem odur ki, özlərini müxalifət adlandıran siyasi partiyaların sosial dayaqları tükənib»
«Əsas problem odur ki, özlərini müxalifət adlandıran siyasi partiyaların sosial dayaqları tükənib»
- Bələdiyyəyə namizədlərin qeydə alınması prosesində indiyədək müşahidə olunmayan hal o oldu ki, namizəd olmaq istəyənlərə əvvəlcədən təzyiq göstərildi. Ona görə də ərizəsini geri götürməyə məcbur oldu.

Bunu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədr müavini Bəşir Süleymanlı deyir. Onun sözlərinə görə, əvvəlki seçkilərdə imzatoplama kampaniyası zamanı müxalifət namizədləri üçün imzatoplayanlara və ya imza verənlərə təzyiq olurdusa, bu dəfə yerlərdə hakimiyyət strukturları namizəd olmaq istəyənlərin qabağını kəsdi:

- Namizəd olmaq istəyənlərə təzyiq göstəriblər ki, qohum-əqrəbasını işdən çıxaracaqlar. Özü də rayon, kənd yerlərində bu daha qabarıq olub. Çünki Bakı böyükdür, kiminsə yaxınlarını tapmaq çətin olur, amma bölgələrdə hamı hamını tanıyır. Biz indi Mingəçevirdə toplantı keçiririk, orda da bizə dedilər ki, hətta ölümlə hədələyiblər.

«ƏVVƏL «DOMKOM» GƏLİRDİ…»

Müsavat Partiyasının Gəncə təşkilatının keçmiş sədri Cahangir Əmirxanlı da AzdalıqRadiosuna bildirib ki, onların 20 namizədindən imzatoplamağa yalnız üçü nail ola bilib, o biriləri ərizəni geri götürmək məcburiyyətində qalıb:

- Kim ki, bir parça çörəyin ümidindədir, yoldaşı işləyir, ya kiçik bir biznesi var, onlara təzyiq göstərdilər. Əvvəl «domkom» («Evlər üçlüyü», Gəncədə MİS-i əvəzləyən qurum – S.A.) xəbərdarlıq edirdi ki, rəhbərlik sənin namizədliyini arzu etmir, alınmayanda, sahə müvəkkili gəlirdi, onun da sözü eşidilməyəndə rayon polis idarəsinin rəhbərliyi adamı çağırırdı.

Cahangir Əmirxanlının sözlərinə görə, yalnız Gəncə təşkilatının sədri, bir də təqaüdçü sıravi müsavatçı bu süni baryeri keçə bilib:

- Oqtay bəy təşkilatın sədridir, bildilər ki, mətbuata danışa bilər, ona görə də ona təzyiq göstərmədilər. Bir də bir təqaüdçü var, ona deyiblər. Amma o, ərizəsini geri götürməyib, imza toplayıb.

«OĞUZDA BİRCƏ CƏBHƏÇİ QEYDƏ ALINIB»

Seçkiyə partiya kimi qoşulmayan AXCP sədri Əli Kərimli də öz təşəbbüsüylə seçkiyə qoşulmaq istəyən üzvlərinin təzyiqlə üzləşdiklərini deyir:

- O boyda Oğuz rayonunda bircə nəfər üzvümüz namizəd kimi qeydə alınıb.

«Ümid» Partiyası isə dörd minə qədər namizədindən 400-ə yaxın adamın qeydə alınmasından narazıdır. Hətta bu narazılıq o həddədir ki, partiya seçkiyə getməyə də bilər. «Ümid»çilər öz qərarlarına yaxın günlərdə bir də baxacaqlar. Sədr İqbal Ağazadə deyir ki, onlar heç ölkə bələdiyyəsinin 10 faizini də əhatə eləyə bilmirlər.

«MÜXALİFƏT ALDADICI VARİANTLARA ƏL ATIB»

Bələdiyyə seçkisinə 15 mindən çox namizədlə qatılan YAP yetkililəri isə müxalifət partiyalarının yerlərdə sosial dəstəyinin olmadığını söyləyir. Elə Prezident Adminstrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev də mətbuata açıqlamasında bildirib ki, bələdiyyə seçkilərinə müdaxilə olunması barədə fikirlər həqiqətə uyğun deyil. Ramiz Mehdiyevin sözlərinə görə, imzaların toplanması, təsdiqlənməsi dövründə bütün partiyalara eyni şərait yaradılıb:

- YAP-a yaradılan şərait digər partiyalara da yaradılıb. Əsas problem odur ki, özlərini müxalifət adlandıran siyasi partiyaların sosial dayaqları tükənib.

PA rəhbəri müxalifət partiyalarını aldadıcı variantlara əl atmaqda suçlandırıb. Onun sözlərinə görə, müxalifət partiyaları vətəndaşların xəbəri olmadan onların adlarını öz siyahılarına salıb.

Ramiz Mehdiyev deyir ki, onların məqsədi Azərbaycanda həqiqətən də demokratik seçkilər keçirməkdir.

«ŞİKAYƏTLƏR ƏSASIZ OLUB»

Namizədlərin qeydiyyat mərhələsi noyabrın 23-də axşam saat 6-da başa çatdığı üçün hələlik MSK son məlumatları toplayır. Qeydiyyat mərhələsinin qeyri-demokratik keçməsiylə bağlı müxalifət cəbhəsinin ittihamlarını qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev qərəzli sayır. O, MSK-ya gələn şikayətlərin araşdırıldığını, amma əsassız olduğunu bildirir. MSK-nın son məlumatı isə noyabrın 24-də açıqlanacaq.

HƏR İKİ SİYAHIDA YAP ŞƏRİKSİZ LİDERDİR

Hələlik, noyabrın 23-nə olan məlumata görə, YAP 15 mindən çox üzvüylə «namizədlər cədvəlinə» rəhbərlik edir. İkinci yerdə 400-ə yaxın namizədiylə Böyük Quruluş Partiyası gəlir. «Ümid» Partiyasının bu cədvəldə yeri 350-ə qədər namizədlə üçüncü yerdədir. Müsavat Partiyasının 105 namizədi qeydə alınıb. Sosial demokratların isə noyabrın 23-nə olan cədvəldə yalnız bir namizədi var.

Öz təşəbbüsü ilə seçkiyə gedən və siyasi partiya mənsubiyyəti olanların siyahısına da YAP-çılar rəhbərlik edir (17 mindən çox namizəd). Bu sırada bitərəflərin sayı 11 mini keçib. Digər partiya mənsublarının sayı isə ən yaxşı halda 400-ə çatır. Amma bu qədər namizəd Böyük Quruluşla «Ümid» partiyalarının nəsibinə düşüb. AXCP-nin isə 36 üzvü bələdiyyə seçkisinə qoşulur.

Seçki məsələləri üzrə ekspert Hafiz Həsənov hesab edir ki, belə bir siyahı qeydiyyat mərhələsinin qeyri-demokratik keçdiyini göstərir. Onun fikrincə, seçki də rəqabətsiz keçəcək.
XS
SM
MD
LG