Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:30

SMS boşanmalar


Miqrant Moskvadan Tacikistana SMS yollayır, 23 sentyabr 2009
Miqrant Moskvadan Tacikistana SMS yollayır, 23 sentyabr 2009
Tacikistanda yaşayan 25 yaşlı evdar qadın Əzizə Kobilovanın dördillik nikahına bir neçə dəqiqəyə son qoyuldu. Rusiyada işləyən əri əvvəlcə ona zəng edib qısaca boşadığını dedi, sonra isə şəriətə uyğun olaraq qadını boşamaq üçün tələb olunan «talaq»ı ödədi. Sadəcə, SMS vasitəsilə «talaq» sözünü yazıb arvadına göndərdi. Vəssalam.

Kobilova kimi SMS-lə boşanan qadınlar Tacikistanda az deyil. Tacikistanda işsizlik üzündən kişilərin əksəriyyəti xaricə işləməyə gedir və evə pul göndərirlər. Ancaq bir müddət sonra oradakı kişilər arvadlarına pul göndərməkdənsə, mesaj yollayıb boşayırlar. Nəticədə tacik qadınları kompensasiyasız, heçnəsiz qalır.

Kobilova da heçnəsiz qalandan sonra ata evinə dönüb.

İndi o deyir ki, «düzdür, ərim məni atıb. Amma günahkar o, yox, çörəkpulundan ötrü insanları xaricə getməyə məcbur edənlərdir. Biz 4 ildir evli olsaq da, ancaq bir-iki ay bir yastığa baş qoymuşuq, sonrasa o, Rusiyaya işləməyə gedib. Məncə, Moskvada qazandıqları pullar miqrantların gözünü qaraldır və evlərindəki arvadlarını unudurlar».

Hər 7 tacikdən 1-i - 18-60 yaş arasındakı 1 milyon kişi Rusiyada çörəkpulu qazanır. Kimi orada daimi əsaslarla çalışır, kimi mövsümi işlər tapır. Tacikistanda müstəqillik dönəmində qurulan hər 4 ailədən 1-i bu miqrasiya üzündən boşanır.

Vəkil Bəxtiyar Nəsrullayev deyir ki, sovet dövründə Tacikistanda boşanma yalnız 8 faiz idi, indikindən 3 dəfə az.

Taciklərin əksəriyyəti rəsmi nikah bağlamır, ancaq kəbin kəsdirirlər
Ancaq burda əsas rəqəmlər deyil. Çünki taciklərin əksəriyyəti rəsmi nikah bağlamır, ancaq kəbin kəsdirirlər. Bu nikaha da son qoymaq üçün elə SMS-lə «talaq» sözünü göndərmək bəs edir. Burada artıq dünyəvi qanunlar işə yaramır.

Nəsrullayev deyir ki, qadınlar ərlərindən belə SMS alandan sonra məhkəməyə baş vurub, paylarına çatan müəyyən əmlak, aliment almaq istəyirlər. Ancaq burda bürokratik əngəllər ortaya çıxır:

«Məhkəmələr boşanma prosesinə başlaya bilmir, çünki qanuna əsasən, qarşı tərəfə bu haqda bildiriş verilməlidir. Ancaq reallıqda qadınlar xaricdə çalışan kişilərinin ünvanlarını əldə edə bilmirlər».

Düşənbədəki «Gender Siyasəti» Qeyri-Hökumət Təşkilatından Məryəm Dövlətova deyir ki, tacik qadınları öz haqlarını bilmədiklərindən adətən aldıqları SMS-lə kifayətlənirlər, artıq heç nə istəmirlər. Məsələn, şimaldakı Pancakənt rayonunda aparılan araşdırmaya görə, son 10 ildə boşanmaların 95 faizi məhz kişilərin istəyi ilə olub, barmaqla sayılacaq qədər qadın aliment və ya pay üçün məhkəməyə müraciət edib.

Müraciət edənlər də heç nə ala bilmirlər. Çünki Tacikistanda evlənən kişilər gəlini öz valideynlərinin evinə gətirirlər. Yəni, özlərinin mülkiyyəti də olmur ki, ondan pay istəsinlər. Üstəlik, miqrantlar daha çox qeyri-qanuni işlərdə, qeyri-rəsmi maaşlarla çalışırlar deyə, onlardan aliment də almaq çətin olur.

Suqd vilayətində müəllimə işləyən Sultanə Əliyevə deyir ki, günahkar ölkədəki işsizlikdir:

«Çünki işsizlik üzündən ərləri çörəkpulu dalınca Rusiyaya gedirlər, Rusiya isə onların beynini dəyişir. Nəticədə onların evliyi sanki yarımştat evlilik olur. Ərlə arvad 10 aydan bir bir-birlərinin üzlərini görürlər. Bu üzdən də ailələr tez dağılır».
XS
SM
MD
LG