Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:05

“Referendum hakim elitada yeni liderin yaranmasına qarşı yönəlmişdi”


REFERENDUM VƏ YENİ LİDER

“Yeni Azərbaycan Partiyasının prezident seçkilərindən dərhal sonra tələsik Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirməsi və Ilham Əliyevin ömürlük prezidentliyinə şərait yaradılması onu göstərir ki, bu, hakim elita içində hər hansı yeni liderin yaranmasının qarşısının alınmasına yönəlib”.

Bunu Ekonomist İntelicens Yunit təşkilatı Azərbaycanla bağlı hesabatının siyasət bölümündə yazır. Təşkilat deyir ki, Azərbaycanın dövlət başçısı öz yerini möhkəmlədib, çox güman ki, dövlət başçısı İlham Əliyev nəinki prezidentliyinin ikinci müddətinin axırına qədər hakimiyyətdə qalacaq, həm də 2013-cü ildə üçüncü dəfə namizədliyini irəli sürə biləcək.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, referendumun hakim elita içində yeni liderlər ətrafında qruplaşmaların yaranmasına qarşı yönəlməsini istisna etmir.

Amma onun fikrincə, hakimiyyətin öz yerini çox möhkəmlətməsi mülahizəsi həm doğrudur, həm də şübhə altına alına bilər. Onun qənaətinə görə, hər şey regionda gedən siyasi və iqtisadi proseslərdən asılı olacaq. Politoloq deyir ki, bir tərəfdən qlobal maliyyə böhranı Azərbaycandakı social vəziyyətə təsir edə bilər. Digər tərəfdən isə Qarabağ danışıqlarının gedişi ölkədəki siyasi ab-havanı dəyişə bilər.

QAZ SÖVDƏLƏŞMƏLƏRİ

Ekonomist İntelicens Yunit təşkilatı Azərbaycanla bağlı hesabatında onu da yazır ki, Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin istiləşməsinə Rusiya ilə əlaqələrini sıxlaşdırmaqla cavab verib. Öz qazının bir hissəsini Rusiyaya satmaqla Avropa Birliyi və Türkiyənin dəstəklədiyi NABUCCO qaz kəməri layihəsini iqtisadi cəhətdən səmərəsiz olmaq risqi ilə üz-üzə qoyub.

Təşkilat qeyd edir ki, Azərbaycan Rusiya ilə yaxınlaşmaqla Qarabağ məsələsində Kremldən daha çox dəstək qazanmağa çalışır.

Ekonomist İntelicens Yunit təşkilatı yazır ki, Türkiyə regionda qaz yolları qovşağına çevrilməyə çalışır və Azərbaycanın Rusiya ilə anlaşması Ankaraya təzyiqləri artırmağa, onun Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyini dəstəkləməkdə davam etməsini təmin etməyə xidmət edir.

SÖZ VƏ DİN AZADLIĞI

Ekonomist İntelicens Yunit təşkilatı hesab edir ki, iki gənc bloggerin həbsi bələdiyyə seçkiləri və gələn ilki parlament seçkiləri ərəfəsində Azərbaycanda mediaya təzyiqlərdir. Təşkilat deyir ki, buna oxşar hadisə keçən parlament seçkilərində də baş vermişdi.

Ekonomist İntelicens Yunit təşkilatı Bakıda bəzi məscidlərin bağlanmasını və azanın səsgücləndirici ilə verilməsinə qadağa qoyilmasını da öz hesabatında din azadlığının məhdudlaşdırılması kimi qiymətləndirir.

Hesabatın iqtisadi bölümü
XS
SM
MD
LG