Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:37

«Azyaşlı qızların ərə verilməsi, onların hüququdur»


Yəməndə zorla ərə verildiyinə görə öz atasını məhkəməyə verən azyaşlı Nucud Əli məkhkəmə zalında, 15 aprel, 2008
Yəməndə zorla ərə verildiyinə görə öz atasını məhkəməyə verən azyaşlı Nucud Əli məkhkəmə zalında, 15 aprel, 2008
Əgər 1960-cı ildə 18 yaşa qədər qızlar arasında nikaha girənlərin sayı təxminən 2 minə yaxınıydısa, 2008-ci ildə onların sayı 5500-ü keçib. Bu yaşda nikahı qeydə alınan oğlanların sayı 1960-cı ildə 26, ötən il isə 35 nəfər olub.

ERKƏN NİKAHLARIN QEYDİYYATI APARILMIR

Bu rəqəmləri Dövlət Statistika Komitəsinin məlumatında görmək olar. Bəzi qadın təşkilatı rəhbərləri isə hesab edirlər ki, əslində, 18 yaşa qədər nikahların sayı heç də statistikada göstərilən qədər 5500 yox, daha çoxdur. Çünki erkən nikahların qeydiyyatı aparılmır.

Bir neçə gün öncə Qubanın İkinci Nügədi kəndində baş verən intihar hadisəsi erkən nikah problemini bir daha gündəmə gətirib. 15 yaşlı qız zorla ərə verilməsinə etiraz edib, toy günü səhər tezdən özünü yaşadığı fermanın çardağından asıb. Azyaşlının valideyni AzadlıqRadiosuna müsahibə verməkdən imtina etdi.

«NİYƏ ARAŞDIRMA APARMALIYAM Kİ?»

Quba rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanov isə deyir ki, qız bir il nişanlı qalıb və onun ərə verilməsi ailədaxili məsələdir. Məktəb və ya təhsil şöbəsi bu məsələyə müdaxilə edə bilməz. Bu intihardan sonra təhsil şöbəsi qızın dərsə davamiyyətiylə, təhsiliylə bağlı araşdırma aparıbmı? Süleyman Aslanov:

- Niyə araşdırma aparmalıyam ki? Kim neyləyib mən hardan bilim ki? Camaatın öz işidir.

Süleyman Aslanov 15 yaşında qızın ərə getməsini təbii sayır:

- 15 yaşında qızın ərə getməsi öz istəyidi, anasının, atasının istəyidir. Mən bunun qabağını ala bilmərəm. Müsəlman ölkələrində bizdə belə bir ənənə var də, valideyn, qız istədi, biz onun qabağını ala bilmirik ki…

AZYAŞLI QIZLARIN ƏRƏ VERİLMƏSİ TƏHSİLDƏN YAYINMAQ DEYİL, QIZLARIN HÜQUQUDUR

Bəs erkən nikahlarla bağlı məktəbdə profilaktik tədbirlər aparılırmı? Süleyman Aslanov hesab edir ki, belə söhbətlər aparmaq onun işi deyil, onun fikrincə, doqquzuncu sinifi bitirən və təhsilini davam etdirmək istəməyən azyaşlı qızların ərə verilməsi təhsildən yayınmaq deyil, qızların hüququdur.

Parlamentdə 15 yaşlı qızın intiharından söz açan millət vəkili Rəbiyyət Aslanova deyib ki, əvvəllər belə bir hadisə olsaydı, həmin rayonun rəhbərliyi işdən çıxarılardı. Bizimlə söhbətdə isə millət vəkili Quba rayon Təhsil Şöbəsinin rəhbəri Süleyman Aslanovun mövqedən təəssüfləndiyini deyir:

- Hər bir müəllim ətrafındakı gənclərin tərbiyəsi üçün məsuliyyət daşıyır.

«ERKƏN NİKAHA SON QOYULMALIDIR»

Rəbiyyət Aslanova 15 yaşlı qızın intiharında onun valideynləriylə yanaşı, məktəbin, təhsil şöbəsinin də məsuliyyət daşıdığını söyləyir və ölkədə erkən nikahlara son qoyulmasına çağırır:

- Əgər bircə belə fakt varsa, həyacan təbili çalınmalıdır. Biz erkən nikahlara qarşı mübarizə aparmalıyıq. Erkən nikaha son qoyulmalıdır.

«CƏMİYYƏT ERKƏN NİKAHA QARIŞMAQ İSTƏMİR»

Digər millət vəkili Hadı Rəcəbliyə görə isə cəmiyyət erkən nikaha qarışmaq, bunu müzakirə etmək istəmir, halbuki, bu, ailədaxili məsələ deyil:

- Yaxında, qohum-qonşuda bilirlər, kim-kimin qızın nişanlayıb, bundan xəbərləri olur. Amma heç kim müdaxilə eləmir.

«ERKƏN NİKAHLARIN SAYI AZALMAQ ƏVƏZİNƏ, ARTIR»

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, onlar doqquz ildir erkən nikahın fəsadları barədə yerlərdə maarifləndirici işlər aparırlar, amma hələ də bu problem öz aktuallığını itirmir, hətta erkən nikahların sayı azalmaq əvəzinə, artır. Mətanət Əzizova erkən nikahlara qarşı mübarizədə məktəbin rolunu önə çəkir, deyir ki, məktəbdə təkcə elmlər öyrədilməməlidir:

- Məktəbdə təkcə riyaziyyat, kimya öyrədilmir ki, məktəb uşağı tərbiyə edir. Əgər müəllim görürsə ki, qız şagird dərsə gəlmir, bunu araşdırmalıdır. Nişanlanmaq qanunla qadağan deyil, amma məktəb valideynlə söhbət apara bilər, ona xəbərdarlıq edə bilər ki, erkən nikah olarsa, hüquq-mühafizə orqanına müraciət edəcək.

ERKƏN NİKAH İNSAN HÜQUQLARININ POZULMASIDIR

UNİCEF-in Azərbaycan nümayəndəliyi isə dekabrın 4-də yaydığı bəyanatda bildirir ki, Uşaq Hüquqları Konvensiyası 18 yaşına çatmamış şəxsin uşaq hesab olunmasını və bu yaşa çatmamış şəxsin nikahının erkən nikah kimi müəyyən edilməsini nəzərdə tutur. UNECEF erkən nikahı insan hüquqlarının pozulması kimi qiymətləndirir və bəyanatında Azərbaycanda erkən nikahlara yol verməmək üçün profilaktik və qanunvericilik tədbirlərinin həyata keçirilməsinə çağırır.

ZOR GÜCÜNƏ NİGAH İSLAMA QARŞIDIR

Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin (DEVAM) rəhbəri Hacı İlqar İbrahimoğlu deyir ki, İslam bu cür nikahları qəbul etmir. İslamda ailə institutunun aydın izahı var:

«Nikah müqaviləsi – kəbin əslində Allah dərgahında baş tutan bir hüquqi müqavilədir.
Bu, hər iki tərəfin iradəsi əsasında baş tutan bir işdir. Və əgər ailə quran insanlardan hər hansı biri – istər qız, yaxud oğlan, istərsə də qadın və ya kişi bu işdən narazıdırlarsa, o kəbin Allah dərgahında baş tutmamış hesab olunur. O işə qızı məcbur etmək də böyük günahdır. Bunu həyata keçirən din adına olan adam da böyük günah iş görür. Yəni inancımız hesab edir ki, qızın, qadının özünün könlü, iradəsi olmayan nikah nikah sayılmır. Və Allah dərgahında da bu, nikahlı ailə sayılmır».

İlqar İbrahimoğlu hesab edir ki, bu məsələdə İslam, inanc ən böyük müttəfiqdir. Və İslamdan, inancdan istifadə etməklə maarifçilik işləri aparıb bu kimi məsələlərin qarşısına çıxmaq lazımdır.
XS
SM
MD
LG