Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:46

Ermənistanda son 4 ildə HİV-ə yoluxanların sayı artıb


Ermənistanda HİV-ə yoluxanların sayı rəsmi statistikadan daha çoxdur
Ermənistanda HİV-ə yoluxanların sayı rəsmi statistikadan daha çoxdur
Ermənistanda 1988-ci ildən bu yana 808 HİV-ə (İnsanda İmmunçatışmazlığı Virusu) yoluxma faktı qeydə alınıb. Bunun 134-ü bu ilə təsadüf edir. Ermənistanda HİV-ə yoluxanların əksəriyyətini – 73 faizini kişilər, 2 faizini isə uşaqlar təşkil edir. Virusa yoluxan kişi və qadınlar əsasən 25-39 yaşlarındadırlar.

Əvvəlki 17 illə müqayisədə son 4 ildə virusa yoluxanların sayı artıb.

Respublika AIDS Profilaktika Mərkəzinin direktoru Samvel Qriqoryan artımı belə izah edir:

«HİV analizi daha əlçatan olduqdan sonra yoluxma hallarının sayı artdı. Bu AIDS-ə də aiddir - laboratoriya müayinəsi daha əlçatan olub. Son illər MDB ölkələrində, xüsusilə Rusiya və Ukraynada infeksiyaya yoluxanlar da ölkəyə daha çox qayıtmağa başlayıb».

«İldən-ilə rəqəmlər artır. Amma birgə iş sayəsində biz infeksiyanın sürətlə yayılmasının qarşısını almaq iqtidarındayıq».

Ermənistanın səhiyyə nazirinin müavini Tatul Akopyan belə deyir:

«Biz ümid edirik ki, ictimai və beynəlxalq təşkilatların, həmçinin fərdi şəxslərin və hökumətin səyləri nəticə verəcək. Bizim məqsədimiz odur ki, 2010-cu ildə HİV virusu ilə yaşayanların yardım və müalicə almaq imkanları olsun».

Samvel Qriqoryan deyir ki, 2005-ci ildə Ermənistanda virus daha çox venadaxili narkotiklərdən istifadə vasitəsilə yayılırdı. 2006-cı ildən HİV 50 faiz hallarda heteroseksual yollarla keçib.

«41 faiz yoluxma halı narkotik vasitələrin inyeksiya yoluyla istifadəsi zamanı baş verib. Həmçinin, qanköçürmə və homoseksual əlaqə nəticəsində də virusa yoluxma halları qeydə alınıb».

Statistikaya əsasən, Ermənistanda kişilərin əksəriyyəti virusa venadaxili narkotiklərdən istifadə, qadınların 98 faizi isə cinsi əlaqə yoluyla yoluxub. Virusa yoluxanların əksəriyyəti paytaxtdadır. İnfeksiyaya tutulanların təxminən yarısında xəstəlik son - AIDS mərhələsinə çatıb. İndiyə kimi 200-ə yaxın adam AIDS-dən ölüb.

Ermənistanda virus əleyhinə «Armenikum» adlı dərman da istehsal olunur. Ölkənin səhiyyə nazirinin müavini Tatul Akopyan deyir ki, «Armenikum» yoluxanların səhhətinə müsbət təsir edir:

«İl ərzində təxminən 60 xəstənin «Armenikum»la pulsuz müalicəsi aparılır. Bu dərman onların həyat səviyyəsini xeyli yaxşılaşdırır».

«Real dünya, real insanlar» ictimai təşkilatının sədri Ovannes Mardoyan bildirir ki, virus təsadüfi əlaqə yoluyla da keçə bilər. Onun fikrincə, Ermənistanda HİV-ə yoluxanların sayı rəsmi statistikadan daha çoxdur.

«Əhalinin hansı hissəsi HİV müayinəsindən keçib? Cüzi bir qismi».
XS
SM
MD
LG