Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:56

Filosof Ramiz Mehdiyevi debata çağırdı


Ağalar Məmmədov
Ağalar Məmmədov
«Mənə elə gəlir ki, Ramiz Mehdiyevin elmə yeni həvəslə yeniliklər gətirməsi tam vaxtında atılan addımdır. Azərbaycanda elmin siyasiləşdirilməsinə artıq başlanıb. Bu, elm azadlığının boğulmasına, onlar kimi düşünməyən, yəni siyasi hakimiyyətin kursunu elmi baxımdan dəstəkləməyən elm adamlarının repressiyasına gətirib çıxaracaq».

Bu fikirləri filosof Ağalar Məmmədov AzadlıqRadiosunun «İşdən sonra» proqramında deyib.

Fəlsəfə elmləri namizədi olan A.Məmmədov deyir ki, Ramiz Mehdiyevin milli elmin inkişafı ilə bağlı tezisləri siyasi hakimiyyətin gələcək nəslə ağrısız ötürülməsinə xidmət edir:

«Hələ bloqqerlər həbs olanda mən demişdim ki, İnternet medianın qarşısının alınması, manıs proqramların çoxalması, internet mediaya nəzarət və s-dən sonrakı addım təbliğat maşınının universitetlərə daxil olmasıdır».

Onun fikrincə, indi də məqsəd Qərbdən gələn ideyaların qarşısının alınması, özləri dediyi kimi, «Azərbaycan modelinin, milli elmin» yaradılmasıdır.

«Elmin millisi olmur – elm elmdir» deyir Ağalar Məmmədov.

O ehtiyat edir ki, Ramiz Mehdiyevin ideologiyasızlaşdırma əleyhinə fikirləri indiki siyasi hakimiyyəti elmilik adı altında ideoloji baza üzərinə yerləşdirmək və ona elmi don geydirməkdir.

«Sonra da bunu gənclərin beyninə yeridəcəklər...Bu, Azərbaycanda dəyişiklik istəyən Qərb dəyərlərinə sadiq olan gənclərə qarşı müharibə elan etməkdir. Sovet dövründəki fəlsəfənin partiyalılığı, kommunist biologiyası yenidən ortaya çıxacaq».

Ağalar Məmmədovun fikrincə, mücərrəd azərbaycançılıq ideyasının arxasında özəl siyasi məqsədlər dayanır.

Filosof Əli Abbasov isə deyir ki, bu, o qədər də mücərrəd anlayış deyil. Bu anlayışın arxasında milliyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün millətlərin vahid kimlik altında birləşməsi ideyası dayanır.

Ramiz Mehdiyev
bunları təklif edir
Əli Abbasov hesab edir ki, Azərbaycanda ictimai-siyasi elmlərin əsas problemlərindən biri də müstəqil sosioloji sorğuların keçirilməməsidir. Çünki cəmiyyətdə hansı proseslərin baş verdiyini müəyyənləşdirmək olduqca çətindir.

Ramiz Mehdiyevin məqaləsini oxuduqdan sonra Ağalar Məmmədovun təəssüratı belədir ki, Azərbaycanın fərqli düşünən alimlərini təzyiqlər gözləyir. Rəsmi şəkildə etatist mövqe ortaya qoyulur. Ağalar Məmmədov hesab edir ki, ciddi müzakirələrə ehtiyac var. O, məqalə müəllifini debata çağırdı:

«Mənim şəxsi təklifim var. Hörmətli akademikimizə bu mövzuların teledebatlarda müzakirəsinə şərait yaratmasını və bizimlə onu orada açıq müzakirə etməsini təklif edirəm».
XS
SM
MD
LG