Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:50

Sözünü sərbəst deyə bilmirsənsə, sabitlik uzun çəkə bilməz


Barak Obama Osloda
Barak Obama Osloda
«Əgər vətəndaş sözünü sərbəst deyə bilmirsə, öz liderini seçə bilmirsə, qorxusuz toplaşa bilmirsə, vətəndaşın bu haqları danılırsa, onda sülh davamlı ola bilməz».

Bunu Amerika prezidenti Barak Obama Osloda Nobel sülh mükafatını alarkən deyib.

«BU MÜKAFATA MƏNDƏN DAHA ÇOX LAYİQ OLANLAR VAR»

Obama Osloya - Nobel mükafatı almağa yola düşməzdən əvvəl isə tənqidçilərinə cavab verib. Bəziləri deyir ki, Obama nə iş görüb ki, ona belə tezliklə Nobel sülh mükafatı verilir?

Obamanın onlara cavabı belədir: «Mənim şübhəm yoxdur ki, bu mükafata məndən daha çox layiq olanlar var. Məqsəd Nobel mükafatı almaq deyil, məqsəd özümüzü dünyanı dəyişən yaxşı qüvvəyə çevirməkdir. Mənim vəzifəm - getdiyim yolu davam etdirməkdir. Bu yol təkcə Amerika üçün əhəmiyyətli deyil, həm də bütün dünyada sülh və sabitlik üçün əhəmiyyətlidir».

Obama uzunmüddətli sülh və sabitlik üçün həllini tələb eləyən problemləri də sadalayıb - Əfqanıstan kimi ölkələrdə sabitlik, iqlim dəyişikliyi.

O hətta onu da deyib ki, «iqtisadi ədalətlə sülh arasında əlaqəni anlayıram».

Nobel mükafatı alanların şəkilləri olan otaqdakı xatirə kitabına isə Obama bu sözləri yazıb: «Bu mükafat səsi olmayanlara səs verir».

Obama 1964-cü ildə Nobel sülh mükafatı alan Martin Lüter Kinqi, onun qara dərililərin bərabərliyi uğrunda apardığı mübarizəni nəzərdə tutur.

O deyir ki, Martin Lüter Kinq 45 il əvvəl Nobel mükafatını alanda bu xəbər bütün dünyanı elektrikləşdirdi.

«OBAMA SÜLH MÜKAFATINA HƏLƏ LAYİQ DEYİL»

Amerikada isə bəziləri deyirlər ki, Obama prezidentliyə gələndən Əfqanıstandakı əsgərlərin sayını azaltmaq əvəzinə, əksinə, əlavə əsgər göndərmək qərarını verdi.

Bu fikri Osloda sıravi sakinlər də bölüşür.

Yerli sakinlərdən biri AzadlıqRadiosunun keçirdiyi küçə sorğusunda deyir ki, onun fikrincə, Obama sülh mükafatına hələ layiq deyil.

Ancaq Oslodan olan iş adamı Terye Sunde Consen tamam başqa yanaşmanın tərəfdarıdır. O deyir: «Obamaya Nobel mükafatının verilməsi çox düzgün qərardır. Obama bu mükafatdan aktiv istifadə eləyib, proseslərə daha çox nüfuz edə biləcək».

Oktyabr ayında Nobel sülh mükafatı komitəsi Obamanı qalib elan edəndə bildirirdi ki, Amerika prezidenti bu mükafata «beynəlxalq diplomatiyanın və xalqlararası əməkdaşlığın güclənməsində göstərdiyi qeyri-adi cəhdlərə görə layiq görülür».

Obama Teodor Ruzveltdən və Cimmi Karterdən sonra Nobel sülh mükafatını alan üçüncü Amerika prezidentidir.
XS
SM
MD
LG