Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:55

Herta Müller Nobel mühazirəsində sual verdi: ƏL DƏSMALIN VARMI?


Dekabrın 10-da yazıçı Herta Müllerə 2009-cu il üçün Nobel mükafatı təqdim edilib. Onun Nobel mühazirəsini ixtisarla veririk.

HƏR SÖZ TİLSİMLİ DAİRƏDƏN BİR XƏBƏR VERİR


ƏL DƏSMALIN VARMI? Hər səhər küçəyə çıxmamışdan qabaq mən darvazanın ağzında dayanan anamdan bu sualı eşidərdim.

Dəsmalım olmazdı, qayıdıb evdən götürərdim. Mənim heç vaxt əl dəsmalım olmazdı və həmişə onun sualını gözləyərdim.

Əl dəsmalı haqda sual anamın hər səhər mənim qeydimə qaldığını göstərirdi. Günün qalan hissəsini isə mən öz aləmimdə olardım.

“ƏL DƏSMALIN VARMI” sualı sevginin dolayı ifadəsiydi.

Hər hansı formada birbaşa ifadə utancaqlıq doğurar və kəndlilərə xas cəhət sayılmazdı.

Sevgi sanki bir sual cildinə girmişdi.

O yalnız bu cür ifadə edilə bilərdi: quru söz şəklində, əmr tonunda, yaxud iş görən vaxt çevik hərəkətlər formasında.

Səsin kobudluğu hətta mehribanlıq da ifadə edirdi.

Mən hər səhər bir dəfə dəsmalsız, bir dəfə də dəsmalla darvazaya tərəf gedərdim.

Yalnız bundan sonra küçəyə çıxardım və əl dəsmalımın olması sanki həm də anamın mənimlə olması deməkdi…

***

İyirmi il keçmişdi. Mən xeyli vaxt idi ki, şəhərdə öz aləmimdə yaşayır və fabrikdə tərcüməçi işləyirdim. Yuxudan səhər saat beşdə oyanardım. İş saat yeddinin yarısı başlanardı.

Hər səhər dövlət himni, nahar vaxtı isə fəhlə xoru reproduktorlardan fabrikin həyətinə yayılardı.

Amma əlləri yağ qoxuyan, gözləri heç nə ifadə etməyən fəhlələr sadəcə oturub yemək paylarını yeyərdilər.

Donuzun bel piyi idi, qəzetə bükülmüşdü. Yeməmişdən qabaq üstünə yapışan qəzet kağızını qoparmaq lazım idi.

İki ilim beləcə şablon axarda keçdi: bu günün sabahdan fərqi yox.

Üçüncü il hər şey dəyişdi. Həftədə üç dəfə səhər tezdən mənim kabinetimdə bir qonaq peyda olurdu.

Mavi gözləri par-par parıldayan, iri sümüklü həmin yekəpər kişi “Securitate”dən idi. (Sosialist Rumıniyasında dövlət təhlükəsizlik komitəsi - red.)

Kabinetimə birinci dəfə gələndə məni söyüb getdi. İkinci dəfə o, küləkburaxmayan gödəkçəsini çıxararaq kabinetin açarından asdı və əyləşdi.

Həmin gün mən evdən bir neçə zanbaq gətirib vazaya qoymuşdum. O məni süzərək insan xarakterini gözəl bilicisi olduğumu deyib təriflədi.

Onun səsinə, sözünə etibar etmirdim, narahat idim.

Haqqımda söylədiyi təriflə razılaşmayıb onu inandırmağa çalışdım ki, insanlar yox, zanbaqlar haqda çox şey bilirəm.

Bundan sonra o hirslə məni zanbaqlardan daha yaxşı tanıdığını deyərək küləkburaxmayan gödəkçəsini qolunun üstünə atıb getdi.

Üçüncü dəfə o oturmuş, mən isə ayaq üstə dayanmışdım. Çünki portfelini mənim stulumun üstünə qoymuşdu və mən onu götürüb yerə qoymağa cürət etmirdim.

O, vəzifə borcumu yerinə yetirmədiyimi deyib məni axmaq adlandırdı, dedi ki, mən yiyəsiz qancıq kimi pozulmuş bir qəhbəyəm.

O, içində zanbaq olan vazanı masanın kənarına itələyib ortaya ağ kağız və qələm qoydu.

“Yaz” deyib üstümə qışqırdı. Oturmadan onun diqtə etdiyini yazmağa başladım: adımı, doğum tariximi və ünvanımı qeyd etdim.

Sonra onun diqtəsi ilə yazdım ki, nə qədər yaxın münasibətimiz olsa da, nə dostlarıma, nə də qohumlarıma deməyəcəyəm ki, mən… bundan sonra qorxunc bir söz gəlirdi: colaborez, yəni "Securitate" ilə əməkdaşlıq edirəm.

Bu yerdə mən yazmağı dayandırıb qələmi yerə qoydum.

Pəncərəyə yaxınlaşıb tozlu küçəyə - çala-çuxurlarla dolu torpaq yola və qozbel binalara baxmağa başladım.

Bütün bunlar bir kənara, bu küçə - Strada Gloriei, yəni Şöhrət küçəsi adlanırdı.

Şöhrət küşəsindəki çılpaq tut ağacına qulağı kəsik bir fabrik pişiyi dırmaşmışdı.

Pişikdən yuxarıda isə sübh çağı sarı təbili xatırladan Günəş işıq saçırdı.

Dedim ki, N-am caracterul – yəni bu, mənim xarakterimə uyğun deyil. XARAKTER sözü “Securitate”dən gələni lap özündən çıxardı.

O, kağızı cırıb döşəməyə atdı. Sonra yəqin başa düşdü ki, öz rəisini məni əməkdaşlığa cəlb etməyə çalışdığına inandırmaq lazım olacaq. Əyilib kağız parçalarını yığdı və portfelinə atdı.

Bundan sonra dərindən ah çəkib içində zanbaq olan vazanı var gücüylə divara çırpdı.

Elə bir qıcırtı səsi gəldi ki, elə bil havanın dişləri vardı.

O portfelini qoltuğuna vurub sakitcə bunları dedi:

Peşman olacaqsan. Biz səni çayda boğacağıq.

***

…Onlar məni işdən çıxarmaq istəyirdilər. Hər səhər 6:30-da mən fabrik direktoruna hesabat verməliydim.

Həmkarlar ittifaqının rəhbəri və partiya katibi də onun otağında olardı.

Bir zamanlar anamın “ƏL DƏSMALIN VARMİ” sualı kimi direktor da hər səhər məndən bir şeyi soruşardı: Başqa iş tapmısanmı?

Hər səhər mən eyni cavabı verərdim: Mən ayrı iş axtarmıram. Mənə burda işləmək xoşdu. Təqaüdə çıxanacan burda işləmək istərdim.

Bir dəfə səhər işə gələndə öz qalın lüğətlərimi otağımdan çıxarılıb dəhlizə atıldığını gördüm. Qapını açanda yerimdə bir mühəndisin əyləşdiyini gördüm. Dedi ki, adam içəri girməmişdən qabaq qapını döyər. Sənin burda nə işin var? Bura mənim yerimdi.

Mən evə gedə bilməzdim

Üzrsüz səbəbdən işdə olmamağım onlara məni fabrikdən qovmaq üçün bəhanə verərdi…

Strada Glorie ilə üzü aşağı evə gedərkən başıma gələnləri danışdığım rəfiqəm əvvəl-əvvəl mənə öz masasının bir küncündə yer verdi.

Amma günlərin bir günü o səhər tezdən öz kabinetinin qarşısında dayanıb dedi ki, məni içəri buraxa bilməz, çünki hamı mənim xəbərçi olduğumu deyir.

Hücumların dairəsi genişlənmişdi; mənim dostlarım arasında şayiə yaymışdılar.

Ən pisi də elə bu idi. Sən özünü hücumlardan qoruya bilərsən, amma şər-böhtana duruş gətirmək mümkün deyil.

Mən hər şeyi göz önünə almışdım, o cümlədən ölümü.

Amma xəyanətin öhdəsindən gələ bilmirdim. Özünü hazırlamaqla deyil, buna tab gətirmək mümkün deyil.

Böhtan sənin içini çirkabla doldurur, sən boğularaq özünü müdafiə edə bilmirsən.

İndi həmkarlarım məni çuğul gözündə görürdü, halbuki mən məhz bundan imtina etmişdim.

Əgər mən onlardan çuğulluq etməyə razı olsaydım, yəqin bir an belə tərəddüd etmədən mənə etibar edəcəkdilər.

Amma indi həmkarlarım məni mahiyyət etibarilə onları qoruduğum üçün cəzalandırırdılar…

Pilləkanda dayanmışdım və nə edəcəyimi bilmirdim.

Pilləkanları bir neçə dəfə qalxıb enəndən sonra mən qəfildən yenə də anamın uşağına çevrildim. Çünki MƏNİM ƏL DƏSMALIM VARDI.

Dəsmalımı ikinci və üçüncü mərtəbələr arasında yerə sərib üstündə əyləşdim.

Qalın lüğətlərimi dizimin üstünə qoyub hidravlik maşınlar haqda yazını tərcümə etməyə başladım.

İndi mənim ofisim əl dəsmalım idi.

Rəfiqəm nahar vaxtı yanıma gəldi. Biz yeməyi bir yerdə yedik. Bundan əvvəl onun, daha əvvəl isə mənim kabinetimdə yediyimiz kimi.

Həyətdəki reproduktorda həmişə olduğu kimi fəhlə xorunun xalqın xoşbəxtliyi haqda oxuduğu mahnı səslənirdi.

Rəfiqəm yeməyini yeyəndən sonra mənim halıma ağlamağa başladı. Mən ağlamadım.

Mən möhkəm olmalıydım. Uzun müddət. Bir neçə həftədən sonra məni işdən çıxardılar…

***

Kaş ki mən diktaturaların hər gün - bu günümüzdə də - ləyaqətdən məhrum etdiyi hər bir şəxs haqda bir söz deyə bilərdim. Elə bir cümlə ki, orada əl dəsmalı sözü olsun. Yaxud belə bir sual olsun: SƏNİN ƏL DƏSMALIN VARMI?

Amma bəlkə də əl dəsmalı haqda sual heç tarix boyu əl dəsmalı barədə yox, bəşər övladının içini saran yalqızlıq haqda olub.
XS
SM
MD
LG