Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:38

Bu, şəxsiyyətə pərəstişdirsə, qoy bütün dünyaya yayılsın...


Çauşesku Buxarestdəki mitinqdə çıxış edir, 21 dekabr 1989
Çauşesku Buxarestdəki mitinqdə çıxış edir, 21 dekabr 1989
Adi ərzaq üçün uzun növbələr, boş mağazalar, amma xoş plakatlar...

Hər şeydən bezən, amma yalnız gizlində deyinən insanlar, AzadlıqRadiosunu dinləməyin cinayət sayıldığı ölkənin vətəndaşları həbsxanada və səfalət içində yaşadıqlarını deyirdilər.

Ancaq televiziya və qəzetlərdə hər şey fərqli idi. Hər yerdə «dahi lider»in qəhrəmanlıqlarından, ölkənin çiçəklənməsindən və onun kimi liderə sahib olan xalqın nə dərəcədə xoşbəxt olmasından danışırdılar.

1989-cu ilin avqustunda «Newsweek» jurnalının Şərqi Avropa bürosunun müdiri Maykl Meyer Rumıniyada bunları müşahidə etmişdi. Maykl rumın diktatoru Nikolae Cauşeskudan müsahibə alan sonuncu Qərb jurnalisti idi. O, AzadlıqRadiosuna müsahibəsində inqilabdan əvvəlki Rumıniya reallıqlarını belə təsvir edir:

«Bir səhnə yadımdan çıxmır. Buxarestdə Amerika səfirinin qara, parıldayan maşını yanımızdan keçirdi. Birdən o, sürətini azaltdı. Yol kənarında bir qadın səkiyə əyilib,
Maykl Meyer
yerə düşüb qırılan yumurtanı ehmalca bir kağız parçası üzərinə götürməyə çalışırdı. Onu səliqəylə bükür və evə bişirməyə aparırdı».

Bütün ölkəni gəzəndən sonra Maykl axır ki, Rumıniyanın sahibiylə görüşə bilir. Buxarestdən kənarda, «Snaqov yay» iqamətgahında. Meyer Çauşeskunu rumınlardan fərqli olaraq başqa gözlə gördüyünü deyir. Çauşeskunu əyninə yaxşı oturmayan kostyumda, ayaqlarında isə sintetik iplərdən toxunmuş ayaqqabılarla xatırlayır:

«Bütün rumınların tiran, yer üzündə hər şeyə qadir, hər şeyi bilən şəxs kimi tanıdığı bu balaca adam solğun və üzgün görünürdü. Biz kiçik kürsülərdə oturduq və müsahibə başladı. Bəzi suallar verdik. Ərzaq qıtlığı haqda danışdıq. Çauşesku soruşdu ki, kim deyir ərzaq qıtlığı var? Mən dedim axı, mağazalar və piştaxtalar boşdur. Çauşeskunun cavabı belə oldu ki, «hə, yəqin ərzağın hamısı anbarlarda olub».

«Dahi lider», «Karpatların dühası», «Xalqın xilaskarı» kimi təqdim olunan 71 yaşlı Çauşeskudan soruşanda ki, şəxsiyyətə pərəstiş haqda nə düşünür, cavab verirdi ki, «nə pərəstiş? Mən fəxr edirəm ki, xalqımın oğluyam və xalqımın rifahı üçün çalışıram. Bu, şəxsiyyətə pərəstişdirsə, onda bütün dünyada bunun yayılması yaxşı olardı».



Rumıniyada hər şey birdən başladı. «Berlin divarı»nın yıxılmasıyla Şərqi Avropada baş qaldıran inqilablar 20 il əvvəl - dekabrın 16-da Timişoara şəhərində kütləvi aksiyaların başlanmasına səbəb oldu.

Dekabrın 18-də AzadlıqRadiosunun rumın xidmətinə Timişoara sakinləri özləri zəng edib, xəbərlər ötürürdülər:

«Salam. Mən istəyirəm hər kəs bilsin ki, Timişoarada nələr baş verir. Şəhərin kənarlarında yüzlərlə insan toplaşır və «Çauşesku istefa!» , «Azadlıq!» qışqırırlar… Şəhərə qoşun yeridilir. Amma adamlar heç nədən qorxmurlar. Hətta qızlar, uşaqlar da əllərində bayraq və şüarlar əsgərlərin gözlərinə baxa-baxa tələblərini səsləndirirlər. Heç kim qorxmur»…

İnsanlar qorxmasa da, Çauşesku qorxdu və etirazların başqa şəhərlərə də yayılmasının qarşısını almaq üçün orduya əmr verdi. Şəhərdə baş verən toqquşmalarda 5 minə yaxın adam öldürüldü. Əsgərlər heç nəyə baxmadan küçələri dinc insanlardan təmizlədilər. Adamlar qorxularından küçəyə çıxa bilmirdilər.

Dekabrın 20-də Çauşesku fəxrlə dövlət televiziyasıyla üsyanın yatırıldığını elan etdi.



Və dekabrın 21-nə Buxarestdə böyük mitinq təyin etdi. Ancaq Çauşesku mitinqi açıb, üsyanın yatırıldığını elan edəndə kütlə qəzəbləndi. İnsanlar Kommunist Partiyasının binasına, tribunaya doğru yürüməyə başladılar. Çauşesku çıxışını yarımçıq kəsib Mərkəzi Komitənin binasına qaçmalı oldu.



Buxarestdəki iğtişaşlar bütün şəhərlərə yayıldı. Hətta Timişoarada da insanlar yenidən küçələrə çıxdı. Minlərlə fəhlənin Mərkəzi Komitənin binasına yürüşündən qorxan Çauşesku və həyat yoldaşı Yelena General Viktor Stankuleskunun yardımıyla vertolyotla qaçdı.

Ancaq.... Ordu qəfildən tərəf dəyişdirdi, Çauşeskunun vertolyotunu yerə enməyə məcbur etdi. Sonra hərbi tribunal oldu. Məhkəmə cəmi 90 dəqiqə sürdü. Çauşesku və həyat yoldaşı minlərlə insanın ölümündə və camaata zülm verməkdə ittiham olunaraq edam cəzası aldı. 1989-cu ilin milad bayramında - dekabrın 25-də hər ikisi güllələndi. «Atəş» əmrini Çauşeskunu xilas edən General Stankulesku özü verdi.



Güllələnmə kadrları bir gün sonra rumın televiziyasında göstərildi. Maykl Meyer deyir ki, insanlar artıq diktatorun olmamasına inanmırdılar. Ancaq diktatorun ölümünü görəndən sonra yenidən küçələrə çıxdılar. Cəmi bir həftə əvvəl qanına qəltan edilən insanlar Buxarest stadionundakı konsertdə kommunizmdən qurtulmalarını qeyd edirdilər.

XS
SM
MD
LG