Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:07

Ədəbiyyatın dərdi - RƏQABƏT dərdidir...


Bu aralar ədəbiyyat yenə ən çox dartışılan mövzulardan birinə çevrilib.

Amma bu dartışmalar- Ramiz Mehdiyevin məqaləsinə reaksiyalar, AYB-nin 75 illiyi ətrafında söz-söhbətlər, niyə kitab oxunmur deyə müzakirələr az sonra səngiyəcək, rəflərdə və yaddaşımızda toza qərq olacaq, unudulacaq.

Sonucda isə, həmişə olduğu kimi, heç nə dəyişməyəcək.

Ortamın dəyişməsi və daha uyğun sistemin oluşması üçün belə dartışmalar gərəklidir.

Amma gərəkli olması bu söhbətlərin illərlə eyni nöqtədə fırlanmasına haqq qazandırmır. Ortamın dəyişməsi üçün dövlətdə səmimi iradə və istək olmalıdır.

Baxın, bəzən elə məsələləri dartışırıq ki, istənilən normal ölkədə bu sualların qoyulması gülünc görünərdi.

Məsələn, alternativlər olsun-olmasın deyə baş sındırmaq yenidən velosiped kəşf etməyə bənzəyir.

İllərdir ki

ƏDLİYYƏ NAZİRLİYİ ƏDƏBİYYAT ADINA HEÇ BİR QHT-ni QEYDİYYATA ALMIR

Məqsəd AYB-yə alternativlərin yaranmasının qarşısını süni şəkildə almaqdır.

Hər şeydən əvvəl bu, kobud qanun və hüquq pozuntusudur. Ortada qeyri-rəsmi bir tapşırıq olmasaydı, nazirlik özü-özlüyündə belə açıq və illərlə davam edən pozuntuya cəsarət etməzdi.

Hər halda hətta siyasət və demokratiyayönlü QHT-lərin qeydiyyat məsələsində hakimiyyətin bunca titiz olmadığı bəllidir.

Bəs ədəbiyyata qarşı nədən belə həssas davranırlar? Nədən ədəbi alternativlərdən çəkinir və qorxurlar?

Bu qorxu ilə Ramiz Mehdiyevin məlum məqaləsindəki "bizdə ədəbiyyat niyə yaranmır" sualı arasında tərs mütənasiblik nədən xəbər verir?

HÖRMƏTLİ AKADEMİK NƏ DƏRƏCƏDƏ SƏMİMİDİR?

İnzibati aparatın rəhbəri ədəbiyyatın inkişafına yaratdıqları süni, qanunsuz inzibati əngəllərdən niyə danışmır?

Bu maneələri o yaratmayıbsa, kim yaradıb?

Bəlkə bizim bilmədiyimiz daha nəsə var? Elə isə, yaxşı olardı ki, hörmətli akademik mücərrəd və topdan fikirlərdən konkret adlara keçsin.

Ramiz müəllim 8 dekabr tarixli məlum məqaləsindən 10 gün sonra müsahibə verərək, qoyduğu sualın davamı olaraq deyir:

"Mən yaxşı bilirəm ki, ədəbiyyat inciləri və ya böyük elmi əsərlər göstərişlə, yaxud tapşırıqla ortaya qoyulmur. Bunu sovet dövründə də bilirdim, indiki müstəqillik illərində də çox gözəl anlayıram. Belə əsərləri yazmaq üçün xüsusi qabiliyyət, böyük istedad və dərin zəka tələb olunur.

Bizim insanlarımız arasında belələri, şübhəsiz ki, az deyil. Sadəcə onlara dəstək olmaq, mənəvi dayaq olmağı bacarmaq lazımdır. Bunun üçün də müvafiq elmi və ictimai qurumlar vardır.

Bax burada yaradıcı mühit olmalıdır. Əsasən də kreativ düşüncəli elmi işçilərin və yazıçıların yaradıcılıq fəaliyyətləri üçün əlverişli mühit olmalıdır.

Bazar iqtisadiyyatı şəraitində dövlət elmin və ədəbiyyatın inkişafı üçün öz töhfəsini əsirgəmir. Lakin yaradıcılıq sahəsində lazımi mühit heç də göstərişlə formalaşdırıla bilməz."

Akademik daha sonra ədəbiyyatla bağlı söhbətinə bu fikirlərlə nöqtə qoyur:

"Həqiqətən bu gün yazanlarımızın sayı çoxdur.

Amma bu, hələlik kəmiyyətlə bağlı məsələdir. Kəmiyyətdən keyfiyyətə isə birbaşa keçid yoxdur. Yazıçılar Birliyinin 1500 üzvü içərisində bütün xalqın hörmət və sevgisini qazanmış neçə yazıçı var?!

Hesab edirəm ki, bu sualın da cavabı üzərində düşünməyə dəyər. Ədəbi qəzetlər və jurnallara gəlincə, onlar sözün əsl mənasında ədəbi mühitin və prosesin formalaşmasının aparıcı qüvvələri olmalıdırlar.

Bəs bu necə, baş verirmi? Mən arzu edərdim ki, bu gün cəmiyyətimizin hər bir üzvü ədəbi qəzeti, yaxud jurnalı aldıqdan sonra onu səbirsizliklə oxumağa tələsəydi."

Sitatlardan göründüyü kimi, hörmətli akademik hələ də çıxış yolunu var olan "müvafiq qurumlar"da, daha sonra isə konkret olaraq, AYB-də, onun mətbu orqanları ətrafında axtarır. Cənab Mehdiyevin

ARZULARI NORMAL OLSA DA, YANAŞMASI DEMOKRATİK DEYİL,

alternativliyi qəbul etməkdən uzaqdır.

Oysa AYB ictimai birlik, qeyri-hökümət təşkilatıdır. Bu qurumun və onun mətbu orqanlarının dövlət büdcəsindən maliyyələşməsinin hüquqi əsası yoxdur.

Hakimiyyət Yazıçılar, Bəstəkarlar və sairə bu kimi Birliklərə heç bir açıq tender, müsabiqə keçirmədən, alternativlik və rəqabət mühiti yaratmadan birbaşa maliyyə ayırmaqla kobud qanun pozuntusuna yol verir.

Ölkədə QHT-lər haqqında, QHT-lərə Dövlət Dəstəyi haqqında qanun var, fond var. Amma bu ayırmalar həmin qanunlara da uyğun deyil. Bu, Konstitusiyaya, qanunlara, demokratik hüquqlara qarşı kobud sayğısızlıqdır.

Əlbəttə, yaradıcı qurumlara dövlət dəstəyinə qarşı deyiləm. Hətta bunu vacib sayıram. Hesab edirəm ki, məsələn, AYB-yə ayrılan 1 milyon manatlıq büdcə vəsaiti çox azdır. Amma hər şeydən öncə hüquqi ədalətin tərəfdarıyam.

Qoy öncə hüquqi baza yaradılsın və

BÜTÜN YARADICI QURUMLARA RƏQABƏT ORTAMI YARADILSIN

Konkret ədəbi qəzet və dərgilər deyil, bütün qurumların təqdim etdiyi mətbu layihələr içindən ən yaxşıları maliyyələşdirilsin.

Məsələn, "Alatoran" dərgisi, "Sənət qəzeti", "Proloq", "Ədəbiyyat naminə", "Yazar", "Bizim söz" kimi qəzetlər, "Kultaz.com", "Lit.az", "Eeeh.net" və s bu kimi portalların da tenderə qatılmaq şansları olsun.

Hər il məhz tenderin qalibləri, onların ədəbiyyatla, mədəniyyətlə bağlı ayrı-ayrı seçilmiş layihələri maliyyələşdirilsin. Çıxış yolu budur!

***

Son günlər çox danışılan mövzulardan biri də budur: Azərbaycanda niyə kitab oxunmur?

Azərbaycanda 80-dən yuxarı rayon olsa da, kitab mağazaları yalnız Bakıdadır, həm də çox az sayda. Bəs insanlar haradan kitab alıb oxusunlar?

Yadımdadır, sovet vaxtında doğulduğum Lənkəran rayonunun təkcə mərkəzində deyil, hətta iri kəndlərində də kitab mağazaları vardı. İndi biri də yoxdur.

Bəs 200 mindən yuxarı əhalisi, geniş ziyalı təbəqəsi, tələbə ordusu olan bu rayonda insanlar kitabı necə əldə etsin?

Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Əli Bayramlıda və s. şəhər və rayonlarda da eyni ortamdır. Belədə Azərbaycanda niyə kitab oxunmur sualı gülünc deyilmi?

Bax, məhz bu məsələdə dövlətin hüquqi müdaxiləsinə gərək var.

Öncə Nəşriyyatlar haqqında qanun yenidən işlənməlidir. Naşirlərə konkret şərtlərlə uzunmüddətli, faizsiz, ya da güzəştli kreditlər verilməlidir.

Məsələn, kreditlər aşağıdakı şərtlərlə verilə bilər:

- Hər il tutaq ki, 10 kitabı Azərbaycan dilinə tərcümə edib, dərc etməlidir;

- Hər il tutaq ki, vahid ekspertlər şurasının seçdiyi 10 gənc müəllifin kitabını dərc etməlidir;

- Azərbaycanın rayon və şəhərlərində kitab mağazaları açmalıdır və s.

Kitab mağazası açmaq istəyən ayrı-ayrı fiziki şəxslərə də bu kimi kreditlər ayrımaq, dövlət dəstəyi vermək labüddür.

DƏSTƏYİN BAŞQA FORMALARINI DA TAPMAQ OLAR

Məsələn, dövlət ayrı-ayrı seriyaların nəşri üçün tenderlər elan edə bilər.

Yeri gəlmişkən, hazırda işıq üzü görməkdə olan "dünya ədəbiyyatı" seriyası və ya kitabların latın qrafikası ilə yenidən nəşri kimi layihələrin icrasında da aşkarlıq gözlənilməyib.

Nədən bu seriyaların məhz filan nəşriyyatlara həvalə edilməsi, onların yayımının, abunəsinin nədən məhz filan təşkilata verilməsi kimi suallar cavabsızdır. Heç bir tender, heç bir müsabiqə keçirilməyib.

Ola bilər ki, hesabat xatirinə kağız üzərində hər şey qaydasındadır. Amma toplumun belə tender və ya müsabiqələrdən xəbəri yoxdur. Şəffaflıq olmayan yerdə inkişaf gözləntisi absurddur.

Necə deyərlər, daha bir aşkar qanun pozuntusu!

***

Sonda qeyd edim ki, mədəniyyətin digər sahələrində də problemlərin kökü eynidir.

Teatrlar yalnız bəlli dramaturqların üzünə açıqdır.

Mədəniyyət və Turizm Nazirliyi filmlərin çəkilməsi ilə bağlı dövlət sifarişlərini özlərinə yaxın, daha doğrusu, məmurların kurasiyasında olan, kağızda müstəqil prodüsser mərkəzlərinə verirlər.

Bəstəkarlat İttifaqı isə yalnız ara-sıra yubiley keçirməklə işini bitmiş hesab edir.

Hakimiyyət mədəniyyətin heç bir sahəsində alternativə, rəqabətə yer vermir.

İnzibati metodlarla, bürokratiya ilə bunun qarşısını alır.

Nəticədə yaradıcı qurumlar sözün həqiqi mənasında yaradıcı birliklərə deyil, inzibati vahidlərə çevrilərək, yarımrəsmi nazirlik funksiyalarını yerinə yetirirlər.

Bir sözlə, Ramiz Mehdiyev "xəstəliyin" nəticələrinə deyil, onun səbəblərini görməlidir.

Zahir Əzəmət,
"Kultaz.com" Mədəniyyət Portalının rəhbəri
XS
SM
MD
LG