Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

Məntəqələr hara «təhkim» edilib?


«Seçki menyusu»
«Seçki menyusu»
«Hər dairənin məntəqəsinə təhkim olunmuş icra nümayəndəsi və sponsor təşkilat var».

Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsinin üzvü Əfqan Məmmədov deyir ki, İcra Hakimiyyəti Gəncədə 4 seçki dairəsinin hər birinə qeyri-rəsmi sənəd paylayıb. Bu sənəddə hər bir məntəqəyə hansı icra strukturunun və təşkilatın təhkim olunduğu göstərilir:

ŞEF TƏŞKİLAT

«Hər bir məntəqəyə bir icra nümayəndəsi təhkim olunub, ona da konkret tələb qoyublar ki, həmin məntəqədən səs-küy çıxmamalıdır, hər şey yağ kimi getməlidir. İkincilər şef təşkilatlardır, maliyyə dəstəyi verirlər. Hər adama «levi» 100 manat pul veriləcək. Yeməkləridir, digər xərcləridir, hamısı şef təşkilatları ödəyir».

Seçki dairələrinə paylandığı iddia olunan qeyri-rəsmi sənəddəki şef təşkilatların sırasında həm dövlət qurumlarının, həm də özəl şirkətlərin, hətta «Dan Ulduzu», «Lyuks» kimi şadlıq evlərinin adlarına da rast gəlinir. Adı çəkilənlər arasında isə bu məlumatı həm təsdiq, həm də təkzib edənlər oldu.

PUL ÖDƏYƏN İCRA HAKİMİYYƏTİDİR

Məsələn, «Dan Ulduzu» restoranının müdiri Rübayil Nəsibov deyir ki, onun seçki ilə bağlı heç bir öhdəliyi yoxdur və bu cür məlumatlar əsassızdır. «Gəncə Şərab-1» ASC-nin rəhbəri Mirməhəmməd Məmmədov isə deyir ki, onlar təhkim olunduqları seçki məntəqəsinin işçilərinə hər hansı ödəniş etmirlər, onlar üçün sadəcə əlverişli iş şəraiti yaradırlar. Pul ödəyən isə icra hakimiyyətidir:

«Seçki məntəqəsində işləyənlər icra hakimiyyətinə tabedir. Onların pulu, hər bir şeyi də ordan verilir. Biz orda onlar üçün hər bir şəraiti təşkil edirik. Binamızda onlara yer vermişik, onların yeməyini, istisini, soyuğunu, stol-stulunu, bir sözlə hər bir şəraitini yaradırıq. Bizdə maaş verilmir».

BU, NƏ DƏRƏCƏDƏ QANUNİDİR?

Bəs seçki məntəqəsinin icra hakimiyyətinə tabe olması və ya hər hansı dövlət və ya qeyri-dövlət təşkilatının məntəqə işçilərinin yerini rahatlayıb,
Abil Bayramov
qarınlarını doyuzdurması nə dərəcədə qanunidir?

Hüquqşünas Abil Bayramovun dediyinə görə, bütün bunlar seçki qanunvericiliyinin tələblərinə ziddir. Qanuna görə, dövlət hakimiyyət orqanlarının və vəzifəli şəxslərin istənilən formada seçki prosesinə müdaxiləsi yolverilməzdir. Hüquqşünasın dediyinə görə, ölkədə seçkinin təşkili və keçirilməsi üçün büdcə müəyyənləşir ki, məntəqələrdəki hər cür şərait və məntəqə işçilərinin də əmək haqqı yalnız bu büdcədən ödənilməlidir:

«Dövlət hakimiyyət orqanlarının nümayəndələri səsvermə günü yalnız seçici kimi səs verdikləri hallarda seçki məntəqələrində ola bilərlər, əks halda dövlət hakimiyyət orqanlarının nümayəndələri və vəzifəli şəxslərin, icra hakimiyyəti strukturlarını təmsil edən şəxslərin seçki məntəqəsində olmasına yol verilmir və hər hansı seçki prosesinə yardım adı ilə müdaxilələrin həyata keçirilməsi yol verilməzdir».

MSK DEYİR BU, ŞAYİƏDİR

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov deyir ki, bu iddia ilə bağlı komissiyaya hər hansı şikayət daxil olmayıb, deyilənlər şayiədir.

«Şayiələri bu səviyyəyə qaldırıb ciddi predmetə çevirmək olmaz axı. Mənbəsi olar, şikayətçi olar baxarıq, qərar qəbul edərik. Əgər doğrudan da qanun pozuntusu varsa, tədbir görülər. Yoxsa kimsə belə düşünürsə, hər düşünənlə bağlı sizli bizli bir narahatlıq keçiririksə, qeyri ciddi məlumatı ciddi qəbul edib onunla ciddi məşğul oluruqsa bu bir o qədər də uyğun deyil».

Bundan öncəki seçkilərdə də qeyri hökumət təşkilatları oxşar faktlar üzə çıxarıb. Məsələn, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin mütəxəssisi Bəşir Süleymanlı deyir ki, sonuncu referendumda da əksər seçki məntəqələrinə nəzarət, onların işçilərinin qida, nəqliyyat kimi ehtiyaclarının ödənməsi rayon ərazisindəki dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlara tapşırılmışdı. Mərkəz bununla bağlı faktları toplayaraq öz hesabatlarına da daxil edib. Bəşir Süleymanlı deyir ki, budəfəki bələdiyyə seçkilərində də bu cür tapşırıqların verilməsinə dair əllərində məlumatlar var. Amma onun dediyinə görə, belə məlumatlar yalnız seçki günü öz təsdiqini tapır.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-dədir.
XS
SM
MD
LG