Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:33

Zorlayıb qətlə yetirdiyi qızı göydələnin 16-cı mərtəbəsindən atıb


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə zorlama və qətllə bağlı proses başlayıb
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə zorlama və qətllə bağlı proses başlayıb
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən 24 yaşlı Mehdi Nəcəfovun məhkəməsi keçirilir. O, bu il iyulun 22-də Bülbül prospektindəki 24 saylı binada yaşayan 29 yaşlı İnarə Əliyevanı çəkiclə qətlə yetirərək meyiti 16-cı mərtəbədən atmaqda təqsirləndirilir.

İbtidai istintaq yolu ilə müəyyən edilib ki, iyulun 22-də sübh saatlarında gözətçi binanın qarşısında meyit olması ilə bağlı polisə məlumat verib. Araşdırma zamanı məlum olub ki, bu, həmin binada yaşayan 29 yaşlı İnarə Əliyevanın meyitidir. O da bəlli olub ki, İnarə Əliyeva iyulun 21-də saat 22 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı binadakı mənzillərdən birində təmir işləri ilə məşğul olan 24 yaşlı Mehdi Nəcəfov şübhəli şəxs qismində saxlanılıb. İstintaq zamanı o, qətli boynuna alıb.

«HƏYƏCANLI OLMUŞAM, NƏ ETDİYİMİ ÖZÜM DƏ BİLMƏMİŞƏM»

Mehdi Nəcəfov məhkəmədə də cinayəti etiraf edib. Məhkəmə ifadəsində göstərib ki, İnarə Əliyevanın yaşadığı binadakı mənzillərdən birində təmir işləri ilə məşğul olurmuş. İyulun 21-dən 22-nə keçən gecə İnarə binanın liftinə daxil olarkən qıza hücum edib. Onu zorla təmirlə məşğul olduğu mənzilə aparıb. Orada qızı zorlayıb, sonra başına çəkic zərbələri vuraraq qətlə yetirib.

Cinayətin izini itirmək üçün öldürdüyü adamın üzərindəki sənədləri götürüb, meyiti 16-cı mərtəbədən atıb və hadisə yerindən qaçıb. Təqsirləndirilən şəxs hərəkətini belə izah edib: «Həyəcanlı olmuşam, nə etdiyimi özüm də bilməmişəm».

İndi Mehdi Nəcəfov adam oğurluğu, zorlama, xüsusi amansızlıqla adam öldürmə və sənəd oğurluğu, cinsi əlaqədə olduğu şəxsi QİÇS-ə yoluxdurma maddələri ilə mühakimə olunur.

Hələ ibtidai istintaq zamanı keçirilmiş ekspertiza nəticəsində təsdiqlənib ki, Mehdi Nəcəfov HİV daşıyıcısı imiş.
XS
SM
MD
LG