Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:12

İnsan haqları üçün daha bir uğursuz il...


«Ötən il insan haqları üçün uğursuz il oldu». Artıq neçə illərdir hüquq müdafiəçiləri hər keçən ilə qiymət verəndə belə deyirlər. 2009-cu ili qiymətləndirəndə də bu ifadədən istifadə etdilər. Bu ifadənin arxasında isə Azərbaycanda siyasi məhbus məsələsinin həll olunmaması, mətbuat və sərbəst toplaşma azadlığının təmin olunmaması, yeni həbslərin davam etməsi, mülki hüquq pozuntularının artması dayanır.

SİYASİ MƏHBUS MƏSƏLƏSİ HƏLL OLUNMAYIB

Səidə Qocamanlı: «Qənimət Zahidlə Eynulla Fətullayevin azadlığa buraxılmaması çox təəssüf doğurur»
«Baxmayaraq ki, jurnalist Müşfiq Hüseynov da daxil olmaqla 4 siyasi məhbus prezidentin ilin sonunda imzaladığı əfv fərmanı ilə azadlığa çıxdı, siyasi məhbus problemi həll olunmamış qaldı». Hüquq müdafiəçisi Səidə Qocamanlı deyir ki, onun da üzvü olduğu Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun siyahısında 21 nəfər siyasi məhbus qalır. O ki qaldı keçən ili uğursuz edən hadisələrə, Səidə Qocamanlı həmin hadisələri belə sıralayır:

«Çox təəssüf ki, 2009-cu il Azərbaycanda insan hüquqları sahəsində biabırçı bir faktla yadda qaldı. Bu iki bloqqerin – Adnan Hacızadə və Emin Millinin həbsiylə bağlıdır. İki baş redaktorun – Qənimət Zahidlə Eynulla Fətullayevin azadlığa buraxılmaması çox təəssüf doğurur. Alim Novruzəli Məmmədovun həbsxana xəstəxanasında vəfat etməsi isə ilə çox pis fakt kimi yazıldı. Bununla da Azərbaycan insan hüquqlarıyla bağlı hazırlanan hesabatlara öz mənfi imiciylə düşdü. Söz azadlığında irəliləyiş olmadı. Bunu, toplaşma, seçim azadlığına da aid etmək olar».

EMİN MİLLİ: «BUNDAN DA BÖYÜK ŞƏRƏF OLA BİLMƏZ»

Bloqqerlər Adnan Hacızadə ilə Emin Millinin iyul ayında həbs olunmasını yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları etirazla qarşıladılar. Onlar 2 il və 2 il yarım azadlıqdan məhrum ediləndən sonra isə beynəlxalq təşkilatlar hökuməti onları dərhal azad etməyə çağırdı. Hazırda hər iki gəncin apelyasiya şikayəti əsasında Apellyasiya Məhkəməsi araşdırmaya başlayıb. Emin Milliylə Adnan Hacızadə Apellyasiya Məhkəməsindən gözləntiləri, istintaq təcridxanasında saxlanma şəraitləri, səhhətləri haqqında mənə bunları danışdılar:

Adnan Hacızadə və Emin Milli
Adnan Hacızadə:

«Biz artıq heç nə gözləmirik. İnanırıq ki, hər şey yaxşı olub. Bundan yaxşı da heç nə gözləmirik».

Emin Milli:

«Bundan da böyük şərəf ola bilməz. İdeyalar uğrunda, dəyərlər uğrunda. Ona görə heç nə gözləmirik. Sadəcə hesab edirik ki, Avropa Məhkəməsinə getmək bizim borcumuzdur.

- Saxlanma şəraitiniz, səhhətiniz necədir?

- Yaxşı, heç bir şikayətimiz yoxdur. Səhhətiniz də qaydasındadır».

SƏRBƏST TOPLAŞMAQ AZADLIĞI XƏYALI HÜQUQA ÇEVRİLİB

Hüquqşünas Ənnağı Hacıbəylinin rəhbərlik etdiyi Azərbaycan Hüquqçular Assosiasiyası isə 2009-cu ildə sərbəst toplaşma azadlığının monitorinqini aparıb. 45 kütləvi tədbiri araşdırıb:

«Bu monitorinqlərin nəticəsi olaraq deyə bilərik ki, ölkədə sərbəst toplaşmaq azadlığı xəyali hüquqa çevrilib. Əslində sərbəst toplaşmaq azadlığının təmin olunmasına qarşı həm qanunvericilik, həm də onun tətbiqi praktikasında çox ciddi əngəllər törədilib.

Sərbəst toplaşmaq azadlığının pozulması isə daha çox bu ilin mayın 10-da Gül Bayramına etiraz edən aksiyasıyla yadda qaldı
Bu da hər şeydən əvvəl 2008-ci il mayın 30-da sərbəst toplaşmaq azadlığı haqqında qanuna edilən antidemokratik, mürtəce dəyişikliklər, Bakı şəhər icra hakimiyyətinin və rayon icra hakimiyyəti orqanlarının insanların toplaşmasına ciddi şəkildə maneçilik törətməsi, və polisin toplaşmaq istəyən şəxslərə qarşı kütləvi zor tətbiq etməsiylə bağlıdır».

Sərbəst toplaşmaq azadlığının pozulması isə daha çox bu ilin mayın 10-da, gənclərin keçmiş prezident Heydər Əliyevin doğum günüylə bağlı keçirilən Gül Bayramına etiraz edən aksiyasıyla yadda qaldı. Həmin aksiyada polis aksiyanı dağıtdı, onlarla gənc həbs olundu.

HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN DEDİKLƏRİ UYDURMADIR

Parlamentin İnsan haqları komitəsinin rəhbəri Rəbiyyət Aslanova isə ölkədə insan haqlarının qorunduğunu bildirir, bu sahədə vəziyyətin pis olması haqqında hüquq müdafiəçilərinin dediklərini uydurma adlandırır.

Bu il beynəlxalq təşkilatların Azərbaycandakı insan hüquqlarının pozulmasıyla bağlı hesabat və bəyanatlarının bolluğuyla da yadda qaldı. Jurnalistləri Müdafiə Mərkəzi, Sərhədsiz Reportyorlar təşkilatı ölkədə söz azadlığının pozulduğunu pisləyən bəyanatlar verdi. Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi isə Azərbaycana göndərdiyi xüsusi missiyasının səfərinin yekunlarıyla bağlı hesabatını açıqladı. Həmin hesabatda ömürlük həbs cəzasına məhkum olmuş məhbusların şəraitinin ağır olması, məhbusların müalicə olunduğu xəstəxananın imkanların aşağı olduğu vurğulanırdı.

«MEDİA AZADLIĞI YOXDUR»

Avropa Parlamenti isə dekabrın 16-da «Azərbaycanda ifadə azadlığı haqqında» qətnamə qəbul edib
Avropa Parlamenti isə dekabrın 16-da «Azərbaycanda ifadə azadlığı haqqında» qətnamə qəbul edib. Qətnamədə deyilir ki, Azərbaycanda son illər KİV-lərin fəaliyyəti üçün mühit pisləşib, onlara qarşı çoxsaylı məhkəmə iddiaları qaldırılıb, jurnalistlər fizik hücumlara məruz qalıblar. Bu jurnalistlər arasında qorxu hissi və özünüsenzuranı yaradıb. 2008-ci ilin sonunda ölkədə yerli tezliklərdə «Azadlıq», «Amerikanın səsi» və BBC radiosunun verilişlərinin yayımı dayandırılıb.

Qətnamə müzakirə olunanda İrlandiyadan olan deputat Co Hiqqins Azərbaycanda insan haqlarının vəziyyətini bu cür təsvir etdi:

«Media azadlığı yoxdur, son illər onlarla jurnalist həbs olunub, bəziləri döyülüb, öldürülən də var. Biz cənab Əliyevin rejimində açıq şəkildə soruşmalıyıq ki, niyə dəhşətli repressiyalar tətbiq edir. Əlbəttə, bunun səbəbi ölkədəki nəhəng korrupsiya rejimi ört-basdır etməkdir. Azərbaycanın hakim elitası sürətlə varlanır. Xüsusilə neft və qazdan. Əhalinin 90 faizi isə kasıbçılıq içində yaşayır. Azərbaycanın təbii ehtiyatlarından faydalana bilmir».

Azərbaycan parlamenti isə öz növbəsində bu qətnaməni birtərəfli adlandırdı. Bildirdi ki, Avropa Parlamenti Azərbaycanı dünya ictimaiyyətinin «gözündən salmaq» və onun ərazi bütövlüyünün bərpası üzrə haqlı işinə kölgə salmaq istəyir.
XS
SM
MD
LG