Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:38

Seçkilərin nəticələri ləğv oluna bilər


Musa Musayev

Naftalan rayonunda bələdiyyə seçkilərinin nəticələri ləğv oluna bilər. Seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuata açıqlamasında deyib ki, rayon icra hakimiyyətinin başçısı Musa Musayevin məntəqələrə gedərək prosesə müdaxilə etməsi barədə məlumatlar var. Faktlar təsdiqlənsə, qanunun tələblərinə uyğun qaydada tədbirlər görüləcək.

KOMİSSİYA NAFTALANDA SEÇKİNİN NƏTİCƏLƏRİNİN LƏĞVİNİ İSTƏYİR

Yerində araşdırma aparmaq üçün rayona ezam olunmuş, məsələ ila bağlı yaradılmış komissiyanın rəhbəri, MSK nümayəndəsi Tofiq Həsənov isə dekabrın 29-da keçirdiyi brifinqdə deyib ki, Musa Musayev seçki günü bəzi məntəqələrdə müşahidəçiləri təhqir edib, polisə onları məntəqələrdən uzaqlaşdırmaq barədə tapşırıq verib. Bu müdaxilə nəticəsində müşahidəçilər yarım saata qədər öz missiyalarını yerinə yetirə bilməyiblər. Beləliklə də Naftalan bələdiyyəsinə icra başçısının istədiyi şəxslər seçiliblər. Tofiq Həsənovun sözlərinə görə, kobud müdaxilə səbəbindən Naftalanda seçkilər pozulub və komissiya onun ləğvini məqsədəuyğun hesab edir.

MUSA MUSAYEV KOMİSSİYANIN ÇIXARACAĞI QƏRARLA RAZILAŞACAQ?

Musa Musayev isə «Bizim yol» qəzetinə açıqlamasında bildirib ki, kim nə deyir desin, bu, onların öz fikridir. O, qanunvericiliyi yaxşı bilir və seçkiyə müdaxilə etməyib. «Media forum» saytına açıqlamasında isə cənab Musayev MSK-nın düzgün qərar çıxaracağını və seçkiyə müdaxilə etməyən icra başçısı kimi həmin qərarı dəstəkləyəcəyini bildirib.

İqbal Ağazadə
Artıq siyasi dairələrdə tezliklə Musa Musayevin icra başçılığından kənarlaşdırılacağı, Naftalanda seçkilərin nəticələrinin ləğv ediləcəyi barədə söz-söhbət gəzməkdədir.

TƏK NAFTALANDAMI İCRA HAKİMİYYƏTİNİN MÜDAXİLƏSI OLUB?

Bələdiyyə seçkilərində iştirak etmiş «Ümid» Partiyasının sədri İqbal Ağazadə isə deyir ki, əslində, MSK-nın bəyan etdiyi kimi təkcə Naftalanda yox, ölkənin bütün şəhər və rayonlarında seçkilərə kobud müdaxilələr olub. Özü də bunu birbaşa icra hakimiyyətləri həyata keçiriblər:

«Dairə sədrləri kimdir ki, seçkilərə müdaxilə etsinlər. Bütün bölgələrin hamısında birbaşa icra hakimiyyəti başçıları seçkilərin gedişini və nəticələri nəzarətdə saxlayıb. Kimin hansı bələdiyyəyə də seçilməsini özləri sistemləşdiriblər».

MUSA MUSAYEV FRANS FERDİNAND ROLUNDA?

İqbal Ağazadə deyir ki, Azərbaycanda seçkiyə müdaxiləyə görə, heç kimi vəzifəsindən kənarlaşdırmırlar. Xüsusilə də icra başçılarını. Əgər Musa Musayev işdən çıxarılsa, seçki yalnız bəhanə ola bilər. Lap Birinci Dünya müharibəsinin başlanması üçün Frans Ferdinandın ölümünün bəhanə olması kimi.

Musa Musayev 2-ci çağırış Milli Məclisin deputatı olub. O hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır. 2000-2005-ci illərdə deputat olduğu müddətdə parlamentdəki çıxışları zamanı dövlətin yuxarı eşalonunda olan bəzi məmurları tənqid edirdi.

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, seçkidə müəyyən qanun pozuntularının olmasını deməklə, hakimiyyət ölkə ictimaiyyətinə və beynəlxalq aləmə guya demokratik seçkilər keçirdiyini göstərmək, gözdən pərdə asmaq istəyir.
Azər Rəşidoğlu
Onun fikrincə, bu məsələdə keçmiş deputat və YAP-ın fəal funksionerlərindən olan Musa Musayevin seçilməsi təsadüfi deyil. Çünki Heydər Əliyevin vəfatından sonra Musayevin imkanlarının xeyli daraldılması hakimiyyət daxilində ona münasibətin yaxşı olmadığını göstərirdi:

GƏRƏK BÜTÜN ÖLKƏDƏ SEÇKİLƏRİN NƏTİCƏLƏRİ LƏĞV EDİLSİN


«Onun YAP-a xidmətləri qarşısında balaca bir rayona icra başçısı göndərilməsi də təsadüfi deyildi. Sadəcə olaraq siyasətin öz qaydaları var və komanda daxilindəki narazılığı açıq şəkildə büruzə vermək olmaz. Həm seçkilərdəki qanun pozuntusuna qarşı mübarizə aparılır deyilərək gözdən pərdə asmaq imitasiyası həyata keçirilir, həm də Musa Musayevə və onun kimi hakimiyyətin içində olub hakimiyyətdən narazılıq edən insanlara bir növ mesaj verilir».

Azər Rəşidoğlu deyir ki, böyük ehtimalla vəziyyət bir qədər də şişəcək və Naftalandakı seçkilərin nəticələri ləğv olunacaq. Amma bu, seçkilərə müdaxiləyə görə yox, Musa Musayevə münasibətə görə baş verəcək. Çünki səbəb həqiqətən də qanun pozuntusu olsaydı, onda gərək bütün ölkədə seçkilərin nəticələri ləğv edilməli idi.
XS
SM
MD
LG