Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:25

Bənənyarda gördüklərim, eşitdiklərim və yaşadıqlarım


Kimsəsiz Bənənyar küçələrindən biri
Kimsəsiz Bənənyar küçələrindən biri

Bənənyar kəndindən daxili qoşunların texnikasının çıxarılmasına və polis postunun götürülməsinə baxmayaraq kənd sakinləri hələ də qorxu içərisindədirlər. Mən Bənənyar kəndinə girəndə polis postuna rast gəlməsəm də kəndin tən ortasından keçən yolun kənarında iki yerdə içərisində polis və mülki geyimli adamların olduğu iki avtomobilə rast gəldim.

Taksi sürücüsü həmin maşınlarda oturanların hamısının polis olduğunu bildirdi. Bəlkə elə buna görə idi ki, mən qonşu Əbrəqunus kəndində yol kənarında xeyli adama rast gəlsəm də, Bənənyarda icra nümayəndəsilə bir yerdə 6-7 nəfər görə bildim. İlk rastlaşdığım 84 yaşlı bir kənd sakini oldu, elə tələsik

"... Tövbə, tövbə, qəti mən getməmişəm, uşaqlarım da burda olmayıb, Bakıda olurlar. Mənim 84 yaşım var, indi çıxıram küçəyə. Camaat da bilir mənim gözüm əməliyyat olunub küçəyə çıxa bilmirəm" - deyib uzaqlaşdı.

POLİSLƏR OĞLUMU SÜRÜYƏ-SÜRÜYƏ APARDILAR

Kənddə baş verənlərdən xəbərsiz olduğunu deyən qoca ilə sağollaşandan sonra kəndin küçələrində kənd sakini tapmaq mənim üçün müşkül bir işə çevrildi. Bir neçə küçəni gəzsəm də, hasarlardan həyətə boylansam da kimsəni görə bilmədim.

Amma kəndin içərilərinə doğru gedən dolanbac küçələrdən birindəki dəmir darvazanı açıb həyətə girdim. Məni yaşlı bir qadın qarşıladı. Çox həyacanlı idi. Bakıdan, AzadlıqRadiosundan gəldiyimi deyən kimi qadın məni polislər tərəfindən doyülən oğlunun yorğan-döşəkdə yatdığı otağa apardı.

Qadının dediklərindən məlum oldu ki, hadisə baş verən gün xeyli polis onların evlərinə hücum edib. Ona, evdəki xəstə və körpə nəvələrinə baxmadan oğlunu döyə-döyə evdən aparıblar. Nə qədər yalvarsa da, oğlunun Bakıdan yenicə gəldiyini desə də ona əhəmiyyət verilməyib.

"...Oğlum bir aydan çox idi ki, Bakıda idi kəndə Aşuradan üç gün sonra gəlib. Əlində bileti də var. Polislər qapıdan girdilər, uşaqların yanında, o uşaq da laldır, danışa bilmir (qadın odun sobasının yanında küncə sıxılıb oturan 10-12 yaşlı oğlan nəvəsini göstərir). Heç nəyə baxmadan oğlumu ayaqyalın sürüdülər qonşu Usubalıgilin evinə qədər. Mən də ayaqyalın qaçdım dalınca. Aparıblar məktəbin yanında meydan var orda döyüblər.

BƏNƏNYAR SAKİNLƏRİNİN "DESƏM ÖLDÜRƏRLƏR, DEMƏSƏM ÖLƏRƏM" DİLEMMASI

Amma hərdən söhbətə müdaxilə edən oğul döyülmədiyini, sadəcə yıxılıb əzildiyini deyir və anasını da danışmağa qoymurdu. Elə bu səbəbdən də oğlunun polislər tərəfindən döyülməsindən, ayağının sınmasından, qabırğalarının, sinəsinin əzilməsindən danışan qadın hərdən şikayətlərinə heç nə bilmədiyini, heç bir şey görmədiyini də əlavə edirdi.

"..Nə olub, daş atıblar, ya atmayıblar, polisə kim gedib, kim getməyib biz onları bilmirik".


Yataqda sakitcənə uzanan oğluna baxıb nə fikirləşidridsə, yenidən ürəkağrısı ilə söhbətə davam edirdi. Bənəyardakı polis əməliyyatını təsdiq edir, oğlunun danışmağa qorxduğunu bildrirdi.

- Polis çox idi, neçə dəstəydi.

- Bəs siz demədiniz ki, niyə girmisiz evə?


- Mən gəldim, bax qapını belə açdım, oğlum mənim arxamda idi. Polislər onu itqusdu elədilər, atdılar bayıra.


- Polis çox idimi?


- Nə bilim, mən anayam həmin vaxt özümü öldürürdüm. Nə bilim, hər nə olub-olub. Biz hökümətlə hökümətlik eləmiyəcəyik ki...

HADİSƏ ZAMANI XƏSARƏT ALANLARA TİBBİ YARDIM BELƏ GÖSTƏRİLMƏYİB

Kənd sakinləri harasa şikayət etməyin də mənasız olduğunu deyirlər.


- Bəs harasa şikayət etməmisiz ki, misal üçün prezidentə və ya harasa ?


- Yox, heç yerə, heç belə sınıqçı da gətirmədim. Qətiyyən şikayət etmək fikirimiz yoxdur.


Oğlunun ağır xəsarət almasına baxmayaraq ana qorxudan həkimə də müraciət etməyib.


"...Biz həkimə demədik. Nə lazım. Onsuz da bu belə gəlib belə də gedəcək. Biz nə edə bilərik özləri bilər. Lap vurdular bizi öldürdülər, şikayətimiz yoxdur".

KƏND SAKİNLƏRİ BUNDAN SONRA KÜÇƏYƏ DƏ CIXMAYACAĞIQ DEYİRLƏR

“...Bax bu camaatımız heç küçəyə də çıxmasın. Əlac nədir? Mən uşağımı niyə qoyuram ki, getsin küçəyə səs-küydə olsun. İndi o dövr deyil. Bundan sonra məclislərə özüm gedib-gələcəm, balalarımı qoymaram. Heç küçəyə də çıxmağa qoymaram. Nəyə çıxır axı bu soyuqda? Bakıda iş olsa, gedəcək işləməyə. Olmasa, nəyə çıxır küçəyə?”

Yaşlı bənənyarlı qadının söhbətindən sonra mənə kəndin küçələrində adam tapmaqda çətinlik çəkdiyimin səbəbləri aydın oldu. Mikrofona danışmaqdan imtina edən daha bir kənd sakini isə “siz jurnalistlər hələ uzun müddət Bənənyar küçəklərində adam tapa bilməyəcəksiz ”deyib həm də mənə kənddən tez çıxıb getməyi məsləhət gördü.

BƏNƏYAR İCRA NÜMAYƏNDƏSİ ÖZÜNÜ TELEFONDA POLİS KİMİ TƏQDİM EDİR

Kəndin daha bir neçə yerinə baş çəkmək istəyirdim. Amma taksi sürücüsünün mobil telefonuna gələn bir zəng bütün planlarımızı dəyişdi. Məlum oldu ki, polis rəisi sürücüyə maşını saxlamaq göstərişi verib. Beləcə Bənənyardakı köhnə şərab zavodunun yanındakı mağazanın qarşısında maşını saxlayıb polisi gözləməyə başladıq.

Amma 10-15 dəqiqədən sonra polis yox, kəndin icra nümayəndəsi Şahbaz müəllim gəlib çıxdı. Dediyinə görə, məni çoxdan izləyirmişlər və yuxarıların da əvvəlcədən xəbəri var imiş.

Bu arada mağaza qarşısında dayanan bir-neçə kənd sakinilə söhbət etmək imkanı yarandı. Bənənyara zülm edildiyini, amma baş verənlər barədə artıq nəsə danışmağa qorxduqlarını dedilər.

Sakinlərin dediyinə görə, vəziyyət elə bir həddə çatıb ki, hamı bir-birindən şübhələnir. Kənd sakinlərinin deməsinə görə, kəndə daxili qoşun hissələri və polis yeridilən zaman bir neçə yerdə hasarlar, evlər və mağazalar uçurulub, kənddə döyülməyən adam qalmayıb. Hələ də dörd nəfər həmkəndlilərinin həbsdə olduğunu deyən sakinlər onu da bildirdilər ki, gərginlik aradan qalxsa da kənddə qorxu və sükut hələ də davam edir.

BURADA SUALLARI MƏN VERİRƏM

Mənin sənədlərimi yoxlaya-yoxlaya haqqımda öyrəndiklərini mobil telefonla harasa ötürən icra nümayəndəsi öz işindən çox razı görünürdü. Bir qədər sonra özünün dediyindən məlum oldu ki, bayaqdan o mənim haqqında məlumatları Culfa rayon icra hakimiyyətinin başçısına çatdırırmış.


Mənim çoxsaylı suallarımın heç birinə cavab verməyən Şahbaz müəllim bütün hərəkətləri ilə məni başa salırdı ki, burada sualları o verir. Mənim Naxçıvana gəlməyim barədə yuxarılara məlumat verib-verməməyimlə maraqlandı.


Naxçıvana tarixi abidələrlə bağlı reportaj hazırlamağa gəldiyimi və sonda rayon mədəniyyət şöbəsinə baş çəkəcəyimi dedim. Bu vaxt Şahbaz müəllimin telefonuna gələn zəng onu əməlli-başlı əsəbləşdirdi. Dərhal polisə zəng edən Şahbaz müəllimin danışığından məlum oldu ki, bir neçə dəqiqə əvvəl anonim nömrədən zəng edən adam ona hədə-qorxu gəlib.

BAKIYA QAYIDANDA

Başı özünə qarışan icra nümayəndəsi bir neçə dəqiqədən sonra sənədlərimi mənə verib, məsləhət gördü ki, Culfa rayon icra hakimiyyətinə yox, birbaşa Naxçıvan şəhərinə gedib oradan icazə alım. Onda başa düşdüm ki, Şahbaz müəllim "yuxarılar" deyəndə haranı nəzərdə tuturdu.

Mən isə Bakıya qayıtmaq üçün birbaşa hava limanına getməyə qərar verdim.

Amma bundan sonra da təqiblər kəsilmədi. Bənənyar kəndindən bir qədər uzaqlaşmışdıq ki, yenidən sürücünün mobil telefonuna zəng edildi və məlum oldu ki, bu dəfə polis bizim dayanmağımızı tələb edir.

Amma bir qədər sonra nə oldusa polis yenidən zəng edib problem olmadığını deyib yola davam etməyimizi məsləhət gördü.

Və nəhayət, Naxçıvan aeroportundakı çoxdankı “tanışlarım”

Bilet almaq üçün kassaya yaxınlaşıram, hava limanının işçilərindən biri problem olmadığını, amma 75 manatlıq bilet üçün 80 manat verəcəyimi deyir. Bileti alandan yarım saat sonra həmin şəxs başqa bir əməkdaşla mənə yaxınlaşıb məni çoxdan tanıdıqlarını, Azadlıqradiosunun müxbiri olduğumu bildiklərini dedirlər. Elə bu sözlərdən sonra da məndən alınan beş manat artıq pul özümə qaytardılar.

Beləcə Bənənyara ilk səfərimi başa vurub Bakıya qayıtdım. Öz qiymətinə...

XS
SM
MD
LG