Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:55

«Economist Intelligence Unit»in qarşıdakı iki il üçün Azərbaycan proqnozları


İlham Əliyev ən azı 2013-cü ilin prezident seçkilərinə qədər öz vəzifəsini saxlayacaq
İlham Əliyev ən azı 2013-cü ilin prezident seçkilərinə qədər öz vəzifəsini saxlayacaq
DAXİLİ SİYASƏTDƏ

Prezident İlham Əliyev ən azı 2013-cü ilin prezident seçkilərinə qədər öz vəzifəsini saxlayacaq.

Bu yaxınlarda dəyişdirilmiş və hazırda qüvvədə olan Konstitusiya cənab Əliyevin 2013-cü ildə - ikinci dövr prezidentlik müddətinin başa çatmasından sonra da bu posta seçilmək imkanlarını saxlayır. Konstitusiyaya edilmiş dəyişiklik nəzəri olaraq, onun ömürlük prezident ola bilməsinə imkan verir.

Son illər inkişaf tendensiyasının davam edəcəyi proqnozlaşdırıldığından cənab Əliyevin siyasi elitada öz dəstəyini təmin etməsi və qruplar üzərində nəzarətini saxlayacağını da söyləmək mümkündür. 2010-11-ci illərdə daxili siyasi çəkişmə gözləntiləri azdır.

BEYNƏXLAQ SİYASƏTDƏ

2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında müharibə, Türkiyə ilə Ermənistan arasında normallaşma cəhdləri və Azərbaycanın enerji sektoruna Avropa Birliyi və Rusiyadan artan maraq fonunda yaranan geosiyasi şərait Azərbaycana xarici siyasət balansını saxlamaqda çətinliklər vəd edir. Elə indinin özündə Azərbaycan yeni enerji layihələri imzalamaq üçün Qərbin, bu layihələrdən imtina və Moskva ilə daha sıx enerji əməkdaşlığı yaratmaq üçün də Rusiyanın sərt təzyiqləri altındadır. 2010-11-ci illərdə Azərbaycanın enerji qaynaqları üstündə Avropa Birliyi və Rusiya arasında rəqabət daha da güclənəcək.

Azərbaycan Ermənistanla münaqişədə Rusiyanın dəstəyini ala bilmək üçün Moskvaya daha sıx enerji əməkdaşlığı vədlərini davam etdirəcək. Eyni zamanda, Azərbaycan qazını Rusiyaya satmaq arqumenti ilə Türkiyəyə təzyiqlərini davam etdirəcək. Bakı həm də çalışacaq ki, Ankara Qarabağ məsələsində ona verdiyi dəstəkdən çox da geri addım atmasın.

İQTİSADİ PROQNOZLAR


Real Ümumi Daxili Məhsul (ÜDM) artımı 9.1 % səviyyəsində qalacaq. 2010-cu ildə neft hasilatının artırılması və neftin qiymətlərində bir qədər yüksəliş hesabına ÜDM artımı 9.7% olacaq. 2011-ci ildə isə beynəlxalq bazarda neftin qiymətinin düşməsinə görə Azərbaycanda ÜDM artımı da 9.4 %-ə enəcək.
İşsizliyin səviyyəsinin 2010-cu ildə sabit qalacağı, 2011-ci ildə isə bir qədər arta biləcəyi gözlənir.


İNFLYASİYA


2008-ci ildə ölkədə inflyasiyasının səviyyəsi son 10 ildə ən yüksək səviyyəyə - 20.8 %-ə çatmışdı. Amma 2009-cu ildə inflyasiyanın 1.6 % olduğu elan edildi. Keçən il malların qiymətində enmə və inflyasiyada aşağı göstəricilər olmuşdu. 2010-2011-ci illərdə enerji qiymətlərinin yüksəlməsi tələbatı da artıracaq və ölkədə qiymətlər qalxacaq.

2010 və 2011-ci illərdə təxminən inflyasiyanın 6.5 % civarında olacağını gözləmək mümkündür.

VALYUTA MƏZƏNNƏLƏRİ

Manatın dollarla müqayisədə 2010-cu ildə sabit – 1$ = 0.8 manat səviyyəsində qalacağı, amma 2011-ci ildə başqa valyutalara nisbətən dəyərini möhkəmləndirəcəyi gözlənir. 2011-ci ildə 1 ABŞ dollarının 0.78 manat olacağı proqnozlaşdırılır.

Dünya ölkələrinin siyasi və iqtisadi həyatına dair proqnozlar hazırlayan «Economist Intelligence Unit» Londonda yerləşir. 60 ildən çoxdur araşdırmalar aparan bu təşkilatın dünyanın 40 ölkəsində də ofisləri var. Təşkilat ölkələrdə sənaye, iqtisadiyyat, siyasət və idarəetmə sahəsində araşdırmalar aparıb proqnozlar və təhlillər təqdim edir.

XS
SM
MD
LG