Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:25

«20 yanvar faciəsinin günahkarları Haaqa tribunalına çıxarılmalıdır»


Hacı Allahşükür Paşazadə
Hacı Allahşükür Paşazadə
Yanvarın 18-də Qafqaz Müsəlmanları İdarəsində ölkədəki bütün dini icmaların və həlak olmuşların ailələrinin iştirakı ilə keçirilən tədbirdə müraciət qəbul olunub.

Müraciətdə Azərbaycan vətəndaşlarının hüquq və qanuni mənafelərinin müdafiəsini təmin edən ali orqan kimi Milli Məclisdən Beynəlxalq Haaqa Məhkəməsi qarşısında vəsatət qaldırılması xahiş edilir.

«20 yanvar 1990-cı il tariximizdə törədilmiş qanlı qırğın hadisələrinin səbəbkarları və əli Azərbaycan xalqının qanına batmış Haaqa Beynəlxalq Məhkəməsinə verilməsi üçün vəsatət qaldırmağınızı xahiş edirəm. Azərbaycan xalqının tam mənəvi haqqı var ki, Mixail Qorbaçovu, onun əlaltılarını və sapı özümüzdən olan baltaları məhkəməyə cəlb etsin».

Müraciəti iştirakçıların diqqətinə çatdıran Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə hesab edir ki, bu, hadisənin 20-ci il dönümündə onun qurbanlarının ruhlarına ən böyük tövhə olacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, YAP-dan olan deputat Mübariz Qurbanlı isə tədbirdəki çıxışı zamanı deyib ki, «biz 20 yanvar hədisələrindən ibrət dərsi almalıyıq. Ən böyük ibrət dərsi odur ki, Azərbaycanda siyasi hakimiyyət heç zaman naşı insanların əlinə keçməməlidir».

Mübariz Qurbanlının fikrincə həmin dövrdə Azərbaycan xalqının ruhu ölmüşdü. Ona ən çox ruh verən Heydər Əliyevin «Amerikanın səsi» radiosu ilə müraciəti olub. Bu çıxış Azərbaycan xalqının ruhunu özünə qaytarıb.

Tədbirdə çıxış edənlərin bəziləri 1990-cı il 20 yanvar hadisələrinin dünyaya çatdırılmasında xarici radiostansiyaların rolunu vurğulasalar da konkret olaraq bu radioların adlarını çəkən olmayıb.

2009-cu il yanvarın 1-dən Azərbaycanda fəaliyyət göstərən radiostansiyalar Azərbaycan hökumətinin qərarı ilə FM tezliyində fəaliyyətini dayandırıb.

Bir qrup şəhid ailəsi isə KİV vasitəsi ilə prezident İlham Əliyevə və onun xanımı, deputat Mehriban Əliyevaya müraciət edərək 20 yanvar hadisələrinin qurbanlarına milli qəhrəman adı verilməsini xahiş edirlər.

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN BURA DAXİL OL
XS
SM
MD
LG