Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:37

«Nurçu»luğu qadağan edən hər hansı bir hüquqi norma yoxdur»


«Nurçu»ların lideri Türkiyə vətəndaşı Fətullah Güləndir
«Nurçu»ların lideri Türkiyə vətəndaşı Fətullah Güləndir
Yanvarın 25-də Sumqayıt polisinin bir evdə tutub bölməyə gətirdiyi 80 nəfərdən heç birinin saxlanma müddəti uzadılmayıb.

Sumqayıt şəhər Polis İdarəsinin növbətçi hissə rəisi Rəsul Məmmədov AzadlıqRadiosuna bildirib ki, saxlananlar «Nurçu» təriqətinə mənsubdurlar və onlar dini ədəbiyyat oxuyub, müzakirə edirmişlər. Polis zabiti deyir ki, onlar dini qurumların yaradılması və fəaliyyəti qaydalarını pozublar:

«148 KİTAB EKSPERTİZA ÜÇÜN KOMİTƏYƏ GÖNDƏRİLİB»

- Qadir Paşayev adlı şəxs qardaşı İlqar Paşayevin evində «Nurçu»ların yığıncağını təşkil edib. Ona görə də onun haqqında İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsi üzrə protokol tərtib olunub və məhkəmə orqanlarına təqdim edilib. Həmin evdən müsadirə edilən 148 ədəd kitab da ekspertiza üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə baş verən olayı Azərbaycanda insan haqlarına sayğısızlığın nümunəsi sayır. Onun fikrincə, bir qrup insanın hansısa məkanda toplaşıb kitab oxumasında, ya da ibadət etməsində heç bir qanun pozuntusundan söhbət gedə bilməz:

«NURÇU»LUĞU QADAĞAN EDƏN HƏR HANSI BİR HÜQUQİ NORMA YOXDUR»

- Azərbaycan Konstitusiyası vətəndaşlara sərbəst toplaşmaq və vicdan azadlığı verir. Dinc insanların evinə gəlib, onları öz dünyagörüşlərilə bağlı müzakirələr apardıqları üçün polisə aparmaq, təqib etmək yolverilməzdir. Ölkə qanunlarında «Nurçu»luğu qadağan edən hər hansı bir hüquqi norma olmadığı üçün polisin hərəkətlərini qanunsuz sayıram. Bu, həm də islamafobik yanaşmadır.

Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu
Hüquqşünas Elman Osmanov da bildirir ki, ölkə qanunları vətəndaşların dövlət və cəmiyyət üçün hər hansı təhlükə yaratmayan toplantılar düzənləməsinə qadağa qoymur:

«BU, POLİSLƏRİN QANUNLARDAN XƏBƏRSİZ OLMASINI GÖSTƏRİR»

- Ölkəyə gətirilməsi yasaqlanan dini ədəbiyyatın siyahısı gömrük orqanlarında var. Əgər müsadirə edilən kitablar ölkəyə gətirilərkən deyil, ölkə içərisində tutulubsa, deməli, onlar yasaqlanan dini ədəbiyyat siyahısında deyil. Başqa bir tərəfdən, Azərbaycan qanunları «Nurçu»luğu qadağan etmir. Polisin bu şəxsləri məhz dini baxışlarına görə həbs etdiyini bildirməsi polislərin qanunlardan xəbərsiz olmasını göstərir. Bu, kiminsə şifahi sifarişi ilə baş verib. Məqsəd isə vətəndaşların bir yerə toplaşmasına imkan verməməkdir.

«Nurçu»lar özlərini bu adla təqdim etmirlər. Bu səbəbdən onlarla təmas yaratmaq çox zaman baş tutmur. Azərbaycan mətbuatı «Nurçu»luğun daha çox ölkədəki türk məktəblərində yayıldığını yazır. Yüksək təhsili ilə seçilən bu məktəblərin şagirdləri sonradan təhsillərini Avropa və Amerikada davam etdirirlər. «Nurçu»luğun əsasını da təriqətin başçısı hesab olunan Səid Nursi 19-cu yüzilin sonlarında Türkiyədə qurub.

«ONLAR HƏR BİR İNSANI ALLAHIN NURU SAYIR»

«Turan» İnformasiya Agentliyinin şərhçisi Tofiq Türkel isə deyir ki, inkar edənlər olsa da, «Nurçu»luq İslama bağlı dini təriqətdir:

- Təriq yol, təriqət isə yol gedənlər deməkdir. Bu insanların dini baxışları da İslamın müqəddəs kitabı Quranın «Nur» surəsinə əsaslanır. Onlar hər bir insanı Allahın nuru sayır. Təriqətləri yüksək elmə, mədəniyyətə əsaslanır.

Tofiq Türkelin sözlərinə görə, təriqətçilik bəzən bölücülük kimi qələmə verildiyindən «Nurçu»lar bu cür təqdim edilmələrini arzulamırlar.

İndi «Nurçu»ların lideri Türkiyə vətəndaşı Fətullah Güləndir. Gülən Türkiyə dövlətinin təməl prinsiplərinə təhlükə yaradan çıxışlarına görə haqqında cinayət işi qaldırılandan sonra Türkiyəni tərk edərək ABŞ-a sığınıb. Türkiyə mətbuatı barəsində məhkəmə hökmü ləğv edilsə də, onun hələ də ölkəyə dönməkdən ehtiyatlandığını yazır. Fətullah Gülənin 25 milyard dollarlıq böyük maliyyəyə də nəzarət etdiyi bildirilir.
XS
SM
MD
LG