Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:05

Avronun ölüm təhlükəsi


Avro çətin günlər yaşayır
Avro çətin günlər yaşayır

Cəmi 11 ildir tədavülə buraxılan Avropa valyutası – avro çətin günlər yaşayır. Hətta qlobal maliyyə böhranı haqda hələ çox-çox əvvəldən xəbər verdiyi üçün məşhurlaşan maliyyə eksperti Nuriel Rubini Davos forumunda olarkən avronun ölümündən, avrozonanın dağılmasından bəhs eləyib

YA AVRO ÖLÜR, YA AVROZONA DAĞILIR...

Cəmi 11 ildir tədavülə buraxılan Avropa valyutası – avro çətin günlər yaşayır. Qlobal maliyyə böhranı haqda hələ çox-çox əvvəldən xəbər verdiyi üçün məşhurlaşan maliyyə eksperti Nuriel Rubini Davos forumunda olarkən hətta avronun ölümündən, avrozonanın dağılmasından bəhs eləyib.

DONUZLARIN ÜZÜNDƏN

Avropalıların fikrincə, səbəb "donuzlar"dır...Yəni ingiliscə PİİGS. Avrozonanı təhlükə altında qoyan 5 Avropa ölkəsinin – Portuqaliya, İtaliya, İrlandiya, Greece (Yunanıstan) və Spain (İspaniya) - baş hərflərindən ibarət olan bu ifadə bu günlərdə həm də Avropanı iqtisadi sarıdan geri çəkənlər mənasi verir. .

Bu 5 ölkənin hamısı avrozanın üzvü olsa da, iqtisadiyyatlarının, daha doğrusu, maliyyə büdcələrinin durumu avronu ciddi təhlükəyə salır.

YUNANISTANDA DEFOLT...

Xüsusən də, Yunanıstanda vəziyyət gərgindir. Ölkə büdcəsinin kəsiri Ümumi Daxili Məhsulun (ÜDM) 12.7 faizini keçib. Borc isə 300 milyard dollara yaxındır, ölkənin ÜDM-indən də çox.

Artıq xarici investorlar bu durumdan vahiməyə düşüb və ölkənin müflisləşməsindən qorxurlar – hökumətin ödəmə qabiliyyətini itirib defolta düşməsindən. Bu baş verərsə 16 ölkənin ortaq valyutası olan avroya da pis təsir edəcək.

ÖTƏN HƏFTƏ AVRONUN BELİNİ QIRDI

Artıq ötən həftə Yunanıstanda vəziyyətlə bağlı xəbərlərlə bağlı avro dollara nisbətən son altı aydakı ən aşağı səviyyəyə qədər ucuzlaşdı. 1 avro cəmi 1.38 dollar həndəvərində idi..

Avropa Mərkəzi Bankı
Bir çox şərhçilər kimi, Londondakı Avropa İslahatlar Mərkəzinin iqtisadçı-analitiki Simon Tilfordun fikrincə, bunun nəticələri çox ağır ola bilər: «Yunanıstanın borcu ucbatından defolta düşməsi riski var. Bu çox real təhlükədir və gerçəkləşsə, nə olacağını demək çətindir».

AVROPA BİRLİYİ ACİZDİR

Ancaq Avropa Birliyinin icra qurumu - Avropa Komissiyası və Avropa Mərkəzi Bankı bu problemi həll eləməkdə acizdir. Çünki Avropa Birliyinin vahid valyutası olsa da, vahid maliyyə sistemi, büdcəsi yoxdur.

16 dövlətin hər biri öz iqtisadi və maliyyə siyasətini həyata keçirir, Avropa Mərkəzi Bankı isə onlara ancaq tövsiyə verə bilir, tövsiyəni yerinə yetirməyə məcbur edə bilməz.

BÖHRANDAN ÇIXMAQ ÜÇÜN AMANSIZ PLAN

Fevralın 3-də Avropa Komissiyası Yunanıstanın Baş naziri Georgi Papandreunun maliyyə defoltuyla mübarizə planını təsdiqlədi. Komissiya bu planı çox çətin adlandırsa da, real sayır.

Amma məsələ ondadır ki, plan doğrudan da çox sərt və amansız görünür. Çünki planda maaşların aylarla verilməməsi, borcdan qurtulmaq üçün nələrinsə satılması, layihələrin dayandırılması və əmanətlərin dondurulması kimi çox ağır tədbirlər var. Və bu tədbirləri praktikada necə gerçəkləşdirmək özü elə də real görünmür.

Fevralın 4-də Avropa Mərkəzi Bankının avronun faiz dərəcəsini artırmaması və 1 faizdə saxlaması gözlənilir. Bu isə Avropanın PİİGS adlandırılan dövlətləri üçün daha sərfəli səviyyədir.

PLAN ALINMASA NƏ OLACAQ?

Amma birdən plan alınmasa, onda nə olacaq? Avropa Mərkəzi Bankı istəsə də defoltla üzləşən dövlətə pul ayıra bilməz. Yeganə ümid yeri Birlik üzvü olan hansısa dövlətlərin borc verməsi ola bilər. O da, verərsə…Çünki 5 dövlətdən biri borc alarsa, digərləri də ələbaxımlığa öyrəşib, qənaət etməyi düşünməyəcək.

Problemin İspaniya və Portuqaliyaya yayılma riski çox böyükdür
Londandan maliyyə analitiki Neil MakKinnon: «Bu problemin regionun digər ölkələrinə, İspaniya və Portuqaliyaya yayılma riski çox böyükdür. Çünki onların da büdcə kəsiri ilə bağlı eyni problemləri var və bu, daxili bazarlarında böyük çətinliklər yaradır».

Düzdür, hələ ki, bəzi ölkələrin siyasi rəhbərlikləri iqtisadi reallıqları etiraf etmək istəmir. Məsələn, Portuqaliyanın Baş naziri Yunanıstanla eyni siyahıda göstərilmələrini «gülünc bənzətmə» adlandırır.

Amma Portuqaliyanın büdcə kəsiri 9.3 faizdir, normadan 3 dəfə çox. Digər ölkə olan İrlandiyanın kəsiri 11.7 faizə çatıb.

Ancaq ən qorxulu problem heç də avrozonada payı kiçik olan Yunanıstan, İrlandiya və Portuqaliya deyil.

ƏN QORXULU PROBLEM HƏLƏ QABAQDADIR

Ekspertlər daha çox defolt probleminin İtaliya və İspaniyanı ağşuna almasından çəkinir. Çünki daxili borcu artıq ÜDM-in 120 faizi olan İtaliya və bir neçə il öncə Avropa Birliyinin inkişaf edən ölkəsi olan, indisə böhranın yıxdığı İspaniya avrozona üçün daha böyük təhlükədirlər.

Böhrandan əvvəl tikinti bumu yaşayan İspaniya iqtisadiyyatı çokdü, işsizlik 19, büdcə kəsiri isə 11 faizə yüksəldi.

İndi bir çoxları Yunanıstandakı böhranın bu ölkələrə sıçraması halında doğrudan da ya avrozonanın dağılması, PİİGS qrupundakı dövlətlərin avrozonadan çıxarılması, ya da avronun ölməsi proqnozlarını ciddi qəbul etməyə başlayır.
XS
SM
MD
LG