Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:52

«Toyota»ya minmək təhlükəlidir?


«Toyota Corolla»
«Toyota Corolla»
«TƏHLÜKƏSİZLİK, ETİBARLILIQ VƏ KOMFORT» DEVİZİ ZƏRBƏ ALTINDA…

«Təhlükəsizlik, etibarlılıq və komfort». Yaponiyanın «Toyota» avtomobillərinin devizi beləydi. İndi də belədir, ancaq «Toyota» avtomobillərinin öncə qaz pedalında, indisə əyləc sistemində problem aşkarlanmasıyla vəziyyət dəyişib.

Yanvarın 21-də «Toyota» dünyada təxminən 8 milyona yaxın maşının təmirə ehtiyacı olduğunu bildirdi.

PROBLEMİ NECƏ HİSS ETMƏK OLAR?


«Toyota»nın Amerika nümayəndəliyinin rəhbəri Cim Lenz: «Birincisi, bu, çox nadir hallarda baş verə bilər. Amma qaz pedalı sıxılandan sonra geriyə bir az gec qayıdırsa və ya arada ilişirsə, dərhal «Toyota» satış mərkəzinə müraciət edin. Bu, baş verməyibsə, o zaman sadəcə, Toyota.com saytına daxil olub, hansı maşınlarda bu qüsurun ola biləcəyi barədə ətraflı məlumat əldə edin».

HANSI MODELLƏRDƏ QAZ PEDALI PROBLEMİ VAR

«Toyota»nın internet saytlarında bildirilir ki, bu problem 2004-2010-cu illər arasında istehsal olunan «Avalon», «RAV4», «Camry», «Sequoia», «Corolla», «Tacoma», «Highlander», «Tundra», «Matrix», «Venza», «Prius», AYGO, IQ, «Yaris», «Auris» və «Avensis» modellərində ola bilər.

«TOYOTA» BU MAŞINLARI TƏMİR EDƏCƏYİNƏ SÖZ VERİR

«Toyota» konserni bu modellərin sahiblərindən ərazilərindəki dilerə müraciət etmələrini istəyir. Problem konsernin hesabına aradan qaldırılacaq. «Toyota» lazımi detalın cəmi yarım saata dəyişdiriləcəyinə söz verir. Üstəlik, avtomobillərdəki qüsurlar aradan qaldırılanadək satışlar da dayandırılacaq.

«TOYOTA» AZƏRBAYCANDAN SƏS ÇIXMADI


«Toyota»nın birjalardakı dəyəri 34 milyard dollar düşüb
Azərbaycandakı «Toyota» nümayəndəliyinin internet saytına müraciət etdik, amma həmin saytda avtomobillərin geri çağırılması haqda elan və ya məlumat yoxdur.

Səhifənin yenilənməməsi ehtimalını nəzərə alıb, telefon vasitəsilə əlaqə saxlamaq istədik. Amma dəstəyi götürən olmadı.

ABŞ NƏQLİYYAT DEPARTAMENTİ «TOYOTA»DA ƏYLƏC PROBLEMİNİ ARAŞDIRIR


Amerikanın Nəqliyyat Departamenti bu problem üzündən son 10 ildə 19 nəfərin öldüyünü təsdiqləyib. Nəqliyyat Departamenti həmçinin, «Toyota» modellərindəki başqa bir problem haqda da araşdırmaya başlayıb. «Toyota»nın «Hybrid Prius» modelində sürüşkən yollarda əyləcin 1 saniyə gec işə düşməsi və ya tutmamasından şikayətlər var.

ABŞ Nəqliyyat Departamentinin rəhbəri bildirib ki, indi məsələni araşdırırlar, ehtimallar təsdiqlənsə, «Toyota»nı cərimələyə də bilərlər.

«TOYOTA»NIN BİRJA DƏYƏRİ 34 MİLYARD DOLLAR DÜŞÜB

Bütün bu xəbərlərdən sonra «Toyota»nın birjalardakı dəyəri 34 milyard dollar düşüb.

«Toyota»nın 2009-cu il üçün təmiz gəliri 80 milyard yen (897 milyon dollar) olmalıydı. Amma son 6 ildə buraxılan avtomobillərin bazardan yığılıb təmir edilməsi konsernə 100 milyard yenə (1.12 milyard dollar) başa gələcək.

Akio Toyoda baş əyməklə üzr istəyir
Fevralın 5-də «Toyota» konserninin rəhbəri Akio Toyoda jurnalistlərin qarşısında baş əyməklə üzr istəyib və şirkətin müştərilərin etimadını qazanmaq üçün hər şey edəcəyini deyib.

Bu tədbirlərin arasında yeni texniki nəzarət komissiyasının yaradılması və şikayətlərin daha ciddi araşdırılması da var.

«PEUGEOT» VƏ «CITROEN» DƏ MAŞINLARI YIĞIR, «LEXUS»LAR DA ŞÜBHƏ ALTINDADIR

Qaz pedalı və əyləc sistemindəki problemlər təkcə «Toyota»nın başını ağrıtmır. «Toyota»nın Amerika bazarı üçün istehsal etdiyi «Lexus» avtomobillərində də əyləc sistemində eyni problemin olması haqda şübhələr var. İndi bu modellərdə də araşdırmalar aparılır.

Amma «Toyota»nın Çexiyadakı TPC zavodunda maşın buraxan «Peugeot-Citroen» konserninin də artıq iki modelində eyni problem aşkarlanıb. Fransız konserni 100 minə yaxın «Citroen C1» və «Peugeot 107» avtomobillərini bazardan çıxararaq təmir edəcəyini bildirib.
XS
SM
MD
LG